AZ

“Düzgün ideyalar praktikada yanlış tətbiqlərlə qarşılaşır“ - TƏHSİL EKSPERTİ

“Tam orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı hazırda 14-dür. Təklif olunur ki, əsas fənlər üzrə sayı 9 olsun. Təmayüllər üzrə istiqamətlərdə isə Humanitar (Azərbaycan dili, Ədəbiyyat, Azərbaycan tarixi, Xarici dil), Texniki (Riyaziyyat, İnformatika, Fizika), Təbiət elmləri (Fizika, Kimya, Coğrafiya, Biologiya) və digər istiqamətlər üzrə fənlərin sayının azaldılması da təklif olunur. Təqdimatdan sonra işçi qrupların nümayəndələri maraqlı rəy və təkliflər ilə müzakirələrə qatılıblar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, onlar fənlərin sayının azaldılmasının, bununla da şagirdlərin dərs yükünün azaldılmasının təqdirəlayiq bir hal olacağını vurğulayıblar: “Bildiriblər ki, gələcəkdə fənlərin sayının azaldılması təhsil alanların təhsilə marağının artmasına və öyrənməyə meyillərinin inkişafına səbəb ola biləcək bir dəstəkləyici vasitə olacaq.

İndi artıq dünyanın hər yerində orta məktəblərdə də bu tendensiya gedir. Dünya təcrübəsindən görürük ki, 8-ci sinif də daxil olmaqla, artıq şagirdlərin maraqları müəyyən olunur. Uşaqlar dil seçimini də özləri edir. 8-ci siniflərdə şagirdlərə fənn seçiminin verilməsini dəstəkləyirəm. Amma bunun son qərar olmasını dəstəkləmirəm. Yəni bir uşaq 8-ci sinifdə humanitar bir sahəni seçə bilər, amma 2 il sonra "dəyişmək istəyirəm" deyə bilər. Bu imkan ona verilməlidir ki, seçimini dəyişə bilsin. Bəzən olur ki, 8-ci sinifdə verilən qərar həyati əhəmiyyətli bir qərar kimi qəbul olunur və şagirdlərə sahələri dəyişmək fürsəti verilmir. Bu, tamamilə yanlışdır. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəblərin də təcrübəsinə baxanda görürük ki, şagirdlərə, dil dərsləri, humanitar dərslər, kompüter texnologiyaları, dəqiq elmlər, riyaziyyat, o cümlədən, kimya, biologiya və fizika dərslərini seçməyi təklif edirlər. Yəni 8-ci sinfə qədər öyrədildikdən sonra seçimi şagirdlərə məcbur etmirlər. Fənləri şagirdlər özləri seçirlər. Ali məktəblərdə də tələbənin ixtisasına uyğun olmayan çoxlu sayda fənlər tədris olunur. Əslində, hər bir fənn öz-özlüyündə çox lazımlıdır, sadəcə, tələbənin oxuduğu ixtisasa uyğun olmalıdır.

İndi ümumi tibb təhsilindən fərqli olaraq, hansısa spesifik sahəni, məsələn radiologiya, oftalmologiya, kardiologiya, cərrahiyyə sahələri və s. öyrədilir. Ümumi intellektual biliyə sahib olmağın yanında ixtisaslaşma, müəyyən sahələrə yönəlmə və digər sahələrə üz çevirmə artıq qaçılmaz bir durumdur. Amma ölkə üçün vacib olan fənlər də var. Bu, Azərbaycan tarixi, Azərbaycan dili və riyaziyyatdır. Bunlar orta məktəbin sonuncu sinfinə qədər bütün şagirdlərə məcburi olaraq tədris olunan fənlərdir. Belə də olmalıdır.

Sadəcə, bunun praktikasında ehtiyatlı olmaq lazımdır ki, düzgün tətbiq olunsun. Bəzən olur ki, hər hansı bir yaxşı islahat ideya olaraq irəli sürülür, ancaq praktikada yanlış tətbiqlərlə qarşılaşır. Məsələn, təmayüllü siniflər meydana gətirildi. Şagirdlərin sırf bu məqsəd, yəni lazımsız fənlərdən qurtulması üçün təmayüllü siniflər yaradıldı. Təhsilalanlar sırf ixtisaslarına uyğun təmayülləşdi. Ancaq praktikada necə oldu? Məktəb rəhbərləri təmayüllü və təmayülsüz sinifləri görüb bəzən şagirdləri heç ixtisas qruplarına uyğun olmadan təmayül siniflərinə yönəltdilər. Hansı ki, o, həmin ixtisas qrupunu seçməyib. Təmayülsüz siniflərə isə dəcəl, məktəbdə ab-havanı pozan şagirdləri yerləşdirərək, onları sanki çıxdaş etmiş oldular. Bu isə Təhsil Nazirliyinin deyil, sırf məktəb direktorlarının atdıqları addımdır. Ona görə də, hər bir islahat planı məktəblərdə fəlsəfəsinə və məqsədinə uyğun tətbiq edilməlidir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla