AZ

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

RF

Moskva, 28 mart, AZƏRTAC

Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu barədə özünün “Telegram” kanalında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova yazıb.

Diplomat qeyd edib: “Vaşinqtonda, Brüsseldə və İrəvanda özlərini elə göstərirlər ki, aprelin 5-də gözlənilən yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşünün niyə bir çoxlarında “narahatlığa” səbəb olmasına təəccüb edirlər. İddia edirlər ki, sanki o, heç bir üçüncü tərəfə qarşı yönəlməyib”.

Onun sözlərinə görə, belə hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri Rusiyanın tərəfdaşlarına açıq şəkildə deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşıdır. “Belə görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha çox müdaxilə etmək, orada yeni bölücü xətlər yaratmaq, ölkələri regionun anti-Rusiya gündəmini izləməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətmək məqsədi daşıyır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi hesab edir.

M.Zaxarova əlavə edir: “Rəsmi İrəvanın nədən söhbət getdiyini başa düşmədiyini iddia etməsi böyük sual doğurur. Axı bütün dünyanın gözü qarşısında Ermənistan kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
146
50
Mənbələr
Şərh ()
Bağla