AZ

Region üçün böyük nüvə təhlükəsi -Metsamor AES

Sən demə, Metsamor AES Ermənistanın suverenliyini simvollaşdırırmış...

Seysimoloji cəhətdən fəal zonada yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) Cənubi Qafqaz və Avropa regionu üçün ən böyük təhlükələrdən biridir. Ölkəmiz 2001-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinə üzv olduqdan sonra, 2002-ci ildə qurumun direktoru Məhəmməd əl-Baradeinin Azərbaycana səfəri zamanı Ulu öndər Heydər Əliyev bu məsələni qaldırmışdı. Prezident İlham Əliyev də bununla bağlı müxtəlif beynəlxalq tədbirlərə kəskin çıxışlar etmişdir. Dövlət başçımız çıxışlarının birində bildirmişdir ki, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasında hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.

Ötən ilin martında Prezident İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən Ermənistandakı Metsamor AES-dən söz açmış və  köhnə texnologiya ilə çalışan bu obyektin Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirmişdi. Bununla da həmin problemin nə dərəcədə ağır olduğunu, artıq onu görməzliyə vurmağın mümkünsüzlüyünü bir daha açıqlamışdı.  Amma nə qədər qəribə olsa da bu sahə üzrə fəaliyyət göstərən qurumlar, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyi  həmin stansiyanın təhlükə mənbəyi olduğunu bilə-bilə hələ də onun fəaliyyətinin dayandırılmasına göz yummaqdadırlar. 

Martın 21-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Belçika hökumətinin təşkil etdiyi ilk Nüvə Enerjisi Sammitində çıxış edən baş nazir Nikol Paşinyan AEBA-nin tapşırıq və göstərişlərinə uyğun olaraq Metsamor AES-in təhlükəsizliyi və idarəolunması ilə bağlı tərəfdaş ölkələrlə birgə tədbirlər görülməsindən söz açıb.

Amma o, Metsamor AES-in region üçün ciddi təhlükə olduğu barədə səslənən fikirlərə toxunmayıb. Paşinyan deyib ki, onilliklər ərzində Ermənistanın Atom Elektrik Stansiyası sabit enerji istehsalını təmin etməklə enerji sistemimizin kritik elementi rolunu oynayıb: “Hazırda ölkəmizin elektrik enerjisinin təxminən 30%-i nüvə enerjisindən əldə edilir. Bu nöqtəyə gedən yolumuz çətin olub, kulminasiya nöqtəsinə çatıb. Bu gün biz fəxrlə deyə bilərik ki, digər mühüm şeylərlə yanaşı, bu, həm də bizim suverenliyimizi simvollaşdırır və möhkəmləndirir”. Paşinyanın sözlərinə görə, AES-imizin bütün istismar tarixində nüvə və ya radiasiya təhlükəsizliyi sahəsində hər hansı insidentin baş verməməsi bizim bu məsələyə sarsılmaz sadiqliyimizi göstərir:"Bu nailiyyət Ermənistanın siyasi iradəsinin və ekspert bacarıqlarının sübutudur".
Halbuki, 50 ilə yaxın yaşı olan Metsamor Atom Elektrik Stansiyası bu gün Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük təhlükə mənbəyi olaraq qalır. Təəssüf ki, hər ötən gün bu risk artır. Bu isə o deməkdir ki, dünya göz görə-görə ikinci Çernobıl,  Fukusima hadisələrinə doğru gedir.
Məlumat üçün bildirək ki, 1986-cı ildə baş vermis  Çernobl qəzası zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilmişdi. Rəsmi məlumatlara görə, onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişib.
Yaponiyadakı Fukusima atom elektrik stansiyasına gəldikdə isə, bu stansiya 1976-cı ildə özü də ən müasir yapon texnologiyaları əsasında tikilmiş reaktor olsa da, sunami nəticəsində onun istilik daşıyıcı nasosları sıradan çıxdı və reaktorda partlayışlar baş verdi. Nəticədə ətraf su hövzələri radiasiyaya məruz qaldı. Yaponiya kimi müasir texnologiyalara malik, inkişaf etmiş ölkə bu faciənin qarşısında aciz qaldı.  Bəs Ermənistan kimi kasıb bir dövlət belə vəziyyət yaranacağı təqdirdə nə edəcək?
Yeri gəlmişkən, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, elm xadimləri Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrlərinə - Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə açıq məktub ünvanlamışdılar. Müraciətdə Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükə diqqətə çatdırılmaqla yanaşı, onun fəaliyyətinin dayandırılmasının vacibliyi vurğulanmışdı.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
145
14
Mənbələr
Şərh ()
Bağla