AZ

AFFA-da Rövşən Nəcəf dövrü: Azərbaycan futbolunu nə gözləyir?

AFFA-nın 2024-cü il aprelin 2-də növbəti Hesabat-Seçki Konfransı olacaq. Konfransda qurumun prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. AFFA Prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib.
 

AFFA prezidentliyinə hazırda SOCAR-ın rəhbəri Rövşən Nəcəfin namizədliyi irəli sürülüb. Qeyd edək ki, o, yeganə namizəddir. AFFA-nın İcraiyyə Komitəsinə namizədlərin adları da açıqlanıb.
 

Bəs Rövşən Nəcəf futbol sahəsində uğurlu addımlar ata biləcəkmi? Ondan gözləntilər nələrdir?
 

Məsələ ilə bağlı Modern.az-a danışan “Qol.az” saytının baş redaktoru Aydın Bağırov AFFA-nın yaydığı siyahı barədə ümumi fikrinin mənfi olduğunu bildirib:
 

“Çünki yenə bir xeyli layiqli futbol mütəxəssisi var ki, adları İcraiyyə Komitəsinə(İK) namizədlər sırasına daxil edilməyib. Daha çox futbola birbaşa bağlılığı olmayan şəxslər namizəd göstərilib. Hələlik yeganə müsbət məqam kimi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev, İTV-nin baş direktoru, eyni zamanda “Sabah” FK-nın Müşahidə Şurasının üzvü Balakişi Qasımovun yeni üzvlər sırasında olmasını qeyd edərdim.
 

Köhnə üzvlərdən düz 10 nəfər, o cümlədən Elxan Məmmədov İK-də yer almayacaqlar. Bu, müsbət faktdır.


Amma əsas məsələ odur ki, yeni İcraiyyə Komitəsinin 3-4 yox, bütün 13 üzvü Azərbaycan futbolu və azarkeşləri qarşısında məsuliyyətlərini dərk etsin. Komitəni əvvəlkilər kimi qeyri-ciddi struktura, kofe-breyk klubuna çevirməsinlər. Nəhayət, Azərbaycan futbolu adına faydalı olacaq bütün yaxşı təkliflərə hörmət və ciddiyyətlə yanaşsınlar. Qərarlar bir nəfərin fikri ilə deyil, birgə müzakirələr nəticəsində verilsin”.

A.Bağırovun fikrincə, İK-nin yeni üzvlərinin ilk imtahanı milli komandaya baş məşqçi seçimi ilə bağlı olacaq:
 

"Komandaya mütləq yerli mütəxəssis gətirilməlidir. Yox, əgər yeni baş məşqçi yenə əcnəbi olacaqsa, deməli, AFFA-nın növbəti prezidenti və qərarverici strukturu olan İK-nin yeni tərkibindən də müsbət nəsə gözləməyə dəyməz!"
 

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Rövşən Nəcəfin federasiyaya xeyir verəcəyinə əmin olduğunu söyləyib:
 

"AFFA-ya kim prezident seçiləcəksə, ona xeyirli-uğurlu olsun. Rövşən Nəcəf bir müddət “Neftçi” Futbol Klubuna başçılıq edib. Klubda islahatlar aparmağa çalışırlar. Federasiyaya ümumi futbolumuzu düşünürək xeyir verəcəyinə əminik".

Millinin sabiq baş məşqçisi vurğulayıb ki, bir nəfərin gəlib bütün problemləri qısa müddətdə həll etməsi mümkün olan iş deyil:
 

"Bu istiqamətdə uğur qazanmaq üçün radikal dəyişikliklərə ehtiyac var. Əgər biz 32 ildə nəyisə dəyişə bilməmişik. Çox çətin sahədir. Birdən-birə 1 ilə-6 aya nəyinsə dəyişəcəyini düşünsək, yanlış fikir olar.  Sistem qurularaq, addım-addım hədəfə getmək lazım olacaq.  Bir nəfərin gəlib 0-dan hər şeyi 100 faizə qaldırması mümkün olan iş deyil. Futbol  çoxşaxəli sahədir.  Burada bir-birinə bağlanmış zəncirlər çoxdur. Bir zəncir düzəltməklə uzun bir zənciri həll etmiş  olmur.  Yaxşı konsepsiya, plan hazırlanmalıdır ki, futbolda inkişafı bir neçə il sonra gözləyək. Buna görə də radikal addımların atılmasına ehtiyac olacaq".

Seçilən
22
39
Mənbələr
Şərh ()
Bağla