AZ

Rodriqo Qoesi təhqir etmiş şəxslər tapılaraq məhkəməyə verildilər - ARENA.AZ

“Real”ın braziliyalı sağ vingeri Rodriqo Qoes sosial şəbəkələrdə onu təhqir etmiş nifrətçilərinə qarşı hansı addımı atdığını bildirib.

Arena.az “Madrid Universal” dərgisinə istinadən, Rodriqonun bu barədə məlumatını təqdim edir:

“Sosial şəbəkələrdə bir çox argentinalılar tərəfindən şifahi təhqirlərə məruz qalmışdım (söhbət 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 6-cı turunda Argentinanın Braziliyaya 1:0 hesabı ilə qalib gəldiyi oyundan gedir. – redaktorun qeydi). Çox acınacaqlı bir vəziyyət idi və mənə təsir etdi. Mən çox üzüldüm. Amma mənə təhqirlərin göndərildiyi bütün profilləri izlədik. Görünür, onların sayı çox idi. Onlar son bir neçə gündə məhkəmə iddiaları alanda qorxmuşdular. İnsanlar sosial şəbəkədə istədiklərini yaza biləcəklərini düşünürlər”, deyə Rodriqo çoxlarının məsuliyyətsiz yanaşdığı məqama toxunub.

Vurğulayaq ki, müvafiq mənzərə ölkəmizdə də müşahidə edilir, sosial şəbəkələrdə “şirə”, “pələngə” dönüb ağzına gələni danışan “qəhrəmanlar” ifşa edildikdən sonra “dovşana”, “cücəyə” dönürlər.
Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.

Rodriqo “Real”da çıxış etdiyi müddətdə 206 oyuna çıxıb, 50 qol vurub, 40 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə “qaymaqlılar”la bütün yarışlarda 41 oyuna 13 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib.

Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 21 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı vingerin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
30
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close