AZ

Milli birliyimizin gücləndirilməsi naminə

Azərbaycançılıq ideyasının təbliği öz aktuallığını qoruyur

Günel ABBAS

Qədim tarixi köklərə malik olan azərbaycançılıq ideologiyası əsrlərdir ölkəmizdə yaşayan müxtəlif xalqların hüquqlarının bərabərliyi ideyasına söykənir. Tarixin qədim dövrlərindən başlanan müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıbdır. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edibdir. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya təkmilləşdirilərək tarixi zərurət forması əldə etdi.

Bu ideologiyanın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidməti ilə bağlıdır. Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.

Mövzu ilə bağlı “Yeni Azərbaycan”la fikirlərini bölüşən Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bildirib ki, yeni nəsil azərbaycanlı olmağın qürurunu daha çox hiss edir: “Azərbaycançılığın dərin kökləri və təməlləri millətimizin tarixi keçmişi və bu günü ilə sıx bağlıdır. Xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir.

Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, uşaq bağçasından, məktəbdən və cəmiyyətdən gəlməlidir. Rəhmətlik Mirzə Cəlil yazırdı ki, millətin gələcəyi anaların əlindədir. Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun və mahiyyətinə görə dərsliklərimizdə hakim olmalıdır. Fikrimcə, azərbaycançılıq bu və ya başqa səviyyədə təhsil müəssisələrində, KİV-də təbliğ edilir. Lakin onun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğu qənaətindəyəm. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, azərbaycançılıq təkcə Vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldimiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır”.

Onun sözlərinə görə, azərbaycançılıq ideyasının təbliği dövlətçilik və vətənpərvərlik kimi təməl ideyalara söykənir: “Dövlətçilik təməl ideyasına əsasən Azərbaycan ərazisində yaşayan insanların vahid dövləti var. Həmin vahid dövlət də Azərbaycan Respublikasıdır. Həmin dövlətin vətəndaşları irqindən, dinindən, siyasi baxışından asılı olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin qorunması, saxlanılması ideyasına qulluq etməlidir. Dövlətçilik təməl ideyasına da dəstək verən ikinci təməl ideya vətənpərvərlikdir. Azərbaycan ərazisində yaşayan hər bir kəs Azərbaycan Respublikasının bayrağına, gerbinə, himninə, konstitusiyasına hörmət etməlidir”.

F.Ələkbərli qeyd edib ki, əvvəlki illərlə müqayisədə hazırda azərbaycançılıq ideologiyasının təbliği daha təqdirəlayiqdir: “Çünki 30 il öncə bu ideologiyanın hansı mənanı kəsb etdiyi o qədər də dəqiq deyildi. Hazırda isə xalqı birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti gənclərə daha məzmunlu şəkildə təbliğ olunur. Bu ideologiyanın əsasının qoyulması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq ideologiyası Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsi ilə nəticələndi. Vətənpərvər ruhda yetişən gənclər - milliyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəs bu ideologiya ətrafında birləşdi və dövlətimizi bəladan xilas etdi. Hazırda azərbaycançılıq ideyası öz mahiyyətini daha da genişləndirib. Bu gün 50-60 milyonluq Azərbaycan xalqı bu ideologiya ətrafında birləşib. Bu gün gənclərimiz azərbaycançılığı dar və məhdud anlamda başa düşmür. Çünki bütöv Azərbaycan məfkurəsi fonunda bu ideologiya Azərbaycan Respublikasının hüdudları ilə məhdudlaşmır”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır

phrase_var_article.chosen
0
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close