AZ

Fransanın baş nazirinə xatırlatma

 Azərbaycanın həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur

Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək ölkəmiz haqqında böhtan kampaniyası aparır. Bugünlərdə isə Fransanın baş naziri Qabriel Attal Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində Azərbaycana qarşı və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialar səsləndirib. Attal çıxışında Azərbaycanın guya Ermənistan ərazilərini işğal etdiyini və həmin ərazilərdən çıxmalı olduğunu iddia edib: “Fransanın vəzifəsi Ermənistanın müstəqilliyini, demokratiyasını, ərazisini, bir sözlə, suverenliyini qorumaq və ərazi bütövlüyünü qorumaq üçün ona dəstək olmaqdır”.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Qabriel Attalın Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış anti-terror tədbirlərini qınayan və Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirən Fransa baş nazirinə xatırladırıq ki, Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik  Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğundur. “30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur. Bir daha, Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq”,-deyə XİN rəsmisi vurğulayıb.

Ümumiyyətlə, Fransanın indiki mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa parlamenti hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən qısa müddət sonra o vaxt Qarabağdakı separatçı rejimin tanınmasının zərurəti haqda qətnamə qəbul etmişdi. Eləcə də, ordumuz Qarabağda erməni separatizminin kökünü kəsərək suverenliyimizi tam bərpa etdikdən sonra rəsmi Paris ölkəmizə qarşı qərəzini daha da artırıb. Fransanın Ermənistanı silahlandırması isə Cənubi Qafqazda yeni müharibə təhlükəsi yaradır.

30 il ərzində Ermənistandan və Azərbaycan torpaqlarından qovulan soydaşlarımızın taleyinə biganə qalan Fransa indi əsassız olaraq az sayda erməninin “etnik təmizlənməyə” məruz qalması barədə dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq bölgədən könüllü çıxan erməni sakinlərin geri qayıtması üçün canfəşanlıq edir. Eləcə də, Fransa Avropa İttifaqının Müşahidə Missiyası adı altında  öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib. Yeri gəlmişkən, ötən gün Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bir qrup fransalı deputatlarla birlikdə Zod qızıl mədəninin Ermənistandakı olan hissəsinə səfər ediblər. Bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının X mikrobloqunda yayılan məlumatda qeyd edilib: “Biz Fransanın Ermənistandakı səfiri Olivye Dekotinini və Fransa Milli Assambleyasının deputatlarını Martunidə qəbul etməkdən məmnun olduq. Biz Zod qızıl mədəninin ətrafında təhlükəsizliklə bağlı fəaliyyətlərimizi və proseslərimizi təqdim etdik”.

Göründüyü kimi,  Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.

NARDAR

phrase_var_article.chosen
23
33
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close