AZ

Uzun müddətdən iki ilə...

Rusiyada miqrantlarla bağlı qaydalar sərtləşdirilir

MÜBARİZ

Bütün zamanlarda ayrı-ayrı ölkələrdə miqrantlara münasibət fərqli olub. Bir sıra hallarda onlar hansa səbəbdən pənah gətirdikləri ölkələrdə arzuolunmaz qonaq kimi qarşılanıblar və ögey münasibətlə üzləşiblər. Bu günlərdə Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş və çoxlu sayda insanın həyatını itirməsi ilə nəticələnmiş dəhşətli terror aktından sonra isə qonşu Rusiyada da dövlət qurumları vasitəsilə ölkəyə miqrant axınına nəzarətin sərtləşdirilməsi istiqamətində tədbirlər görülməsinə başlanıb. Məsələ burasındadır ki, törədilən terror aktının miqrantlarla bilavasitə bağlılığı var. Belə ki, Rusiya paytaxtında yaşanan insanlıq faciəsinin icraçıları qismində məhz miqrantlardan istifadə olunub. Verilən məlumatlara görə məlum terror aktının törədilməsində  Rusiya ilə normal münasibətlərə malik Tacikistandan olan miqrantlar iştirak ediblər. Bununla da terrora məruz qalan qonşu ölkədə  miqrantlara münasibətdə qaydaların sərtləşdirilməsi və nəzarət tədbirlərinin gücləndirilməsi qərara alınıb.

Rusiyada miqrantlara nəzarət tədbirlərinin gücləndirilməsi çağırışı ilk növbədə ölkənin ali rəhbərliyinin tələbidir. “Miqrasiya sahəsində vəziyyət milyonlarla vətəndaşımızı narahat edir. Bunu nəzarətdə saxlamaq lazımdır”. Rusiya prezidenti Vladimir Putin bu sözləri Baş Prokurorluğun kollegiyasının iclasında deyib. Dövlət başçısı müvafiq quruma miqrasiya sahəsində qanunun aliliyinə riayət olunması da daxil olmaqla, cinayətə qarşı qabaqlayıcı tədbirlər sistemi üzərində düşünməyi tapşırıb.

Gücləndirlən nəzarət tədbirləri çərçivəsində Rusiyada miqrantların əmək müqaviləsinin müddəti iki ilə qədər məhdudlaşdırıla bilər. Bu təkliflə Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış edib. “Təcrübə göstərir ki, bu müddət mütəxəssisin həyata keçirdiyi layihələri başa çatdırması üçün kifayət edir”, - deyə nazirliyin yaydığı məlumatda vurğulanıb.

Qeyd olunur ki, Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanununa dəyişikliklər edilməsi haqqında” qanun layihəsi artıq Rusiya Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsi tərəfindən təsdiqlənib. Qanun layihəsində miqrantlardan işlədikləri layihələri başa vurduqdan sonra ölkəni tərk etmələri tələb olunacaq. Hazırda qüvvədə olan qaydalara görə isə “Rusiyada miqrantlarla əmək müqavilələri müddətsiz bağlana bilər” bəndi yer alır.

Bəs “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktından dərhal sonra miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirlməsinə start verilməsi Rusiya üçün nə dərəcədə səmərəli olacaq? Qonşu ölkədəki mənzərə fonunda qanunun sərtləşdirlməsinin birmənalı şəkildə müsbət nəticələrə gətirib çıxaracağı fikrini söyləmək çətindir. İndiyədək böyük əraziyə malik Rusiya miqrantlar üçün, necə deyərlər, məhdudiyyətsiz əmək bazarı qismində çıxış edib. Ölkənin müxtəlif şəhərlərinə əsasən keçmiş ittifaq məkanında yer almış ölkələrdən güclü axın edilib. Burada, əlbəttə ki, dil bilikləri, vahid dövlət tərkibində yaranan ənənələr, məsafə yaxınlığı, qohumluq əlaqələri kimi faktorlar mühüm rol oynayıb. Eyni zamanda, Rusiya əhalisinin azalması fonunda əmək ehtiyatlarına artan tələbatını həm də miqrantlar hesabına ödəyib. Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi isə ölkənin miqrasiya mənzərəsinə öz korrektələrini gətirib. Belə ki, uzanan müharibə səbəbindən Rusiyaya pul qazanmağa gələn miqrantların sayı kəskin şəkildə azalmağa başlayıb. Eyni zamanda, rublun dollar qarşısında kəskin dəyər itirməsi, artan inflyasiya da azalmaya təsirsiz ötüşməyib. 2023-cü ilin statistikasına əsasən, Rusiyada qonşu ölkələrdən olan 18 milyon əmək miqrantı rəsmi qeydiyyata alınıb. Ölkəyə gəlmə sayında isə azalmalar müşahidə edilir. 2023-cü ilin ilk altı ayında ölkəyə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50 min az miqrant daxil olub. Müvafiq institutların araşdırmalarına görə, ümumilikdə, Rusiyaya uzunmüddətli gəlişlər (ölkədə qeydiyyat - doqquz ay və ondan yuxarı) 282 min nəfər qeydə alınıb. 2022-ci ildə bu göstərici 333 min nəfər təşkil etmişdi. Tacikistan istisna olmaqla (bu ölkədən axın təxminən 4 min nəfər artıb), bütün MDB ölkələrindən Rusiyaya işləmək üçün daha az adam gəlib. Rusiya prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun eksperti Yuliya Florinskayanın sözlərinə görə, 2023-cü ildə Rusiyada eyni vaxtda işləyən əmək miqrantlarının sayı 3,5 milyon nəfəri ötməyib. Halbuki məsələn, 2020-ci ilə qədər bu, ən azı 4,5 milyon idi.

Qanunvericiliyə nəzərdə tutulan yeni sərtləşdirmə qaydaları qonşu ölkələrdən Rusiyaya miqrant axınının zəifləməsinin yeni dalğasını gətirə bilər. Bu isə yalnız miqrantların deyil, həm də ölkənin özünün maraqlarına uyğun gəlmir. Sirr deyil ki, məlum müharibə başlayandan sonra xeyli sayda Rusiya vətəndaşı ölkəni tərk edib. Bunun üstünə çağırış yaşında olan gənclərin orduya çağırılması faktını da əlavə edək. Bütün bunların nəticəsi olaraq əmək bazarında ciddi boşluqlar yaranıb. Hazırda Rusiya sənayesində, xidmət sektorunda kəskin işçi qüvvəsi çatışmazlığı hiss olunur. Sərtləşdirilən qaydalardan sonra ölkəyə gələn miqrantların azalması fonunda Rusiya əmək bazarında ucuz işçi qüvvəsinə olan ehtiyacı necə qarşılayacaq?

Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla