AZ

Lyamblioz xəstəliyinə yoluxmuş şəxslərin qida rasionundan şəkərli qidalar çıxarılmalıdır

Hazırda ən aktual problemlərdən biri lyamblioz xəstəliyidir. Bu xəstəliyə həm uşaqlar, həm də böyüklər arasında rast gəlinir.
 
Aztibb.az-a bu barədə məlumat verən Binəqədi Tibb Mərkəzinin həkim-laborantı Gülnarə Allahverdiyeva bildirib ki, lyambliya bir hüceyrəli ibtidaidir. Lyambliya qurd deyil ki, gözlə görünsün. Lyambliya öd kisəsi, öd yolları, on iki barmaq bağırsaqda yerləşən və nazik bağırsağın divarını zədələyən parazit növüdür. Nazik bağırsağın divarını zədələdiyinə görə B 12 vitamininin bağırsaqlar tərəfindən sorulması pozulur və nəticədə qan azlığı yaranır. Eyni zamanda bu parazit karbohidrat və zülalların sorulmasını pozur. Karbohidratlar lyambliya üçün əsas qida mənbəyidir. Orqanizm ona lazım olan qida maddələrini ala bilmədiyi üçün iştahasızlıq, halsızlıq, baş ağrıları kimi şikayətlər yaranır.
 
Həkim-laborant, həmçinin bu parazitlə yoluxmuş xəstələrin qida qəbuluna xüsusi diqqət yetirməsinin vacibliyini qeyd edib: "Bu parazitlə yoluxmuş şəxslərin qida rasionundan şəkərli qidalar çıxarılmalıdır. Lyambliya, eyni zamanda öd yollarında iltihaba səbəb olur ki, bu da ödün axmasını çətinləşdirir".
 
Gülnarə Allahverdiyevanın sözlərinə görə, lyambliya xəstəliyini aşkar etmək üçün iki üsuldan istifadə edilir. Nəcisin ümumi analizində kistlərin olması yoxlanılır. Nəcisin ümumi analizi ən azı üç dəfə təkrarlanır. Müasir standartlara uyğun olaraq lyambliya xəstəliyini aşkar etmək üçün testlərdən də istifadə olunur. Bu xəstəlyə yoluxmuş şəxslərdə qanın ümumi analizi (eozinofillər) yoxlanılmalıdır. Çünki allergiya və parazit xəstəliklərində eozinofillərin sayı çoxalır. Nəcis laboratoriyaya daxil olduğu anda təcili surətdə yoxlanılmalıdır. Lyambliya xəstəliyini aşkar etmək üçün duru nəcisdə selik hissədən hazırlanmış nativ yaxmaya mikroskopla baxılmalıdır. Lyambliyaya yoluxmuş şəxslərin tez bir zamanda müayinə və müalicəsi məsləhətdir.
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla