AZ

“Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI

Son günlərdə televerilişlərlə bağlı narazılıqların, problemlərin gündəmə gəldiyi hər kəsə məlumdur. Bundan sonra Azərbaycan telekanallarında bəzi verilişlərin qrafikinə dəyişiklik edildi. Bəs görəsən, problemin çözüm yolu sadəcə budur yoxsa necə? SİA media eksperti Azər Həsrətin mövzu ilə bağlı fikirlərini öyrənib.

Ekspert bildirib ki, sözügedən problem hələki kökündən həll olunmayıb: “Bu istiqamətdə addımların atılmasını da müşahidə etmirik. Xalq arasında “bozbaş verilişlər” dediyimiz səviyyəsiz proqramlar və onların aparıcıları hələ də efirdədir. Bəlli bir tamaşaçı auditoriyası onları izləməyə davam edir. Bu isə nəticə etibarilə xüsusilə yetişməkdə olan nəslin zövqünü korlayır. Yəni Azərbaycan telekanallarında bu proqramların qrafikində edilən və ya kosmetik dəyişikliklər heç nəyi kökündən həll etmir. Ona görə düşünürəm ki, televiziya sahəsinə məsul olan dövlət qurumlarımız bu yöndə daha ciddi və effektiv addımlar atmalıdırlar. Həmin aparıcıları çağırıb danlamaq və ya tapşırıq verməklə iş bitmir. Konkret çərçivə müəyyənləşdirilməli və ona uyğun hərəkət edilməlidir”.

Azər Həsrət sözlərinə davam edərək qeyd edib ki, efiri bazar səviyyəsinə endirən telekanallara ilk növbədə xəbərdarlıq edilməli, ardından daha ciddi cəza verilməlidir: “Efir elə bir şeydir ki, onu özbaşına buraxmaq olmaz. Televiziya efiri yetişməkdə olan nəslin dünyagörüşünü, davranış tərzini müəyyənləşdirir. “Şou” adı verdikləri biyabırçı verilişlər davam edəcəksə, yetişməkdə olan nəsil də əldən getmiş olacaq. Bu isə dövlətin strateji maraqlarına ciddi şəkildə zərbə vurmaq deməkdir. Düşməndən torpaqlarımızı azad etdiyimizə görə sevinirik, bunun üçün igid oğullarımızla fəxr edirik. Amma buna paralel olaraq pis bir gəncliyin formalaşmasına “töhfə verməyə” davam edir. Nəticə etibarilə gənclər arasında türk toplumuna xas olmayan davranışlar müşahidə edirik”.

Ləman Sərraf

phrase_var_article.chosen
18
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close