AZ

Aİ və ABŞ-ın müştərək “erməni sevdası”...

Konfrans niyə Brüsseldə keçiriləcək?

Müəyyən beynəlxalq dairələr Cənubi Qafqazda gərginliyin davam etməsinə maraqlıdır. Bu məqsəd üçün Ermənistandan alət kimi istifadə edilir. Xüsusilə Qərb dairələri hansısa vədlər verməklə rəsmi İrəvanı tamamilə öz təsir dairəsinə salmağa çalışır. Bununla da, Rusiya ilə konfrantasiyada olan Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək niyyətini ifadə edir.  

Aprelin 5-də Brüsseldə nəzərdə tutulan  Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenin konfrans formatında birgə görüşü də bu yöndə atılan növbəti addım hesab edilə bilər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Brüsseldə keçiriləcək görüşdə “Ermənistanın inkişafı ilə bağlı üçtərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək”. “Avropa Komissiyasının rəhbəri fon der Lyayen, baş nazir Nikol Paşinyan və dövlət katibi Blinkenin görüşü cari il aprelin 5-də Brüsseldə planlaşdırılır. Görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi nəzərdə tutulur. Tədbir həmçinin Ermənistanın dayanıqlığının artırılmasına yönəlib”, - deyə A.Qriqoryan “Armenpress” dövlət informasiya agentliyinə məlumat verib.

XİN: Aİ missiyası anti-Azərbaycan təbliğat aləti kimi istismar edilməkdədir

Xatırladaq hələ ötən il  oktyabrın 5-də Paşinyan və fon der Lyayen Qranadada keçirilən görüşdən sonra birgə bəyanatlarında bu məsələyə toxunmuşdular. Avropa Komissiyasının sədri, Ermənistanı dəstəkləmək üçün Aİ-ABŞ tədbirinin hazırlandığını demişdi. Görünən odur ki, artıq belə bir toplantının keçirilməsi konkretləşib.

Azərbaycan tərəfi isə dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub. Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.

Ermənistan niyə hərbiləşdirilir?

Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Narahatlıq doğuran digər məsələ isə Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Ermənistanla məsuliyyəti bölüşəcəklər

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb. A.Hacızadənin qeyd etdiyi kimi, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası “təsir dairələri” yaradır.

Ümumiyyətlə, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Azərbaycan XİN beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Nardar BAYRAMLI

Seçilən
151
50
Mənbələr
Şərh ()
Bağla