“Oruc insanın yanında yemək yeyilməsi kimi qaydalara əvvəlki illərdə daha çox riayət olunurdu”.
Bu fikirləri Ramazan ayında oruc tutmayan insanların diqqət etməsi məqamlar barədə danışan ilahiyyatçı Fazil Əhmədli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzi şəxslər oruc tutmağı çox istəsələr də, sağlamlıqları buna əl verməyə bilir:
“Mübarək Ramazan ayında oruc tutmayanlar haqqında çox az danışılır. Biz onları bir neçə kateqoriyaya bölə bilərik. Bəzi şəxslər oruc tutmağı çox istəsələr də, sağlamlıqları buna əl verməyə bilir. İslam dini özü də sağlamlığa ziyan olduğu halda oruc tutulmasına icazə vermir. Oruc tuta bildiyi halda bunu yerinə yetirməyən insanları da hətta iki yerə bölmək olar. Ramazan ayına hörmətlə yanaşanlar: alkoqollu içki qəbul etdikləri halda bu aya hörmət əlaməti olaraq bundan çəkinən şəxsləri xüsusi qeyd etmək olar. Bu, təqdirəlayiq addımdır. İnsan sırf bu aya hörmət edərək haram olan içkidən kənar durursa, bu, böyük hörmətdir. Mən elə şəxslər tanıyıram ki, göstərdiyi bu hörmət nəticəsində bir neçə ildən sonra özü artıq oruc tutmağa başlayıb. Bu insanlardan fərqli olaraq, elə şəxslər var ki, ümumiyyətlə, Ramazan ayını tanımaq istəmirlər. Hətta onlar etik qaydalara diqqət etmirlər.
Oruc insanın yanında yemək yeyilməsi kimi qaydalara əvvəlki illərdə daha çox riayət olunurdu. Lakin son illərdə belə qaydalara əməl edən insanların sayı azalıb. İslam ölkələrində bu qaydalar daha sərt tətbiq olunur. Məsələn, kafelər, bəzi restoran və iaşə obyektləri adi vaxtlarda fəaliyyət göstərsə də, mübarək Ramazan ayında onlar qapadılır. Hətta bəzi yerlərdə siqaret çəkilməsinə müəyyən qadağalarda tətbiq edilir. Çox təəssüflər olsun ki, ölkəmizdə müsəlmanların çoxluq təşkil etdiyinə baxmayaraq, ən azından siqaret məsələlərində insanlar buna riayət etmirlər. Düşünürəm ki, belə halların qarşısının alınması ilə bağlı xüsusilə Ramazan ayından öncə televiziyalarda və digər yerlərdə maarifləndirmə işləri aparılmalıdır.
Bəzən “oruc tutanın yanında yemək yeyilirsə, o insan narahat olmamalıdır” kimi ifadə işlədilir. Lakin bu cümləni hər kəsə aid etmək düzgün deyil. İnsanların hamısının fiziologiyası eyni deyil. Bəzi insanlar oruc olduğu halda yanında nə qədər yemək yesək də, ona təsir etməsə də, bəzilərində isə fikir tamam başqa cür olur.
Bəzən şahidi oluruq ki, mübarək Ramazan ayında yas yerlərində gündüz vaxtı hələ iftar olmamış gələn insanlara da yemək verilir. Bu, İslam maarifində qınanılan addımdır. Gündüz vaxtı süfrənin açılması oruc tutmalı olan insanlara müəyyən mənada təsir edir. Belə hallara irad bildirilən zaman ev yiyəsi tərəfindən birmənalı qarşılanmır. Onlar “ehsan verməsək, yasımızın olduğu məlum olmaz” fikrinə qapılırlar. Biz ehsan veririksə, insanların deyil, burada, ilk növbədə, Allahın razılığını əldə etmək barədə düşünməliyik. Yasda süfrənin iftar vaxtında verilməsi savab baxımından daha məqsədəuyğun olar. Son zamanlar biz belə qaydalara əksər hallarda riayət olunduğunu görə bilərik”.
İsmayıl Bakuvi