AZ

Qərbin Cənubi Qafqazda ikinci Ukrayna ssenarisi

Aprelin 5-də Brüsseldə Avropa İttifaqı (Aİ) - Ermənistan - ABŞ müştərək görüşünün keçirilməsi nəzərdə tutulur. Eksperlərin fikrincə, bu görüş regionda sülh və sabitlik üçün yaxşı heç nə vəd etmir və Ermənistanla sülh sazişi üzrə danışıqlara ziyan vurmağa hesablanıb. Üstəlik, kollektiv Qərbin hədəfi İrəvan vasitəsilə Cənubi Qafqazda təsirlərini artırıb, Rusiyaya yeni cəbhə açmaqdır. Təəssüf ki, Ermənistan hər zaman olduğu kimi, böyük güclərin öz planlarını həyata keçirmələrində alət olmaqda davam edir. Baş verənlər həm də onu göstərir ki, Qərb üçün Azərbaycanla Ermənistan arasında sülhün olması, münasibətlərin normallaşması əhəmiyyətli deyil. Onlar öz maraqları, hegemonluğu üçün regionu təhlükəyə atır, yeni gərginlik ocağı yaradır. Görüş zamanı hərbi paktın gündəmdə olacağına dair məlumatlar da bunu təsdiqləyir. Yəni bu pakt açıq şəkildə regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Başqa sözlə, ABŞ və Avropa regionu yeni qeyri-sabitliyə və fəlakətə sürükləyirlər. Hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir və Ermənistan revanşa hazırlaşdırılır.

Bununla Qərbin “sülh nağılları”nda nə qədər səmimi olduğu bir daha aydınlaşır. Həmin qüvvələr bu cür davranışları ilə özləri-özlərini ifşa edirlər. ABŞ-nin, Avropanın siyasətinin məğzi də bundan ibarətdir. Tarixə baş vurmadan, elə Ukrayna nümunəsini yada salmaq kifayət edir. Ukraynanı qanlı müharibəyə sövq edən Qərb, ölkəni əsl cəhənnəmə çevirib. İki ildən artıq davam edən müharibədə Ukrayna heç nə əldə edə bilməyib. Qərb isə artıq dəstək verməkdə tərəddüd edir, çünki yeni planı var - Cənubi Qafqada Ukrayna ssenarisini tətbiq etmək. Görünən odur ki, ABŞ və Avropa Azərbaycanın güclənməsi, öz ərazilərini azad etməsi ilə barışa bilmir. 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı, buna görə 3 il ərzində “Humanitar fəlakət” bəhanəsi ilə Azərbaycana və şəxsən Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Bütün planlarının nəticəsiz qaldığı üçün indi açıq şəkildə hərbi planlar qurulur.

Qeyd edilən hərbi pakt təbii ki, Azərbaycanla yanaşı, ümumilikdə region ölkələrinə qarşı da yönəlib.

Hərbi ekspert Elxan Şıxəliyev mövzunu “525”ə şərhində deyib ki, 5 apreldə keçiriləcək Ermənistan-ABŞ və Avropa İttifaqı rəsmilərinin görüşündə əsas iki istiqamətdə müzakirələr aparılacaq. Birinci istiqamət Ermənistanın iqtisadi təhlükəsizliyinin, ikincisi ümumiyyətlə təhlükəsizliyinin təminatıdır. Bu iki istiqamətdə də tərəflər Ermənistanın Rusiyadan iqtisadi asılılığını və təhlükəsizlik çətirindən necə qurtulmasının yollarını müzakirə edəcəklər.



Ekspertə görə, xüsusilə birinci mövzuda, yəni Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün müxtəlif fondlardan Ermənistana maliyyə yardımlarının ayrılması və iqtisadiyyatının diversifikasiyası yollarını müzakirə edəcəklər: “Ermənistanın təhlükəsizliyinin təminatı isə İrəvanın Rusiyanı bölgədən necə sıxışdırıb çıxaracağına dair müzakirələri nəzərdə tutur. Ermənistanın özü də təhlükəsizlik çətiri axtarışındadır. Artıq Avropa İttifaqı ona təhlükəsizliyinin üzərinə zəmanət paktı imzalamaq təklifini edib. Baş verənlər Cənubi Qafqazı yeni gərginliyə apara bilər. Eyni zamanda, Rusiya ilə münasibətləri aydınlaşdırmadan Ermənistanın bu keçidi etməsi, yəni Avropa İttifaqının təhlükəsizlik çətiri altına keçməsi çox çətin görünür. Tələsik bu məsələni həll etməkdə məqsəd Rusiyanın Ukrayna müharibəsindəki vəziyyəti ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi davam edir, Moskvanın həm hərbi, həm maliyyə-iqtisadi resursları azalmaqdadır. Düşünürlər ki, Rusiyanın başı Ukraynaya qarışmışkən Ermənistanı onun təhlükəsizlik çətiri altından çıxarsınlar. Deyəndə ki Cənubi Qafqaz üçün təhlükə, təhdid artıq yaranmağa başlayıb, o nəzərdə tutulur ki, Rusiya Ermənistanın bu müzakirələrinə necə yanaşacaq. Əslində Rusiya NATO-nun şərqə genişlənməsini özünə təhdid gördüyü üçün, 2008-ci ildə Gürcüstana müdaxilə etmişdi. Moldovada baş verənləri yada salaq, Ukraynada iki ildən çoxdur müharibə gedir. Dördüncü ölkə də poliqon olaraq Ermənistanı Rusiyaya qarşı qaldırırlar. Bu təhlükədən Ermənistan sığortalanıbmı? Düşünürəm ki, yox. Çünki Rusiya deyir ki, NATO-nun şərqə genişlənməsi Rusiyanın qırmızı xəttidir. Hansı ölkə üzərindən NATO, Avropa institutları bunu edirlərsə, Rusiya  dərhal müdaxilə edir”.

E.Şıxəliyev yada salıb ki, Rusiyanın 102-ci bazası Ermənistandadır, hazırda federal sərhəd xidməti həm Zvartnots aeroportu, həm Türkiyə və İranla sərhədlərini mühafizə edir. İqtisadi rıçaqları da hələ yerindədir. Eyni zamanda, Azərbaycan və Ermənistan sülh sazişini imzalamayıblar. Azərbaycan 8 kəndinin qaytarılmasını tələb edir, Zəngəzur dəhlizi açılmalıdır. Avropa İttifaqı, ABŞ rəsmiləri atacaqları addımların qarşısında, yəni Ermənistana təhlükəsizlik zəmanəti vermələri zamanı Rusiyanın və Azərbaycanın buna necə yaşamalarını test edəcəklər.

Ekspert deyib ki, onlar adətən öz namizədlərini hazırlayır, dövlət başına gətirir, sonra siyasi-hərbi dəstəyi verərək, onları cəsarətləndirirlər: “Onlar da Rusiyaya qarşı demarşa qalxır, müharibə vəziyyətinə gəlirlər. Bunun nümunələrini artıq sadaladım. Ermənistan da eyni yolu gedir. Söhbət burada Ai-nin və yaxud ABŞ-nin Ermənistan sevgisindən daha çox Cənubi Qafqazdakı coğrafiyaya təsiri artırmaq, sahib olmaq, gələcəkdə bu coğrafiya üzərindən qərar verilməsinin birləşmiş Qərbə aid olmasını təmin etməkdir.

Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusu verilib, Ermənistanda da müzakirələr gedir, bu iki coğrafiyanı Rusiyanın təsir dairəsindən çıxardaraq öz təsir dairələrinə salmaq, bunun üzərindən müharibə çıxarsa, onlar heç də ehtiyatlanmırlar. Çünki Gürcüstanda müharibə oldu,  Moldovada baş verənlər, Ukraynada müharibə hələ davam edir. Nəticə nə oldu? İtirən tərəf müharibə edən tərəflər oldu. Müharibə edən tərəflər düşünürlər ki, Rusiyaya nə qədər çox cəhbə açılsa, o qədər zəifləməsinə kömək edəcək. Hədəf Rusiyanın strateji məğlubiyyətə uğradılmasından sonrakı mərhələdə bu ölkələrin Avropanın siyasi institutlarının təsiri altına keçmələridir. Bu baş verərsə, təbii ki, Cənubi Qafqazda yeni ikinci cəhbənin Rusiya ilə açılması mümkündür. Ona görə də Avropa və ABŞ-i bu gərginliyin yaranmasında maraqlıdırlar. İtirən Rusiya, Ermənistan, qazanan Ermənistana silah satan ölkələr olacaq”.

Hərbi ekspert onu da vurğulayıb ki, baş verənlər böyük planın, yəni NATO-nun Şərqə doğru genişlənməsinin Cənubi Qafqaz üzərində bir hissədir. Nəticələrini sahədə görəcəyik.

Onun sözlərinə görə, Ermənistanın müzkirələrlə paralel silahlandırılması xüsusən, Fransa, Hindistan və Yunanıstan alınan silahlar hərbi-texniki arsenalını gücləndirir. Ermənistan bundan cəsarətlənib, gələcəkdə ordusunu təbii ki, Azərbaycana qarşı istifadə etməyi düşünür. Yəni silah satanlar gələcəkdə mümkün ola biləcək yeni müharibənin də əsaslarını yaradırlar. Ona görə də Azərbaycanın Ermənistanla bütün müzakirələri sülh sazişinin imzalanmasına yönəlib ki, Ermənistan ən azından silahlanmasını və təhlükəsizliyinin təminatını Azərbaycan üzərindən görmədikdə digər istiqamətlərdə bunu düşünmüş olsun. Ekspert hesab edir ki, ən yaxşı yol İrəvanın tez bir zamanda Azərbaycanla sülh sazişi imzalamasıdır. Türkiyə və Azərbaycanla münasibətlərin qurulması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyən edilməsi, kəndlərin qaytarılması ilə ən azından bir istiqamətdə özünün təhlükəsizliyini təmin etmiş olar. Rusiya ilə də münasibətləri necə həll edəcəklər, onu artıq sahədə görəcəyik”.

Pərvanə























Bizi Facebookda izləyin

Seçilən
167
12
Mənbələr
Şərh ()
Bağla