AZ

Bayram sonrası....

Orqanizmdə nələr baş verir?

Dünəndən etibarən Novruz bayramı ilə əlaqədar tətil başa çatdı. Bəllidir ki, bayram günlərində hər evdəki süfrələri növbənöv şirniyyatlar, müxtəlif çərəzlər, milli yeməklərimiz bəzəmişdi. 7 gün evdə olarkən bayramın müxtəlif təamlarından qaydasında dadmaq, qonaqlıqlarda açılan süfrələrdən yan durmaq heç də asan deyildi.

Lakin elə insanlar var ki, istər bayram ərəfəsində, istərsə də bayramdan sonra onlar həzm prosesinin yaxşı getmədiyindən şikayətlənirlər. Səbəb isə orqanizmdəki ağırlaşmalardır. Belə ki, bayramla bağlı müxtəlif cür təamlar, şirniyyatlar, cürbəcür çərçəzlərin qəbulu həzmi çətinləşdirir. Nəticədə insanların əksəriyyətində kökəlmə, həzm sisteminin pozulması və orqanizmdə digər mənfi reaksiyalar əmələ gəlir. Bayramdan sonra artıq çəki aldığını düşünən insanların bir qismi müxtəlif metodlarla pəhriz saxlayır. İlk müraciət edilən isə internetdə tapılan müxtəlif pəhriz reseptləri olur.

Təcili tibbi yardıma 15 763 çağırış...

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə martın 20-26-da 15 763 çağırış daxil olub. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox 21, 22 və 23 mart tarixlərində müraciət qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, martın 22-də müraciət sayı 2 366, hospital olunanların sayı 214, martın 23-də isə müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Özbaşına pəhriz qəbulu yanlışdır...

Dietoloq Şəfa Yadigarova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bayramdan sonra özbaşına pəhriz qəbulu yanlışdır, çünki pəhriz üçün qidalar fərdi şəkildə seçilməlidir: “Sağlam qidalanma dedikdə orqanizmə lazım olan karbohidrat, yağ, zülal, mineral və vitaminlərin qəbulu nəzərdə tutulur. Buna ət və ət məhsulları, süd məmulatları, meyvə-tərəvəz daxildir. Onların tərkibində kifayət qədər mineral və vitaminlər var. Yəni sadaladıqlarım bütövlükdə, sağlam qida rasionunu təşkil edir. Sağlam qidalanmaq istəyən şəxslər qida rasionunda bu məhsullardan istifadə etməlidir. Bayramdan sonra kortəbii surətdə pəhriz saxlamaq olmaz. Belə pəhrizlər orqanizmə müxtəlif problemlər yaradır. Xüsusilə, xroniki xəstəlikləri olan şəxslər necə gəldi pəhriz saxlaya bilməz. Şəkər, təzyiq, böyrək, öd xəstəliyindən əziyyət çəkən insanlar üçün qeyri-sağlam qidalanma təhlükəli fəsadlar törədə bilər. Ona görə də, pəhriz üçün qidalar fərdi şəkildə seçilməlidir”.

Novruzda bu kimi qidalardan bol yemək...

Dietoloqun sözlərinə görə, ümumiyyətlə, Novruz bayramı azuqəsi karbohidratlı tərkibli qidalardır, onlar həzm sistemində problemi olan insanlara, şəkərli diabet xəstələrinə, qaraciyər, öd xəstəliyi olanlara mənfi təsir edə bilir: “Ciddi pəhriz qaydalarına əməl etmədən Novruzda bu kimi qidalardan bol yemək gələcəkdə xəstədə letal sonluğa gətirib çıxara bilər. Diatezi olan uşaqlarla da ehtiyatlı olmaq lazımdır. Mədə və on iki barmaq bağırsaq xorası olanlarda ürəkbulanma, qusma, ağrı kimi hallar baş verə bilir.

Qanda şəkərin artması, hiperqlikemiya isə şəkərli diabet xəstələrinin bayramdan sonra üzləşə biləcəyi problemlərdir. Ödündə daş olan xəstələr də ehtiyatlı olmalıdır. Novruz bayramından sonra həzm sistemində olan ağırlaşmalar və diabet xəstələrində baş verən problemlərlə bağlı həmişə həkimə müraciətlərdə kəskin artım müşahidə olunur.

Novruz xalqımızın gözəl bayramından biri olsa da, sağlamlığımızı düşünmək vacibdir. Ümumiyyətlə, hər bir bayramda pasiyentlərə qidalanma ilə bağlı hansısa qayda deyildikdə, onsuz da onlara riayət etmirlər. Ona görə də psixoloji olaraq onları sıxmamaq lazımdır”.

Yeganə BAYRAMOVA

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla