AZ

Azərbaycan millisinin 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

Rekord.az xəbər verir ki, 11 ölkənin 121 idmançısının qatıldığı yarışda Azərbaycan millisinin daha 4 idmançısı finala vəsiqə qazanıb.

Həsən Məlikov (48 kq) yarımfinalda Şodiyorjon Melikuziyevi (Özbəkistan) sınağa çəkib. Döyüş milli üzvünün qələbəsi ilə yekunlaşıb. O, rəqibini 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. Məlikov finalda qazaxıstanlı Temirtaş Jussupovla münasibətinə aydınlıq gətirəcək.

57 kq-da Şamil Əsgərov yarımfinalda Buzurqmehr İskanovla (Tacikistan) üz-üzə gəlib. Görüş boksçumuzun xeyrinə bitib – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Əsgərov qızıl medal uğrunda Xudoynazar Fayzovla (Özbəkistan) qarşılaşacaq.

Əzrək Bəbirov (60 kq) da adını finala yazdırıb. O, yarımfinalda özbəkistanlı Sayat İlyasovdan üstün olub – 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28). Bəbirov qalib adı uğrunda Talqat Sirimbetovla (Qazaxıstan) mübarizə aparacaq.

Komanda yoldaşlarının uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. Boksçumuz finala gedən yolda rusiyalı İlya Popovu 4:1 (27:30, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Əliyev həlledici görüşdə Abdullah Madaminovla (Özbəkistan) qüvvəsini sınayacaq.

Bununla da martın 28-də baş tutacaq finallarda rinqə çıxacaq boksçularımızın sayı 6-ya yüksəlib. Daha öncə Murad Allahverdiyevlə (86 kq) Alfonso Dominqes (92 kq) də bu hüquqa yiyələnib. Onlar müvafiq olaraq, Xasmaqomed Cavatxanov (Rusiya) və Toqambay Sadindiklə (Qazaxıstan) döyüşəcəklər.

Sərxan Budaqovla (80 kq) Məhəmməd Abdullayevin (+92 kq) ardınca isə Malik Həsənov (63,5 kq), İlqar Salahov (67 kq), Kamran Şahsuvarlı və Mirşərif Kazımzadə (hər ikisi 75 kq) bürünc medallarını rəsmiləşdiriblər. Onlar yarımfinalda məğlub olublar.

Boks Mərkəzində keçirilən yarışın final döyüşləri saat 14:00-da başlayacaq.

Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi turniri 2 qızıl, 3 gümüş və 4 bürünc medalla bitirib.

Seçilən
143
47
Mənbələr
Şərh ()
Bağla