AZ

"Mən illərlə problemləri deyirəm, bundan sonra da deyəcəm, çünki vicdanımız təmizdir"

Gürcüstan millisi pley-offun finalında Yunanıstana qalib gələrək(0:0, penaltilər seriyasında - 4:2).tarixində ilk dəfə Avropa çempionatının (Avro-2024) final mərhələsinə vəsiqə qazandı.

Qonşu ölkənin komandasının bu uğura nail olması hər birimizdə Azərbaycan millisinin də niyə bunu bacara bilməməsi sualını yaradır.

Niyə Gürcüstan millisi bunu edə bilir, biz yox?

Sportinfo.az xəbər verir ki, qol.az-ın müxbiri mövzu ilə bağlı mütəxəssislərə müraciət edib. Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov bunu bir neçə amillə əlaqələndirib:

“Birinci yol açmaq lazım idi. O yol ki, uğura aparır. Yolu da açan mütəxəssislərdir. Əsas məsələ budur. İkinci oyunçu amilidir. Ölkə xaricində nə qədər futbolçu oynamağından çox şey asılıdır. Gürcüstan millisinə son çağırılan 26 nəfərdən 23-cü ölkə xaricində çıxış edir. Onların yerli çempionatı elə də yaxşı durumda deyil. Klub səviyyəsində biz onlardan üstün idik. Amma milli səviyyəsində tam olaraq bizdən üstündürlər. Hələ 1990-cı illərdən onlarda düzgün strategiya qurulub.

Ağasəlim Mircavadov

İnfrastruktur məsələsi də vacib şərtdir. Gürcüstanda olan meydançalar bizdə yoxdur. Hətta onlar süni örtüyə çox az yer verirlər. Əksər meydançalar təbii ot örtüklüdür. Qeyd etdiyim iki amil həddindən artıq vacibdir. Biz də fikirləşirik ki, nə etmək lazımdır? Əgər biz ancaq əsas milliyə fikir versək, əcnəbi məşqçilər axtarışında olsaq, çətin olacaq. Ukrayna millisi də Avro-2024-ə vəsiqə qazandı. Onlarda da sistem yaxşı qurulub. Mən onların U-21 millisini ötən il İspaniyada izləmişdim. Dünən isə əsas millilərinin oyununa baxdım. Demək olar ki, eyni sistem idi. Bu da vacib məsələdir. Əsas milli ilə U-21-in məşqçiləri eyni düşüncədə, fəlsəfədə olur. Söhbət ondan gedir ki, biz niyə bu sistemi götürmürük? Öyrənmək ayıb deyil”.

A.Mircavadov qeyd edib ki, Azərbaycandan fərqli olaraq Gürcüstanda futbol sahəsində daha çox keçmiş oyunçular çalışır: “Futbolda bu oyunu bilən adamlar işləməlidirlər. Futbolçu gedib mühəndis işləyə bilməz. O, futbol sahəsində olmalıdır. Gürcüstanda belədir. Bizdə futbolu hamı "yaxşı" bilir: uşaq da, böyük də, hətta xanımlar da. Yəni danışmaqda əlayıq. Amma iş görmək, ideya vermək, bu ideyanı təhlil etmək lazımdır. Futbol işini futbolçudan soruşmaq lazımdır. Bizdə hər şey tərsinədir. Şəxsən mən bütün oyunları analiz edirəm”.

Azərbaycan millisinin sabiq üzvü, futbol mütəxəssisi Bəxtiyar Musayev isə problemi ilk növbədə AFFA rəhbərliyində görür: “İllərdir ki, bu problemlərdən danışırıq, amma heç bir faydası yoxdur. Futbolumuzu irəliyə aparacaq işlər görülmür. Yarıtmaz federasiya fəaliyyəti, uşaq futbolundakı problemlər... Mən Gürcüstan kimi komandaların uğurlarına sevinirəm. Heç olmasa ildən-ilə düzgün işlər aparılar. Bu yaxınlarda AFFA prezidentliyinə seçkilər olacaq. Xeyirli olsun deyirəm. Amma bir tərəfdən də düşünürsən ki, elə də böyük dəyişiklik olmur. Biri var ki, tam tərkibdə dəyişiklik olsun, biri də var ki, qismən. İllərdir yerimizdə sayırıq. Əgər bir irəliləyiş yoxdursa, təbii ki, bu işi icra edənlərdən yapışmaq lazımdır. Hər bir işdə belədir. Uzun illərdir heç bir inkişaf yoxdur. Bu işləri mən aparmıram, sən aparmırsan. Bu işi aparan federasiyanın başbilənləridir”.

Bəxtiyar Musayev

B.Musayev AFFA-da çalışan futbol adamlarını da tənqid edib: “Bu neçə ildə yalandan əl qaldıranlar, özünü düşünənlər yox, futbolu fikirləşənlər federasiyada öz sözlərini deməli idi. Təəssüflər olsun ki, bunları görmədim. Əgər De Byazi 3 dəfə milliyə baş məşqçi seçilirsə və bunu bizim futbol adamları dəstəkləyirsə, nə deyəsən? Birinci gündən seçimin bərbad olduğu görünürdü. Yəni bizdə də Gürcüstandakı kimi federasiyada futbol adamları təmsil olunur. Amma bununla iş bitmir. Futbol adamı gərək vicdanla, doğru və dürüst davransın. Onların sözü də keçərli olmalı idi, sözlərini deməyi bacarmalı idilər. Hərdən eşidirik, deyirlər ki, biz filan qərarı istəyirdik, icazə vermədilər. İcazə vermirlərsə, oturmayın orada. Yəni belə bir amillər var. Bunlar hamısı özünü düşünməyə görədir. Gərək işlədiyin yerə vicdanla xidmət edəsən. Ancaq maaşı, özünü düşünsən, sözünün də kəsəri olmayacaq. Bu insanları seçən də, qərarları verən də AFFA-dakı başbilənlərdir. Mən illərlə problemləri deyirəm, bundan sonra da deyəcəm. Çünki vicdanımız təmizdir. Biz tarix qarşısında məsuliyyət daşıyırıq. Heç kim təkcə bu günü ilə yaşamamalıdır. Bizim də fəaliyyətimizə bir neçə ildən sonra müəyyən sayda adam qiymət verəcək.

Gürcüstanda savadlı və işləyən kadrlar bir yerə yığılıb futbolu idarə edirlər. Onların lap əvvəldən Avropa səviyyəli futbolçuları olub. Amma bir müddətdir Gürcüstan futbolunda da gerilik var idi. Son vaxtlar isə doğru insanların federasiyaya rəhbərlik etməsi ilə irəli gedə bilirlər. Cavan və savadlı kadrlara üstünlük verirlər. Hər gün eşidirsən ki, filan yerdə akademiya tikilir. Onlarda bizdəki kimi deyil ki, Çivadze, Şengeliya ömür boyu məsləhət versin. Bizdə hər yerdə eyni adamlardır. Federasiyada bunlar, məktəb açılır bunlar. Belə iş olmur axı. Gürcüstanda baxırlar ki, kim daha sağlam düşünür, kim savadlıdır, işlər onlara tapşırılır. Bizim veteranlara da Allah can sağlığı versin, böyükdürlər, hörmət edirik. Amma insan gərək birinci özünə hörmət etsin ki, biz kiçiklər də hörmətini saxlasın. Həmişə bizdə böyüyə hörmət olub, amma neçə illərdir uçuruma doğru gedirik, heç kim heç nə danışmasa da olmur axı. Bizim nə qədər ömrümüz var? Biz də istəyirik ki, necə ki, torpaqlarımız işğaldan azad olundu və sevindik, futbolumuzda da irəliləyiş görək. Bizim işimiz budur. Ömrü boyu bu işlə məşğul olmuşuq. Hər gün futboldan danışırıq. İstəyirik ki, bu işdə də ürəyimiz açılsın”

phrase_var_article.chosen
72
18
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close