AZ

AQTA bitkiçilik təsərrüfatlarında monitorinqlər aparır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində biotəhlükəsizliyi təmin etmək üçün yayılma ehtimalı olan, xüsusilə də karantin tətbiq edilən zərərli orqanizmləri erkən aşkarlamaq və operativ nəzarəti həyata keçirmək məqsədilə mütəmadi olaraq bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında monitorinqlər aparir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, monitorinqləri sistemli təşkil etmək məqsədilə “Bitki mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın 6 saylı Fitosanitar Tədbirlərə dair Beynəlxalq Standartının tələblərinə uyğun olaraq agentlik tərəfindən qabaqcadan illik Milli Monitorinq Planı hazırlanır.

Plana uyğun olaraq aparılan monitorinqlər zamanı karantin tətbiq edilən zərərli orqanizmləri aşkarlamaq və onların yayılma sərhədlərini müəyyənləşdirməkdən ötrü vizual üsulla yanaşı, feromon tələlərdən də istifadə olunur. Həmin tələlər cinsi və aqreqasiya tipli olmaqla, Asiya giləmeyvə drozofilası, Aralıq dənizi meyvə milçəyi, Şərq meyvəyeyəni, pomidor lağımlayıcı güvəsi, qəhvəyi mərmər bağacığı, qərb çiçək tripsi və digər karantin tətbiq edilən zərərvericilərin monitorinqi məqsədilə tətbiq olunur. Həmçinin monitorinqlərdə bitkinin vegetasiyası, zərərli orqanizmin biologiyası və abiotik amillər nəzərə alınır. Nümunələr hər bir zərərli orqanizm üzrə müvafiq protokollara uyğun olaraq, simptomlu və simptomsuz bitkilərdən götürülür. Götürülmüş nümunələr AQTA-nın tabeliyində Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasında müayinələrə cəlb edilir.

Qeyd edək ki, monitorinqlər əsasən ixrac potensiallı xurma, nar, üzüm, eləcə də sitrus, qərzəkli və tumlu-çəyirdəkli meyvə bağlarını və tərəvəzçilik təsərrüfatlarını əhatə etsə də, ölkənin ümumi fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi və biotəhlükəsizliyin təmin olunması məqsədilə park və yaşıllıqlarda da həyata keçirilir.

Onu da bildirək ki, hazırda dünyada insan, heyvan və bitki sağlamlığı, eləcə də ətraf mühit üçün təhdid törədən müvafiq risklərin idarə edilməsi üçün vahid yanaşma olan biotəhlükəsizliklə bağlı məsələlər daha çox əhəmiyyət kəsb edir. Ölkəmizdə biotəhlükəsizliyin təmin olunması sahəsində aparılmış islahatlardan ən önəmlisi özündə qida təhlükəsizliyini, bitki və heyvan sağlamlığını təmin edən laboratoriya şəbəkəsinin mövcud olmasıdır.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla