AZ

PREZİDENT: “Mənim sözüm imzam qədər qüvvətlidir!” ŞƏRH

Prezident İlham Əliyev həmişə çıxışlarında "mənim sözüm imzam qədər qüvvətlidir",-deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! "Mənim sözüm imzam qədər qüvvətlidir!",- deyən Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk gündən həyata keçirdiyi siyasət isə respublikamızın davamlı yüksəlişini, möhkəmlənməsini, qüdrətlənməsini təmin edib. Bu inkişaf kompleks xarakter daşıyaraq cəmiyyət həyatının bütün sahələrində yüksəlişə yol açıb.Nəticə etibarilə Azərbaycan regionun lideri statusuna sahib olub, beynəlxalq enerji təhlükəsizliyində dünyanın aparıcı dövlətlərindən biri kimi tanınıb. Bütün bunların fonunda son illərin əsas reallıqlarından biri bugünkü Azərbaycanın öz tarixinin ən qüdrətli dövlətinə çevrilməsidir. Təbii ki, bütün bu uğurlarımızın kökündə hər şeydən əvvəl siyasi iradə, möhkəm qətiyyət, düzgün idarəçilik dayanır. Məhz bunların sayəsində Ulu Öndər Heydər Əliyev 1993-cü ildə, ümidlərin artıq tükəndiyi bir vaxtda Azərbaycanı xilas etmişdi. Özünün siyasi müdrikliyi ilə Heydər Əliyev xarici təsirlərin maraq dairəsində olan Azərbaycanı qorudu, müstəqilliyimizin itirilməsinə imkan vermədi, ölkəmizi inkişaf yoluna çıxardı. Heydər Əliyevin hələ həssas dönəmlərdə dünyanın aparıcı neft şirkətlərini Xəzərin karbohidrogen ehtiyatlarına cəlb etməsi onun siyasi müdrikliyinin göstəricisi idi.
32 ildən sonra Azərbaycana tamamilə fərqli mənzərə hakimdir
Düz 32 il əvvəl, 1992-ci ilin may ayında müstəqilliyimizin ağır günlər, hakimiyyət uğrunda çəkişmələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək planlarını həyata keçirə bilməsi üçün əlverişli zəmin yaratdı və Şuşa, Laçın işğal olundu. AXC-Müsavat cütlüyü siyasi hakimiyyətə gəlmək üçün milli xəyanətə qol qoydu. Ancaq bu gün - 32 ildən sonra isə dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən "Xarıbülbül" festivalı artıq bərpa olunub."Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 20 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Bütün müharibələrdə olduğu kimi, İkinci Qarabağ müharibəsinin taleyini də strateji bir hədəf həll edirdi ki, bu da Şuşa idi. Məhz buna görə 44 günlük müharibədə çox böyük uzaqgörənlik nümayiş etdirən müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşən ordunun böyük hissəsini Şuşa istiqamətində səfərbər etdi. Şuşa qələbəsindən sonra azğın düşmən ağ bayraq qaldıraraq təslim oldu, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı, hələ azad olunmamış üç rayonla yanaşı, bir neçə kəndimizi boşaltmaq öhdəliyini üzərinə götürdü və Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edildi. Hələ 2010-cu il noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Separatçı rejiminin nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan "Dağlıq Qarabağ respublikası"nı tanıyıb Dağlıq Qarabağda öz səfirliyini açsa. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycana ordusunun parlaq zəfəri bu iyrənc, təkəbbürlü ifadələrin sahiblərini qorxaqcasına susmağa məcbur edir. Prezident çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Erməni vandalizminin şahidləri - Güllələnmiş büstlər doğma Vətənində
Erməni vandallar törətdikləri cinayətlərə görə mütləq cəzalarını çəkəcəklər. Və bu vandalizmin şahidləri - güllələnmiş büstlər doğma Vətəninə qayıdıb. Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfərləri zamanı dediyi kimi: "Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar...Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq". Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan tolerant ölkədir. Elə səfərləri zamanı həm məscid, həm kilsəni ziyarət etməklə Prezident dünyaya tolerantlıq, gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar verdi: "Paşinyan və ailə üzvləri, daha əvvəllər isə Sarksiyan, Koçaryan və digər xunta üzvləri Şuşaya hərbi əsirləri işkəncə etmək, büst oğurlamaq, talan üçün gəlirdisə, Azərbaycan rəhbərliyi quruculuq üçün gedir... Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq".Bəli, 44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə - noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. "Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər Azərbaycanın səbri ilə oynamasın, 44 günlük müharibə onların yadından çıxmasın",-deyən dövlət başçısı bir daha vurğulayıb ki, iti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik: "Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar!".
"Dəmir yumruq" gücündən - Qarabağ dirçəlişinə doğru
Bu gün dəmir yumruğun gücü ilə Qarabağ Azərbaycandır dirçəliş yolundadır. İlk öncə bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi əsas məsələlər sırasındadır. Doğrudur, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Bu, həm on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolları çəkilib, dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur.Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Hər kəs şahiddir ki, erməni vandallarının daşı daş üstündə qoymadığı torpaqlarımızda bir ildə hansı işlər görülüb və bu quruculuq işləri hər gün davam etdirilir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək. İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması bunu təsdiqləyir. Və İkinci Qarabağ savaşını "Dəmir yumruq"la qazanan Ali Baş Komandan İlham Əliyev "dəmir iradə" ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır. Yeni açılışlar, təməlqoymalar isə işğaldan azad edilmiş torpaqlarımızda başlanan tikinti-quruculuq, yenidənqurma işlərinin, yəni Qarabağın inkişaf planının tərkib hissəsidir.Bir sözlə, dövlət başçımızın dediyi kimi: "Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir".ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

phrase_var_article.chosen
25
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close