AZ

Dünyada son 7 ayda ucuzlaşan ərzaqlar Azərbaycana da idxal olunur, lakin ucuzlaşmır...Niyə?

Image

Firdovsi Şahbazov: “Bunun başlıca səbəbi onunla əlaqədardır ki, ərzaq təminatında ölkəmizdə rəqabət yoxdur”

Fevralda Azərbaycanda yenə bəzi ərzaq məhsullarının qiymətində bahalaşma qeydə alınıb. Qiyməti bahalaşmış ərzaqlar içində düyü, qoyun əti, balıq, kəsmik, kərə və zeytun yağı, narıngi, banan, alma, armud, heyva, nar, kələm, xiyar, pomidor, balqabaq, çuğundur, sarımsaq, soğan, şəkər və araq da var. Bahalaşma ötən ilin eyni ayına nisbətən 100,8 faizdir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xəbər verir ki, əsas taxıl məhsulları üzrə beynəlxalq kotirovkaların azalması şəkər və ətin bahalaşmasını böyük ölçüdə kompensasiya edib. FAO-nun məlumatında qeyd edilir ki, dünyada bir sıra ərzaq məhsulları 7 aydır ki, tədricən ucuzlaşır. 

Maraqlıdır, dünyada ərzaq məhsullarının ucuzlaşması hələ də Azərbaycanda özünü göstərmir. Halbuki, həmin məhsullar ölkəyə idxal edildiyi üçün ucuzlaşma baş verməli idi, amma biz bunu görmürük. Niyə?

“Faktiki olaraq, ölkə bazarında qiymətləri monopolist şirkətlər təyin edir” 

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında Azərbaycanda ərazq məhsullarının ucuzlaşmamasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi onunla əlaqədardır ki, ərzaq təminatında ölkəmizdə rəqabət yoxdur. Ölkəmizdə qiymətlərin beynəlxalq birjalara uyğun şəkildə tənzimlənməsi üçün sağlam rəqabət lazımdır. Əfsuslar olsun olsun ki, bu yoxdur. İdxalçılar bir çox hallarda maya dəyərini süni şəkildə şişirdirlər. Məsələn, ölkəmizdə digər ölkələrlə müqayisədə xeyli baha olan məhsullardan biri də kərə yağıdır. Dünya bazarında kərə yağı 16 faiz ucuzlaşdığı halda, Azərbaycanda 7 faiz ucuzlaşıb. Niyə, ona görə ki, inhisarçılar buna imkan vermir. Dünyada buğdanın qiyməti 2022-ci ilin ortalarından başlayaraq xeyli ucuzlaşıb. Ancaq bu müddət ərzində çörəyin qiyməti vur-tut 10 qəpik ucuzlaşıb. Ancaq 1 ton buğdanın idxal qiyməti bu il 229 dollar, ötən il isə 306 dollar təşkil edib. Qiymətlərdə 77 dollar və ya 25,1 faiz ucuzlaşma qeydə alınıb. 1 kq buğdanın idxalı cari ilin iki ayında 39 qəpik, ötən ilin müvafiq dövründə 52 qəpiyə başa gəlib. Bütün bunlar Azərbaycanda ərzaq bazarında proseslərin sağlam bazar prinsipləri əsasında getməməsinin nəticəsidir. Həm idxal, həm də satış bazarında inhisarçılığın yüksək səviyyədə inkişafı, sağlam rəqabət mühitinin olmaması qiymət formalaşmasında da rəqabətin olmamasına səbəb olur. Faktiki olaraq ölkə bazarında qiymətləri monopolist şirkətlər təyin edir. Məhz belə monopolist şirkətlərin maraqları üzündən ölkə bazarında bahalaşan məhsulların qiymətində ucuzlaşma çox nadir hallarda baş verir. Ya da çox cüzi ucuzlaşma qeydə alınır. Ona görə də dünyada ərzaqın ucuzlaşması Azərbaycana təsir etmir”.

Vidadi ORDAHALLI





Seçilən
7
35
Mənbələr
Şərh ()
Bağla