AZ

"Əgər Paşinyan Azərbaycanla razılaşma əldə etmək istəyirsə..."

"Suyu bulandırmağa çalışan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın fəaliyyəti müxtəlif qüvvələrin maraqlarına xidmət edir".

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, sabiq nazirin ABŞ və Avropa ölkələrində yüksək vəzifəli rəsmilərlə intensiv görüşlərinə dair məlumat yayılıb:

“Oskanyan Baş nazir Nikol Paşinyana Azərbaycanla razılaşma əldə etməyə mane olmağa çalışır. O, baş nazirin bütün addımlarını tənqid edir. Bu baxımdan, ABŞ və Avropa ölkələrində Oskanyanla görüşən rəsmilər kimlərdir? Axı həm Vaşinqton, həm də Brüssel Paşinyana dəstək verir. Belə çıxır ki, həmin dairələr Paşinyana dəstəklə yanaşı, onun mövqelərini zəiflətməyə çalışan Oskanyanla da fikir mübadiləsi aparırlar. Ancaq bu, Rusiyanın təsirindən qurtulmağa çalışan Paşinyana əlavə problem yaradır. Bu isə Qərbin maraqlarına ziddir. Ya da Oskanyan ABŞ və Avropada aşağı səviyyədə qəbul olunur, onun fikirləri diqqətə alınmır.

Oskanyan müxalifət partiyalarında təmsil olunmur, deputat deyil, sadəcə özünün təsis etdiyi fondun sədridir. Böyük ehtimalla fondu üçün müxtəlif təşkilatlardan ianə toplayır, aralarında erməni lobbisinin təmsilçiləri də var, yol və otellərdə qalma pulunu onlar verir”.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyanın daxili-xarici siyasətindən narazı qalan erməni diasporunun imkanlı nümayəndələrinin Oskanyana maliyyə ayırması da istisna deyil:

“Həmçinin sabiq nazir özünün təsis etdiyi “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi”nə diqqəti cəlb etməyə çalışır. Paşinyan və komandası Qarabağ mövzusunu unutmağa çalışarkən, Oskanyan bunun tam tərsiylə məşğuldur. Əgər Paşinyan Azərbaycanla razılaşma əldə etmək istəyirsə, oskanyankimilər ona mane ola bilməyəcək. Buna baxmayaraq, suyu bulandırmağa çalışan Oskanyanın fəaliyyəti müxtəlif qüvvələrin maraqlarına xidmət edir. Onlar arasında Ermənistanın radikal müxalifətindən tutmuş Paşinyana nifrət edən Rusiyadakı dairələrə qədər mərkəzlər var”.

Seçilən
38
34
Mənbələr
Şərh ()
Bağla