AZ

“Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ

“Təəssüf ki son illər şəhid ailələri və müharibə əlillərinin adından sui-istifadə hallarına tez-tez rast gəlinir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra analoji halların sayı bir qədər də artdı”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Mən məlum video çarxdan (“Şəhid ailələrinə pulsuzdur”) da öncə bu məsələyə dair fikir bildirmişəm. Hesab edirəm ki, bu cür ucuz reklama ehtiyac yoxdur. Biz paytaxtda hansısa dönərxananın qarşısında “Şəhid ailələrinə pulsuzdur” məzmunlu elanlara rast gələ bilərik. Həmin adamlara sual edirəm. Şəhid ailəsi bir dönərə möhtacdırmı? Şəhid ailəsinin üzvü bir dönər ala bilmirmi? Bəlkə də onlar bilmir. Amma siz, biz cəmiyyət yaxşı bilirik ki, Azərbaycanda şəhid ailələrinin təminatı dövlət tərəfindən həyata keçirilir. Şəhid ailələri müvafiq kompensasiya, yəni aylıq müavinət alırlar. Bununla paralel olaraq onlar qeydiyyatda olduqları ərazilərdə evlə təmin olunurlar. Şəhid ailələrinin övladları ödənişli ali təhsil müəssisələrində pulsuz təhsil alırlar. Güzəştlər kateqoriyasına digər məsələlər də daxildir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələrinin hansısa iş adamının bir stəkan çayına, yaxud da bir dönərinə ehtiyacı yoxdur. Mən bu cür etirazları şəhid ailələrinin dilindən də dəfələrlə eşitmişəm. Ola bilsin ki kimsə xoşniyyətlidir, ola bilsin ki kimsə ucuz reklam məqsədi güdmür və həqiqətən şəhid ailələrinə dəstək olmaq istəyir. Şəhid ailələrinə, müharibə əlillərinə, müharibədən zərər çəkmiş insanlara dəstək olmaq, kömək etmək istəyən adamlara kifayət qədər ünvanlar göstərə bilərəm. Əgər kimsə şəhid ailələrinə dəstək olmaq istəyirsə, bunu hamının gözü qarşısında etməsin. Bu yarım kiloqram, bir kiloqram qurban əti verib onu saatlarca televizor ekranlarında reklam etməyə bənzəyir. Bunlar ucuz şoudur, mənə elə gəlir ki hamılıqla bu cür ucuz reklamlardan qaçmalıyıq”.

Ayşən Vəli

phrase_var_article.chosen
22
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close