AZ

Görünməz sipər

Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramıdır. 105 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin ilk xüsusi xidmət orqanı yaradılıb. Xüsusi xidmət orqanları ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş hər cür təhdidləri zərərsizləşdirən görünməyən sipərdir. Azərbaycan xüsusi xidmət orqanları çətin, lakin şərəfli inkişaf yolu keçib.

Azərbaycan, yerləşdiyi coğrafi mövqeyinə, təbii sərvətlərinə və mənəvi potensialına görə bir ölkə kimi tarix boyu müxtəlif dövlətlərin, güclərin diqqət mərkəzində olub. XX əsrin əvvəlində Rusiya imperiyasının dağılmasından sonra müstəqillik əldə etmiş gənc respublikamız həmin dövrdə məhz qeyd etdiyimiz güclərin nüfuz savaşı aparmaları səbəbindən qısa müddətdən sonra müstəqilliyini itirdi. SSRİ-nin tərkibində olduğumuz 70 il ərzində də Azərbaycan həmin güclərin SSRİ-yə qarşı yönəlmiş təhdidlərinin əsas hədəflərindən biri olub. Həm birinci müstəqil respublika dövründə, həm sovetlər birliyinin tərkibində olduğu illərdə Azərbaycanın xüsusi xidmət orqanları dövlətin onların qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetiriblər. XX əsrin ikinci yarısından başlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarında məsul vəzifəyə təyin olunması ilə respublikamızın xüsusi xidmət orqanlarında milli kadrların irəli çəkilməsi, sayının artırılması prosesi başlandı. Hər zaman ölkənin gələcəyini düşünən Ulu Öndər xüsusi xidmət orqanları üçün milli kadrların yetişdirilməsi işinə xüsusi diqqət ayırırdı. Məhz onun bu uzaqgörənliyinin nəticəsi idi ki, keçən əsrin 90-cı illərinin əvvəlində SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarının formalaşmasında ciddi kadr çatışmazlığı yaranmadı: Ulu Öndərin yetişdirdiyi kadrlar həm əməkdaş kimi, həm də xidmətə yenə başlamış gənclərin müəllimləri kimi milli təhlükəsizliyimizin təmin olunmasında əsas yükü öz çiyinlərinə götürdülər.

Milli təhlükəsizliyin təmin olunması dövlətin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının milli təhlükəsizliyi — dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir. Bu gün, Azərbaycanın xüsusi xidmət orqanları bu vəzifəni uğurla yerinə yetirirlər.

Xarici dövlətlərin xüsusi xidmət orqanlarının əsas fəaliyyəti öz dövlətlərinin maraqlarını təmin etmək, Azərbaycanın iqtisadi, siyasi həyatına təsir imkanlarını yaratmaqdır. Bu zaman həmin məqsədlərə çatmaqda onlara maneə olan əsas güc, təbii ki, Azərbaycanın xüsusi xidmət orqanlarıdır. Ona görə də xüsusi xidmət orqanlarımız ölkəmizə qarşı aparılan kəşfiyyat-təxribat və digər pozuculuq fəaliyyətlərinin əsas hədəflərindən biridir. Onlar tərəfindən bu istiqamətdə aparılan informasiya savaşının əsas məqsədi xüsusi xidmət orqanlarımız haqqında şaiyələr yaymaqla, qorxunc, insanların hüquqlarını tapdalayan, cəza orqanı obrazı yaratmaqla vətəndaşlarımızda xüsusi xidmət orqanlarımıza qarşı etimadsızlıq, inamsızlıq münasibətinin formalaşdırılmasıdır. Kifayət qədər informasiya olmadıqda bəzi insanlar bu məlumatlara inanırlar. Məsələ burasındadır ki, hər bir qurumun fəaliyyəti əldə olunan nəticələrə əsasən qiymətləndirilir. Xüsusi xidmət orqanlarının əsas vəzifəsi baş vermiş cinayətlərin açılması və cinayətkarların müəyyən edilib məsuliyyətə cəlb edilməsindən çox, həmin cinayətlərin hazırlanma mərhələsində qarşısının alınmasıdır.  Azərbaycan xüsusi xidmət orqanları bu vəzifəni layiqincə yerinə yetirir, il ərzində ölkəmizə, insanlarımıza qarşı yönəlmiş  saysız-hesabsız belə cinayətlərin baş verməsinin qarşısını alırlar.Təbii ki, çox hallarda obyektiv səbəblərdən bu əməliyyatların bir çoxu barədə cəmiyyətimiz məlumatsız olur. Düşmənlərimiz və onların ölkə daxilindəki əlaltıları da belə vəziyyətdən yararlanmağa çalışırlar. Lakin, insanlarımız həqiqəti çox gözəl bildiyinə görə düşmənlərin xüsusi xidmət orqanlarımızı ləkələmək cəhdləri boşa çıxır.

Xüsusi xidmət orqanının əməkdaşı olmaq çox şərəfli, eyni zamanda çox çətin bir missiyadır. Xüsusi xidmət orqanının əməkdaşı fədakardır. Çünki, xüsusi xidmət orqanının əməkdaşı olmaq könüllü şəkildə öz hüquq və azadlıqlarından imtina etmək, həyatını dövlətə və xalqa bağışlamaq deməkdir, günlərlə, aylarla, bəzən illərlə istirahət etməmək, ailədən uzaq düşmək, normal həyat şəraitindən məhrum olmaq deməkdir. Bunu isə yalnız fədakar insanlar qəbul edə bilərlər.

Xüsusi xidmət orqanının əməkdaşı vətənpərvərdir. Yuxarıda qeyd etdiyimiz fədakarlıq yalnız yüksək vətənpərvərlik hissindən yarana bilər. Yalnız vətənə olan sonsuz sevgi naminə insan böyük qurbanlara gedə bilər.

Xüsusi xidmət orqanının əməkdaşı peşəkardır. Peşəkarlıq istedad deyil, anadangəlmə keyfiyyət deyil. Peşəkarlıq, peşəsini dərindən sevərək öz üzərində yorulmadan çalışmaqla, öyrənməklə formalaşan keyfiyyətdir və bu keyfiyyəti özündə formalaşdırmaq həm fədakarlıq, həm də vətənpərvərlik tələb edir.

Xüsusi xidmət orqanının əməkdaşı etibarlıdır, sədaqətlidir. Xidməti vəzifəsinin icrası ilə bağlı müxtəlif xarakterli məxfi məlumatlarla tanış olan, dövlətin sirlərini daşıyan əməkdaş həmin məlumatların etibarlı qoruyucusu olur. Dövlətə və vətənə sədaqətinə görə heç bir şəraitdə o, həmin məlumatı açıqlamaz. Hətta həyatını fəda etməli olsa belə, malik olduğu vətənpərvərlik hissi onu öz sədaqətindən döndərə bilməz.

Xüsusi xidmət orqanının əməkdaşı təvazökardır, səmimidir, sadədir. Dövlət, qarşılarında qoyulmuş vəzifələrin icrası ilə bağlı xüsusi xidmət orqanlarına böyük səlahiyyətlər verib. Lakin, bu səlahiyyətlər xüsusi xidmət orqanı əməkdaşlarının davranışında hansısa mənfi keyfiyyətlərin özünü göstərməsinə gətirmir. Xüsusi xidmət orqanının əməkdaşı hər cür təkəbbürdən, lovğalıqdan, eqoist davranışdan uzaqdır, insanlarla səmimi münasibət qurur, gündəlik həyatında, məişətdə, ictimaiyyət arasında sadəliyi ilə hörmət qazanır.

Azərbaycan Respublikasının xüsusi xidmət orqanının əməkdaşı olmaq, millətini, vətənini sevən, milli-mənəvi dəyərlərinə sahib çıxan, ən yüksək insani keyfiyyətlərə malik insan olmaq deməkdir.

Bu günkü əmin-amanlığın, sabitliyin təmin olunmasınada xüsusi xidmət orqanları əməkdaşlarının rolu əvəzolunmazdır. Bu gün bizlər rahat şəkildə həyatımızı sürürüksə, işə, dərsə gedib-gəliriksə, istirahət ediriksə, azad şəkildə gəzib-dolanırıqsa, buna görə böyük ölçüdə təhlükəsizliyimizin görünməyən sipəri olan xüsusi xidmət orqanlarımıza borcluyuq.

Peşə bayramınız mübarək, fədakar insanlar!

Məhəmməd Məhərrəmov,

təhlükəsizlik orqanlarının veteranı, istefada olan polkovnik

phrase_var_article.chosen
21
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close