AZ

“Crocus City Hall” terroru: görünən və görünməyən tərəflər...

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da baş verən terror hadisəsinin üstündən günlər keçməsinə baxmayaraq mövzu hələ də aktuallığını qorumaqdadır. Xatırladaq ki, bir neçə terrorçunun insanlara atəş açması nəticəsində 150 nəfərdən artıq insan həyatını itirib. Rusiya KİV-nin yaydığı məlumatlara görə, 4 terrorçu Bryansk yolunda Ukraynaya tərəf qaçarkən avtomobildə yaxalanıblar. Moskvanın Basmann məhkəməsi bəyan edib ki, şəxslər əməllərini tam etiraf ediblər. Dalerjon Mirzoev, Murodali Rachabalizoda, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduni barəsində istintaqın tələbi ilə 4 aylıq həbs qərarı verilib. Daha sonra isə terrorla bağlı məsuliyyəti İŞİD terror təşkilatının Tacikistan qolu sayılan “Vilayəti Xorasan” qruplaşması üzərinə götürüb. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”-a silahlı hücumun “radikal islamçıların əli ilə törədildiyini” deyib. O, görülən tədbirlərlə bağlı iclasda vurğulayıb ki, ABŞ müxtəlif kanallar vasitəsilə öz peyklərini və dünyanın digər ölkələrini inandırmağa çalışır ki, öz kəşfiyyat məlumatlarına görə, Moskvada törədilmiş terrorda guya Kiyev izi yoxdur və qanlı terror aktı Rusiyada qadağan olunmuş İslam Dövlətinin üzvləri tərəfindən törədilib”. Putin həm də əlavə edib ki, Rusiya hakimiyyəti hücumun “kimin əli ilə” edildiyini bilir, lakin “sifarişçisinin kimliyi ilə maraqlanır”.

Yol müharibəsində yeni fraza: “Dünya müharibəsi”nin konturları dəyişir?

Bəli, Rusiyada törədilən bu dəhşətli terror aktı yeni siyasi nizam  uğrunda gedən amansız mübarizənin növbəti acı səhifəsinə çevrildi. Artıq bir həftədir ki, bütün dünya KİV-ləri məsələnin baş vermə səbəbləri və ya ehtimalları üzərində var-gəl edir - nəticə isə dəyişmir. Bu aktın hazırki situasiyanı daha da gərginləşdirmə ehtimalı gündən-günə artır. Eyni zamanda, baş verənlərdə İŞİD izinə təsadüf edilməsi vəziyyəti daha da qəlizləşdirir. Bu məsələ həm də bəzi mühüm mesajlar kimi xarakterizə olunur:

- İŞİD-in Mərkəzi Asiya qolu regionda sabitliyin pozulması üçün əlindən gələni əsirgəməyəcək;

- Qərb üçün yeni “anti-terror” coğrafiyası formalaşır;

- Bölgədəki iqtisadi layihələrin təhlükəsizliyinin qorunması məsələsi “qlobal güclərə” tapşırılmalıdır;

- Ehtimal edilən “Dünya müharibəsi”nin konturları və sərhədləri dəyişə bilər...

Təbii ki, bu kimi izahedici bəndlərin sayının qarşıdakı dövrdə artma ehtimalı böyükdür. Çünki dünyanın əksər paytaxtlarından, xüsusilə indiki halda Rusiya ilə düşmən, Mərkəzi Asiya - Cənubi Qafqaz ticarət xəttini nəzarətə götürmək üçün hazır dayanmış bir sıra dövlətlər yaranan situasiyadan maksimum yararlanmağa çalışır. Verilən bəyanatların mahiyyəti təxminən illər öncə İraq və ya Suriya haqqında verilən bəyanatlarla böyük ölçüdə oxşarlıq yaradır. Görünən odur ki, “təhlükəsizlik” seqmenti yeni dövr üçün əsas müzakirə predmeti kimi önə çıxma ehtimalını gücləndirir...

ABŞ-ın Əfqanıstan “mina”sı partladı: İŞİD-in “tacik qolu” necə yaranıb?

Məsələni araşdırmaq üçün qısa haşiyəyə çıxaq - İŞİD-in Mərkəzi Asiyada fəal daldanacaqlarından sayılan “ünvanlar” illərlə Qərb koalisiyasının nəzarətində saxlanılırdı. 2001-ci ildəki 11 sentyabr hücumlarından sonra başlanan Əfqanıstan müharibəsi “terrorizmlə mübarizə” şüarı ilə meydana çıxmışdı. Maraqlıdır ki, mərhələlərlə iki onillikdə davam etmiş bu mübahisə hansısa “maraq”dan 2017-ci ildə öz mahiyyətini və xarakterini dəyişdi: ABŞ ilə “Taliban” arasında sülh görüşləri başladı. 2018-ci ilin sentyabrında Əfqan əsilli amerikalı diplomat Zalmay Xəlilzad “Taliban”la müzakirələr üçün ABŞ xüsusi nümayəndəsi olaraq təyin edildi. 2020-ci ilin 29 fevralında Xəlilzad və “Taliban” Əfqanıstandakı ABŞ qüvvələrinin nəzərəçarpacaq dərəcədə geri çəkilməsinin önünü açan və “Taliban”dan ölkənin terrorçu fəaliyyətlər üçün istifadə olunmayacağına dair zəmanətləri ehtiva edən müqavilə imzaladı. Sülh müqaviləsi çərçivəsində yekun geri çəkilmə üçün 1 may 2021-ci ili dəqiq tarix olaraq müəyyənləşdirən Əfqanıstandan geri çəkilmə prosesi başladı. Məhz hazırki prezident Baydenin dönəmində - 2021-ci ilin yayında ABŞ qoşunları Əfqanıstanı Allahın ümidinə və “Taliban”ın sərəncamına buraxaraq regionun tərk etdi. 30 avqust 2021 il tarixi isə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi ABŞ qüvvələrinin Əfqanıstandan çəkilmə prosesinin tamamlandığını açıqladı.

Əfqanıstan məsələsinə boş yerə toxunmadıq - Rusiyada baş verən terrorda məsuliyyəti üstlənmiş “Vilayəti - Xorasan” qruplaşması diqqəti dəstənin “mənzilləndiyi” Əfqanıstana yönəldir. “Killer” mahiyyətli bu qruplaşmanın sifariş həyata keçirdiyi sirr deyil - hər bir halda bu qruplaşmaya “sifariş” verəcək tərəflər özlərini daha rahat maskalaya bilərdilər. Amma bu məsələ daha başqa istiqamətlərə yol alma ehtimalı yaradır:

- Ən real sifarişçi kimi adı hallanan Ukrayna bununla özünü sanki “oda atır”;

- Rusiya baş verənləri əlində əsas tutaraq Kiyevə doğru ağır hücumlara başlaya bilər;

- Ən əsası isə Rusiya hakimiyyəti müharibə ilə bağlı yeni mənəvi stimul qazanmış oldu.

Yəni, bu “sifarişi” verənlər daha çox Ukraynanı tələyə salır, nəinki Rusiyanı. Sifarişi isə ABŞ-ın Əfqanıstanı “təhvil verdiyi” qrupa məxsus dəstəyə “həvalə etmək” isə açıq oynamaqdır. KİV-də yayıldığı kimi, “Vilayəti Xorasan” terror qruplaşması 2014-cü ildə Əfqanıstanda meydana çıxıb. İŞİD-in İraqda və Suriyada məğlub edilməsi bu qrupu daha da fəal duruma salıb. 2015-ci ildə Tacikistan xüsusi təyinatlı qüvvələrinin komandirlərdən polkovnik Gülmurod Halimovun İŞİD-ə qoşulması ilə “tacik qrupu” terror təşkilatı daxilində ciddi gücə çevrilməyə başladı. 2017-ci ildə ABŞ-ın Əfqanıstanla bağlı yeni “plan” yürütməsi isə onları Mərkəzi Asiya regionunda daha da möhkəmləndirdi.

İslam faktorunun qabardılması: Rusiya və Çinə dolayısı ilə zərbə vurmağa hazırlıq

Qayıdaq terrorun “izinə”... Terrorun özü Moskvada baş versə də “izi” fərqli ünvanlara tuşlanır. Sirr deyil ki, Rusiyanın ən etibarlı sərhəd zonası müttəfiqləri ilə əhatə olunan cənub, cənub - şərq sərhəd xəttidir. Rusiyanın şimalı, və qərbi ən azından  onunla eyni xətti bölüşməyən dövlətlərlə əhatə olunub. Finlandiyi ilə İsveçin də NATO-ya qəbul edilməsinin ardından Rusiyanın “şimal çənbəri” daralmaqdadır. Bu nöqteyi - nəzərdən terror təhlükəsinin cənubdan qaynaqlanması işlənilən planın tərkib hisssəi kimi görünür - Rusiya bununla cənub zonasına diqqəti daha da artırmalı olacaq, terror təhlükəsini aradan qaldırmaq üçün səfərbər olacaq və Şimal - Qərb istiqmətində gücünü təbii olaraq zəiflədəcək.

“Medalyonun” digər üzü isə Rusiyanı son illərdə daha isti münasibətdə olduğu ölkələrlə əlaqələrinin zəiflədilməsinini hədəf seçilməsidir. Təsadüfi deyil ki, Mərkəzi Asiya ölkələrinin əksəriyyəti KTMT üzərindən Rusiya ilə hərbi müttəfiqlərdir. Terror planını sifariş verən qüvvələr bu yolla müttəfiqlər arasında etimad mühitini zəiflətmək, Rusiyaya qarşı “yeni cəbhənin açılması” eştimalını ortya atmaqdır. Bu amil isə həmin güclərə Rusiyaya qarşı psixaloji üstünlük yaradır ki, bu da indiki məqamda olduqca mühüm bir məsələdir.

Digər vurğulanası əsas məqam terrorun İslam dininə bağlı bir qruplaşmaya sifariş olunmasıdır. Hazırki durumda Rusiyaya düşmən olmayan, neytrallığını qoruyan, bölgədə sabitliyin əldə olunması üçün çalışan ölkə kimi Türkiyə ön sırada yer tutur. Türkiyə həm də İslam ölkələri ilə yaxın əlaqələrə malikdir -Pakistan və digər İslam dövlətləri Ankara ilə isti münasibət saxlayır. Bu terror aktına İslam “qiyafəsi” geyindirməyə çalışanlar həm də Rusiyadakı ictimai rəyi İslam ölkələrinə qarşı “təmərküzləşdirməyə” səy göstərir. Beləliklə də, Rusiya üçün “güvəniləcək ölkələrin” siyahısından İslam dövlətlərini çıxmaqla yeni siyasi situasiya formalaşdırmağa niyyətlənirlər. Sirr deyil ki, Rusiyanın daxilindəki müsləman xalqlarına qarşı ayrı-seçkilik məsələsi bu kimi xarici mərkəzlərin ən sevimli mövzularından biridir. İndiki halda xüsusilə sosial şəbəkələrə bu tip informasiyaların buraxılması, anti-İslam müzakirələrinin açılması daxili arenada çaşqınlıq yaratmaq çün ən real “silahdır”.

Bu terrorda “İslam faktoru”nun qabardılması sifarişçilərin ən mühüm istəyidir - çünki bunun bir qolu da son illərin ən mühüm iqtisadi-siyasi oyunçusu sayılan Çinə zərbə vurmağa hesablanıb. Diqqət yetrsək, terror aktı Orta Dəhliz seqmentində rəqəmsal daşımaçılığın reallaşdığı günlərdə baş verdi. Bu addımla bir sıra maraqlı güclər Orta Dəhlizin heç də iddia edildiyi kimi təhlükəsiz xətt olmadığını sübut etməyə çalışır. Eyni zamanda, onlar bu yolla Çini Orta Dəhlizin ən mühüm stansiyaları olan müsəlman ölkələrinə qarşı qıcıqlandırmağa niyyətlənirlər.

Erməni-Qərb birləşməsi iz azdırır: İrəvanın ASALA təcrübəsi...  

Beləliklə də, 2020-ci ildən bu yana Orta Dəhlizə can atan maraqlı güclər bu terror aktından istifadə edərək yeni “təhlükəsizlik konsepsiyası” qəbul etmək niyyətinə düşə bilərlər. Ermənistanda “toplanmış” mülki missiya bu “konsepsiya” üçün ilkin addım da sayıla bilər. “Qərbsiz təhlükəsizlik yoxdur” ideologiyasını şüuraltına yeritməklə yeni dünyanın ən mühüm ticari xəttinə nəzarət etmək imkanı qazana biləcəklər. Bunun üçün isə Ermənistandan istifadə olduqca realdır:

- Ermənistanın ASALA-nın timsalında terror “təcrübəsi” mövcuddur;

- Bu ölkədə bölgəni təhdid altında saxlamaq üçün bütün yollara əl atacaq qüvvələr kifayət qədər çoxdur;

- Ermənistan bütün güclərin saldığı havaya oynamaq üçün hazırdır.

Beləliklə, bu teraktın nəticələri sırasında Ermənistanın marağı da xüsusi qeyd edilməlidir. Bəlkə də terrorun radikal islamçılara “həvalə edilməsi” də erməni-Qərb izinin azdırılmasına planlaşdırılıb. Çünki 30 ilə yaxın Azərbaycana qarşı terror siyasəti yürüdən Ermənistan üçün kimlərinsə əlində maşa olmaq olduqca asandır. Ermənistanın paytaxtında terrorçuya abidənin ucaldılması, bundan nümunə götürən bəzi Avropa paytaxtlarının da rəzil tarixi faktları “əbədiləşdirmək” cəhdləri diqqətdən kənarda qala bilməz. Terrorçu zehniyyətdən qaynaqlanan bu kimi addımlar onların əsl niyyətini ortaya çıxaran sübutlardır.

Təsadüfi deyil ki, baş verənlərin həmən ardından Rusiyadakı ermənipərəst zümrə məsələ ilə bağlı Azərbaycanı hədəf göstərməyə çalışdılar. Marqarita Simonyan, Vladimir Solovyov kimiləri sanki belə bir terror aktının törədiləcəyindən “xəbərdarmış” kimi anti- Azərbaycan tezislərini yenidən dövriyyəyə buraxmağa başladılar. Xüsusilə, terror aktının baş verdiyi “Crocus City Hall”ın Azərbaycan əsilli iş adamına məxsus olmasına tez-tez “işarə vurulması” bu təbliğatın konturlarının əvvəlcədən hazırlandığını belə deməyə əsas verir.

Ən təhlükəsiz ölkə: Azərbaycan antiterror reytinqində...

Qeyd olunduğu kimi, bəzi “alətlərin” Azərbaycanı bu məsələyə qatmaq cəhdi birmənalı şəkildə fiaskodur - çünki Azərbaycanın terrorizmə qarşı mülbarizədə tutduğu yer və aldığı önləmlər hər kəsə bəllidir. Təsadüfi deyil ki, “Global Terrorism Index 2024” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasında Azərbaycan “0” indekslə sonuncu - 89-cu yerdə qərarlaşıb. Ölkəmiz Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə siyahıda terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Xatırladaq ki, GTI reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır. Beynəlxalq hesabatlardan göründüyü kimi, nə qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, müstəsna dərəcədə uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən son illər görülən effektiv işlər nəticəsində Azərbaycan dünyada ən yüksək daxili təhlükəsizlik reytinqinə yüksəlib. Bu mənada, Azərbaycanı hansısa “terrorda”günahlandırmağa çalışmaq və ya hədəfi bizə tərəfə tuşlamaq cəhdləri boşunadır.  

Pərviz SADAYOĞLU

phrase_var_article.chosen
30
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close