AZ

"Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ölkənin əmtəə bazarında kolbasa və sosiska məmulatlarına böyük seçim və imkan var". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, 20-yə qədər kolbasa, sosiska məmulatlarının yerli istehsalçıları var: "Eləcə də xarici ölkələrdən də kifayət qədər gətirilir. Lakin bu bazar həddindən artıq çirklənmiş vəziyyətdədir. Təəssüflər olsun ki, istehlakçıların xarici istehsala maraqları var. Yerli ət məmulatları istehsalçılarının bəzilərini istisna etməklə yerli kolbasa və sosiska istehsalı və malları xarici istehsaldan çox üstündür. Bir çox ölkələrdən, o cümlədən Rusiya, Belarusiyadan gətirilən kolbasa və bu tipli məmulatlar yaxşı etiketlənir, onlara çoxlu dadverici, qoxuvericilər vurulur və sair. Lakin insanlar bilmirlər ki, onun tərkibində ətin miqdarı çox azdır və ətin də mənşəyi əksər hallarda naməlum olur. Bununla belə yerli istehsalda da problemlər var. Bir neçə barmaqla sayılan miqdarda normal kolbasa istehsalçıları var ki, onlar yerli heyvan ətlərindən və bəzi hallarda Hindistandan gətirilən təmiz camış ətindən kolbasa istehsalı ilə məşğul olurlar. Bütün hallarda bu mallar tez xarab olmasın deyə, xarici və yerli müəyyən qida əlavələri ilə zənginləşdirilir. Əksər hallarda onların tərkibinə nitratlar vurulur. Nitratlar ümumiyyətlə arzuolunmaz komponentdir".

"Belə kimyəvi maddələr insana zərərlidir. Ona görə kolbasa məmulatlarını standartlara uyğun istehlak etmək lazımdır. Təsadüfi deyil ki, məktəb bufetlərinə dair standartlar qəbul olunub. Həmin standartlarda məktəb bufetlərində kolbasa məmulatlarının satışına icazə verilmir. Bu da təsadüfi deyil. Lakin istehlakçılar ucuz bu cür mallara bəzən üstünlük verirlər. Biz görürük ki, metro çıxışlarında, xüsusilə 8-ci km bazarında heç bir etiketi olmayan qızardılmış kolbasalar insanları cəlb edir. Bunlar əslində təhlükəli mallardır. Bu bazar həddindən artıq çirklənibdir. Çox təəsüf edirəm ki, standartlara uyğun normal kolbasa istehsalçıları öz bazarlarını təmizləmək üçün heç bir iş görmürlər. Bunlar media, ictimai təşkilatlarla əlbir işləsinlər ki, bazar təmizlənsin. Tədqiqat göstərir ki, əslində bu qanunauyğun kolbasa istehsalçılarının saxta istehsalçılarla müəyyən əlaqələri var. Həddindən artıq passivlik göstərilir.

Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi kolbasaların etiket məlumatları ilə onların tərkibinin araşdırılması barədə işlər aparır. Bu ilin yanvarından bu belədir. Bəzən halal adı altında buraxılmış kolbasaların içində donuz ətinin olduğu da müşahidə olunur. Qida Təhlükəsizliyi Agentliyi bunları ifşa edir. Ümumiyyətlə, kolbasa və ət məmulatlarını minimum miqdarda istehlak etmək lazımdır. Bunlar əgər çox istifadə olunarsa, ciddi mədə-bağırsaq, mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər.

Standartlara uyğun kolbasa istehsalçıları var. Onlar hətta sosiskaların bir neçə dənədən sonra üzərinə son yararlılıq müddətini yazırlar. Lakin kənar ölkələrdən gətirilən kolbasa və sosiska məmulatlarının yararlılıq müddəti uzun olur. İstehlakçılar bunları da nəzərə almalıdırlar" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə
phrase_var_article.chosen
98
27
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close