AZ

Kiçik və böyük summativlər ləğv edilir?..Nazir açıqladı...

Image

Cahid İmanlı: “İmtahanların sayını azaltmaq yox, onları məktəbin və müəllimin özünə qaytarmaq lazımdır” 

Orta məktəblərdə kurikulumun tətbiqindən sonra, ibtidai siniflərdə belə, tez-tez kiçik summativ qiymətləndirmə (KSQ), rübün yekununda isə böyük summativ qiymətləndirmə (BSQ)  aparılır.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur: “Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir”. 

Qeyd etdiyimiz kimi, orta məktəblərdə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün vaxtaşırı olaraq qiymətləndirmə imtahanları - BSQ və KSQ-lər keçirilir. Maraqlıdır, məktəblərdə imtahanların sayı azaldıla bilər?

“İmtahanların keçirilməsinin məktəbə, müəllimlərə və ümumiyyətlə təhsilimizə müsbət və ya mənfi təsiri yoxdur” 

Təhsil eksperti Cahid İmanlının sözlərinə görə, imtahan biliyin, bacarığın, meyarın ölçülməsi, qiymətləndirilməsidir. Bu qiymətləndirmənin nəticəsi biliyi ölçülənə müəyyən hüquqlar da verir: Gəlin, əvvəlcə nəzər salaq ki, orta məktəblərdə hansı fəndən neçə imtahan keçirilir. Bu imtahanların keçirilmə səbəbi nədir? Bu imtahanların keçirilməsinin məktəbə, müəllimlərə və ümumiyyətlə təhsilimizə müsbət və ya mənfi təsiri nələr olub? Ümumtəhsil məktəblərində şagirdlərin müəyyən təhsil pillələrində, məsələn, ibtidai təhsildə 4-cü sinifdə, orta təhsildə 9-cu sinif və ya tam orta təhsildə 11-ci sinifdə dövlət qurumu kimi Elm və Təhsil Nazirliyinin keçirdiyi hansısa mərkəzləşmiş imtahan mövcud deyil. Burada  şagirdlərin qiymətləndirilməsi məktəbdaxili qiymətləndirmə sayılır. Amma məhz burada hazırda orta ümumtəhsil məktəbində təhsil sistemində çoxlu mübahisə yaradan, təhsili biznesə çevirən, şagirdlərin dərsdən yayınmasına gətirib çıxaran, repetitorluğa şərait yaradan, gündəlik dərs prosesini pozan bir nüans ortaya çıxır. Bu da Dövlət İmtahan Mərkəzinin 9-cu və 11-ci siniflərdə bütün fənlərdən yox, yalnız 3 fəndən – Ana dili, Riyaziyyat və xarici dildən mərkəzləşmiş qaydada buraxılış imtahanı keçirməsi və bu imtahanın nəticəsi kimi şagirdlərə müəyyən orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verməsidir. Bu prosesin müsbət nəticələri olsa da, mənfi tərəfləri də az deyil. Belə ki, vahid qayda pozuldu, şagirdlərdə və müəllimlərdə “bu əsas fəndir, lazımlı fəndir, digəri ikinci dərəcəli, lazımsız fəndir” kimi anlayışlar formalaşdırdı. Bunun əsl çətinliklərini, mahiyyətini orta məktəbdə gündəlik dərs aparmayan müəllimlərdən başqa heç kim bilə bilməz. Təsəvvür edin ki,  şagirdlərin əksəriyyəti 8-ci sinifdən buraxılış imtahanı qorxusundan digər fənlərin öyrənilməsinə həsr etdikləri vaxtı, zamanı, əziyyəti, məsuliyyəti, maddiyyatı, enerjini ancaq 3 buraxılış fənninə yönəldir. Nəticədə isə digər fənlər kölgədə qalır. Halbuki məktəbin, xüsusilə 9-cu sinfə qədərki orta təhsilin məqsədi bu deyil. Orta təhsil pilləsində şagirdlər bütün fənləri bərabər oxumalı, yəni minumum bal olan 30 faizlik həddi keçməlidir. Məhz bu zaman onlarda müəyyən dünyagörüşü, həyati bacarıqlar, vərdişlər və şəxsiyyət formalaşar”. 

Ekspert hesab edir ki, imtahanların sayını azaltmaq yox, onları məktəbin və müəllimin özünə qaytarmaq lazımdır: “İngilis dilini mükəmməl bilib tarixini bilməyən və ya musiqi, incəsənət duyumu olmayan, texnologiyanı oxumayıb sadə əmək vərdişlərini bilməyən robotlar lazım deyil. Orta təhsil pilləsinin nəticəsində biz yalnız 3 fənni bilən uşaqlar yetişdirməli deyilik. Bu pillədə tədris olunan bütün fənlərin ən az 30 faizini mənimsəyən, həm humanitar, həm təbiət , həm idman və incəsənət, həm də texniki sahələrdən az da olsa məlumatlı olan dünyagörüşlü şəxsiyyət formaladırmalıyıq”.

Günel CƏLİLOVA





Seçilən
6
50
Mənbələr
Şərh ()
Bağla