AZ

Avropanın gələcəyi: postdemokratiya və ya antidemokratiya

Avropanın siyasi mühitində sağ təmayüllü millətçi partiyaların nüfuzunun artması, bəzi ölkələrin rəhbərliyinə millətçilərin gəlməsi qitənin demokratiya ənənələrini zəiflətməyə, laxlatmağa başlayıb. Belə çıxır ki, Avropada demokratiya öz ömrünü yavaş-yavaş başa vurmağa doğru gedir. Bəs postdemokratiya dövründə qoca qitəni nələr gözləyir? Hələlik baş verəcəkləri proqnozlaşdırmaq çətindir. Lakin aydın olan məqamlar da var. 

“Bir çox Avropa İttifaqı ölkəsində qanunun aliliyi kimi dəyərlər getdikcə tənəzzülə uğrayır. Hökumətlər hüquqi nəzarəti və demokratik tarazlığı qoruyub saxlaya bilmirlər”. Bu fikirlər Avropa QHT-lərinin aparıcı şəbəkəsi olan Avropa Vətəndaş Azadlıqları İttifaqının hazırladığı hesabatda qeyd olunub.

Demokratiya karkasının əyilməsi

Təşkilatın 19 ölkədə yerləşən 37-yə yaxın insan haqları qrupunun birgə tərtib etdiyi yeni hesabatında bildirilir ki, Almaniya və Belçika kimi ölkələrin hökumətləri liberal  partiyalardan formalaşdığı üçün bu dövlətlərdə  demokratiya, qanunun aliliyi, insan haqları kimi dəyərlər, heç olmasa, kağız üzərində aktual olaraq qalır. Amma liberal demokratiya nəzəriyyəsinin Avropada çiçəklənmədən solmağa başlaması da reallıqdır. Hesabat müəllifləri bu böyük problemi Avropaya miqrant axını və qitədə yenidən dəbə minən sağ-millətçi siyasi əhval-ruhiyyənin artması ilə əlaqələndirirlər.

QHT-lərin hesabatlarında İtaliya və İsveç kimi ölkələrdə ifrat sağçı partiyaların hakimiyyətdə təmsil olunması qanunun aliliyi kimi dəyərlərin getdikcə dəyərdən düşməsi, demokratik mühitin pozulması kimi qiymətləndirilir.

Slovakiya, Sloveniya və Polşa kimi demokratiyanın yenicə “cücərməyə” başladığı Aİ ölkələrində isə qanunun aliliyinin səviyyəsi sürətlə dəyişə bilir. “Bu ölkələrin demokratik vəziyyəti liberalizmin gah bərpası, gah da tənəzzülü istiqamətində dəyişir”, - deyə hesabat müəllifləri yazır.

Yeri gəlmişkən, Avropa Komissiyası bu təşkilatın hər il nəşr olunan 600 səhifəlik hesabatından İttifaq ölkələrində monitorinqlər zamanı istifadə edir.

Avropa Vətəndaş Azadlıqları İttifaqının icraçı direktoru Balaj Deneş Aİ-nin qanunun aliliyinə dair aşkar olunan pozuntulara, ölkələrin bu sahədəki geriləmələrinə qarşı cəld və effektiv mübarizə aparmalı olduğunu qeyd edir: “Əsas nəticə odur ki, Avropa Komissiyasının, eləcə də bütün Aİ-nin çox güclü mübarizə metodları var, lakin bu qurumlar hələlik bütün imkanları işə salmaq istəmir. Biz Avropa ölkələrində baş verənlərin ciddi təhlil edilməməsindən narahatıq”.

Əli qırmanclı liberallar

QHT rəhbərinin sözlərinə görə, Aİ üzvlərinə hüquq pozuntularının araşdırılması və ya İttifaqın vəsaitlərinin şərti olaraq dondurulması kimi tədbirlər tətbiq oluna bilər, olunmalıdır da. Lakin Brüssel hələ də gözləmə mövqeyindədir. Deneş bəzi hökumətləri “nəzarət və tarazlıq sistemini qəsdən məhv etməkdə” günahlandırır.

Hesabat materiallarında qeyd olunub ki, Fransada vətəndaş cəmiyyətinin etiraz etdiyi pensiya islahatını hökumətin zorakı yolla həyata keçirməsi “qeyri-demokratik qanunvericiliyin açıq nümayişidir”. Digər tərəfdən, Almaniyada jurnalistlər ictimaiyyətə açıqlanmayan məhkəmə qərarlarını öz media orqanlarında dərc etdiklərinə görə cinayət təqibi ilə üzləşirlər.

Hazırda ifrat sağçı partiyalar tərəfindən idarə olunan və dəstəklənən İtaliya, eləcə də İsveçdə hüquq müdafiəçiləri ədliyyə sistemi, media azadlığı, plüralizm, vətəndaş və insan hüquqları kimi sahələrdə qanunun aliliyinin zəifləməsi, gözdən salınması haqda xəbərdarlıq edirlər. 

Şərqi Qərbinə baxar, canını oda yaxar...

Slovakiyada da bənzər prosesin getdiyi qeyd olunur. Hesabat müəlliflərinin yazdığına görə, baş nazir Robert Fitso “demokratik strukturları sistemli şəkildə dağıdıb”. Fitso apardığı islahatlarla yüksək səviyyəli korrupsiyanı araşdıran xüsusi prokurorluğun ləğvini həyata keçirməyə çalışır.

Oxşar dəyişikliklər Polşada da cərəyan edir. Avropanı bir-birinə vuran hesabat sənədində deyilir ki, səkkiz illik populist idarəçilikdən sonra liberal demokratiyanı bərpa etməyə çalışan Polşa hakimiyyəti də “əvvəlki hüquqi bazanı sarsıtmadan” qanunun aliliyinə nail ola bilmir. Polşanın yeni baş naziri Donald Tusk millətçi Qanun və Ədalət partiyasının səkkiz illik hakimiyyəti dövründə “demokratik geriçəkilmələrə görə” Brüsselin saxladığı on milyardlarla dollarlıq maliyyəni qaytarmaq üçün Aİ qarşısında götürdükləri öhdəliyi bərpa edəcəyinə söz verib. Yeni hökumətin ilkin mərhələdə millətçiləri əsas  postlardan uzaqlaşdırması, məhkəmə sistemində, mediada və əksər dövlət qurumlarında liberalları işə götürməsi kimi əməlləri milli qüvvələr tərəfindən kəskin tənqid edilir.

Mutasiyaya uğramış demokratiya tipi

Hesabatda göstərilir ki, son illərin Qərbi Avropasında vətəndaş hüquqlarına qoyulan məhdudiyyətlərin hətta sərbəst toplaşmaq azadlığını möhkəm dəstəkləyən ölkələrdə belə artması müşahidə olunur. Fransa, Belçika, Çexiya, Estoniya, Almaniya və İsveç kimi ölkələr xüsusən İsrail-HƏMAS müharibəsi ilə bağlı etiraz aksiyalarının keçirilməsinə qadağalar qoyub. Bu da ən yüngül halda söz azadlığının pozulması deməkdir.

Hesabat müəllifləri Belçika, Fransa, Almaniya, İtaliya və İsveç kimi Qərbi Avropa ölkələrində iqlim dəyişikliyinə etiraz edənlərin də vəziyyətini xüsusi vurğulayıblar. İş orasındadır ki, adı çəkilən ölkələrdə vətəndaşların dinc etiraz aksiyalarına görə həbslər, təqiblər adi hala çevrilir, fikir azadlığına görə təzyiqlərə məruz qalan insanların sayı getdikcə artır.

Bu baxımdan hesabatın media azadlığına dair bölümü daha çox narahatlıq doğurur. Media mülkiyyətinin təmərküzləşməsi, 2023-cü ildə Fransa, Almaniya və İsveç də daxil olmaqla 10 Avropa İttifaqı ölkəsində jurnalistlərə qarşı törədilən fiziki və mənəvi hücumlar xüsusilə xoşagəlməz hallar kimi xatırlanır.

Hesabatda bəzi ölkələrdəki ədliyyə sistemləri “siyasiləşmiş, kifayət qədər maliyyələşdirilməmiş və ədalətsiz” kimi təsvir edilir. Doğrudur, İsveç kimi ölkələr hakimlərin seçilməsi prosesini siyasiləşdirməmək üçün müəyyən addımlar atır, amma Fransa, Almaniya, Yunanıstan və Slovakiyada siyasiləşmə risk olaraq qalır.

Beləliklə məlum olur ki, dünyanın ən populyar siyasi idarəçilik forması olan demokratiya artıq Qərbi Avropada öz əhəmiyyətini itirməyə başlayıb. Sözügedən hesabatdan və ekspert rəylərindən də görünür ki, demokratiyadan sonra gələcək idarəetmə sistemi liberal demokratiyanın üst modeli mahiyyətində yox, əksinə, antidemokratiya tipində olacaq.

Murad Köhnəqala

phrase_var_article.chosen
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close