AZ

"Adamla elə görüşürlər, düşünürsən, sabahdan millinin baş məşqçisiyəm..." – Samir Abasov

"Sumqayıt" futbol klubunun baş məşqçisi, millimizin sabiq futbolçusu Samir Abasov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Samir bəy, ilk olaraq “Sabah”la oyundan başlayaq, bu məğlubiyyət komandadakı ab-havaya necə təsir etdi? Murad Xaçayevə oyundan sonra nələrsə dedinizmi?

- Ümumiyyətlə, belə səhvlərdən sonra nəinki Murad Xaçayev, heç kimlə danışmağı xoşlamıram. Fikirləşirəm ki, kimləsə individual danışanda oyunçu məşqçinin həmin səhvlərə kökləndiyini hiss edir. Bunu hiss etməsinlər deyə boş verirəm ki, oyunçular rahat olsunlar.

Məğlubiyyətdən sonra soyunub-geyinmə otağında əlbəttə ki, hamımız üzülürük. Yaxşı oyun oynayıb qələbə qazanmadıqda isə ikiqat üzülürsən. Amma bu oyundan qabaq futbolçularımı belə şeylərə hazırlamışdım. Məqsədimiz məğlubiyyətə görə nəticə çıxarmaq və ümumi oyunlarımızı analiz edib komandanın üzərində çalışmaqdır.

- Fasilədən sonra yenidən Sumqayıtda, Mehdi Hüseynzadə adına stadionda oyuna “Araz Naxçıvan”la qarşılaşacaqsınız. Həmin oyunla bağlı gözləntiləriniz nələrdir?

- Öncə ona gələk ki, bu fasilə bizə necə təsir edəcək... Bu, ən vacib duracağımız yerdir. Düşünürəm ki, oyun olaraq biz yaxşı ritm yaxalamışdıq. Söhbət udub-uduzmaqdan getmir. Oyundakı ritmimizdən görsənən o idi ki, futbolçular bütün matçlara hazır idi. Bu cür fasilələr istər-istəməz komandaya mənfi təsir göstərir. Bu cəhətdən bir az axsaya bilərik.

Məsələn, futbolçu var ki, həftəiçi və həftəsonu futbol oynayır. Ağrılar olsa belə, özü-özünü oyuna hazırlayır, ehtiyata düşmək istəmir. Amma belə fasilə olanda futbolçular da istirahətə gedir. Mən tərəfdən götürsək, oyunçuları tam ciddiyyətlə məşqə yığıb bir araya gətirməkdə problemlər yaranır, çünki arada uzun fasilə olur. Milliyə gedən oyunçularımız, zədəli futbolçularımız da var. Bir arada məşq etməməyimiz bizə pis təsir edə bilər. Yenə deyirəm, burda məsələ udub-uduzmaq deyil. Oyunun əvvəlindən sonuna kimi bir ritmdə oynamaq bir komanda üçün yaxşı xüsusiyyətdir. Belə olanda həm psixoloji, həm fiziki olaraq oyuna köklənirik.

- “Sumqayıt” bu mövsüm səfər oyunlarında daha uğurlu təsir bağışlayır. Ev oyunlarında qələbə qazanmaqda isə çətinlik çəkirsiniz. Bu nə ilə əlaqədardır?

- Bu, daxili prosesdir. Bunu anlamaq mənim üçün də çətindir. Amma ümumi oyunları analiz etsək, futbolçuların nə qədər istəkli olduğunu görürük. Bəlkə evdə uduzduğumuz, heç-heçə etdiyimiz hər oyundan sonra üzərimizdə olan təzyiq artır. Ev oyunlarında belə bir baryer var, aşa bilmirik.

Amma futbolçularımı hazırlamışam, məğlubiyyətlər də olacaq. Biz bundan nəticə çıxarmalıyıq. İndiki vəziyyətdə bu baryerləri aşsaq, xeyrimizə olacaq, o zaman rahat olacağıq.

- “Sabah”la oyuna qədər komandanız 2-ci pillədə qərarlaşırdı. Düzdü, çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, mövsümün əvvəlində hədəflər 2 və 3-cü yerlər deyildi. “Sumqayıt”ın avrokuboklar zonasına düşmək ehtimalı nə qədərdir?

- Pis tərəfimiz odur ki, həmişə ehtimallar üzərində danışırıq. Yəni ehtimallar üzərində qurulan işin, komandanın axırı necə ola bilər ki?.. Misal olaraq bu gün həmin ehtimallarla avrokuboklar zonasına düşdük. Amma ora düşmək, möhkəmlənmək, daim orada ayaq üstə qalmaq üçün bir iş görməmisənsə, birinci mərhələdən məğlub olub çıxacaqsan.

Dəfələrlə demişəm ki, bugünkü məqsədimiz hartadasa olmaq və olanı itirəndən sonra da üzülmək deyil. Klubun əsas məqsədi möhkəm komanda qurmaqdır. “Neftçi” və “Sabah”ın bu gün düşdüyü situasiya baxaq. Bu, onların pisinə gəlməsin, hər komandanın başına gələr bilər. Məsələn, “Qəbələ”nin başına gəldi. Həmişəmi eyni komandalar o situasiyada olacaqlar? Bəlkə gələn il olmadılar. Hazırda ikinci “Sabah”, üçüncü “Neftçi”dir. Biz daim oraları hədəf almaq üçün indidən komandamızı qurmaq istəyirik.

Bizə bunu “Qarabağ” futbol klubu göstərdi​

- Avrokuboklara vəsiqə qazanacağınız təqdirdə komandada hansı dəyişikliklər olacaq? “Sumqayıt” Avropa klubları ilə mübarizə aparmağa hazırdırmı?

- Bu gün avrokuboklara düşüb-düşməmək bizim üçün problem deyil. Hər iki halda komandamızda dəyişikliklər lazımdır. Ümid edirəm ki, bir neçə il sonra mənə “Bir neçə mərhələ keçmək üçün nə etmək lazımdır” sualını verəsiniz. Mənim işim odur, bunu etmək istəyirəm.

Düşünürəm ki, Azərbaycanda bu işi görmək olar. Niyə də olmasın?! Çünki bizə bunu “Qarabağ” futbol klubu göstərdi. Ora düşsək də, düşməsək də bəzi addımları atmalıyıq. Allaha şükürlər olsun ki, yerli futbolçularımız yetərli və yaxşı səviyyədədir. Komandanın onurğasını qurmaq üçün götürdüyümüz legionerlərin də səviyyəsi bizi qane edir. Bəzi məqamlar var ki, bunları düzəltməlisən.

- Stadionların boş olması təkcə Sumqayıtın yox, bütövlükdə Azərbaycan futbolunun problemidir. Avrokubok oyunlarını çıxmaq şərtilə "Qarabağ"ın matçlarında da stadionlar boş olur. Azərbaycanda azarkeş mədəniyyətini necə formalaşdırmaq olar? Necə edək ki, heç olmasa TFF-1 liqadakı qədər azarkeş gəlib oyunları izləsin?

- Bu, özümüz üçün də çox maraqlıdır. İki-üç gün öncə köməkçilərimizlə bu haqda danışırdıq. Hətta köhnə Sumqayıt komandası “Gənclər Birliyi”nin oyununa da baxdıq. İndiki "Sumqayıt" kimi deyildilər. Nəticəsi zəif olan bir komanda idi. Mehdi Hüseynzadə adına stadionda 6-7 minə yaxın azarkeş olurdu. Bu haqda mətbuat konfransında da söz açdım. Başbilənlər oturub bunu danışmalıdırlar. Bu, bizi aşan bir şeydir. Bunu azarkeşlərimizə açıq formada da çatdırmışam. Yəni siz olmasanız, biz uduza-uduza gedəcəyik.

Amma biz nə qədər azarkeş yığa bilərik, neçə nəfər dost-tanışımız var? Doğrudan da bu, üzücü məqamdır. Bu, ümumi futbolumuza təsir edir. Hansısa oyunçunu alanda təzə stadionumuzdan çəkilmiş videolar göndəririk. O adam oturub oyunlara baxır, azarkeş görməyəndə bilavasitə qərarına təsir göstərir. Bir sözlə, tək kluba təsir etmir. Azərbaycan futboluna və məşqçilərə də pis təsir edir.

- “Sumqayıt”dakı ilk dönəminizdə və “Neftçi”də çalışan zaman daha emosional təəssürat bağışlayırdınız. İndi isə daha təmkinli və soyuqqanlı görünürsünüz. Bu nə ilə əlaqədardır?

- Açığı, o qədər də soyuqqanlı, təmkinli deyiləm. Bu tərəfdən komandamı sırf gələcək üçün kökləyirəm və bəzi hallarda səhvlərə göz yummalıyam. Bilirəm ki, bəzən oyunçunun etdiyi səhvlər onun gəncliyi, təcrübəsizliyi, komandaya adaptasiya olmamasından irəli gəlir. Ona görə də futbolçularımın etdiyi səhvlərə emosional reaksiya göstərmirəm.

Açığı, bunu təkcə Əlyar Ağayevdə gördüm

- İstər əksər baş məşqçilər, istərsə də azarkeşlər hakimlərimizin idarəçiliyindən narazıdır. Hakimlər və idarəçilik haqqında nə deyə bilərsiniz?

- Biri var oyunun içində meydançanı idarə edirsən: bir proqram verilib, qanunlar yazılıb, hakim də qanunla gedir. Amma futbol elə oyundur ki, fərqi yoxdur baş məşqçi və ya hakimsən, olduğun situasiyaya görə qərar verməlisən. Məsələn, uzağa getməyək, Türkiyə superliqasında “Fənərbaxça”-“Trabzonspor” oyunundakı dava-qırğını gördük. Həmin oyunda hakimin etdiyi səhvlər önə çıxmır. Önə çıxan məqam 60-cı dəqiqədə, təzyiqin artdığı vaxtda hakimin oyunu niyə saxlamamasıdır. Əgər hakim orda o qərarı versəydi, hamı "halaldır" deyəcəkdi. O hakimi indi danışdırsanız, deyəcək ki, məsələn, "FİFA-nın qanununda meydançaya beş dənə butulka atıldı, amma altıncısı atılmalı idi ki, oyunu saxlayım". O hakim qanunla gedir.

Məni üzən məqamlardan biri də odur ki, bizim cavan hakimlər bu qanunların üzərində aşırı çox dayanırlar. Situasiyaya görə hərəkət etmirlər. Misal üçün, hakimlərlə ünsiyyət tərəfdən biz həddindən artıq axsayırıq. Bu da hakimlərimizin sırf bu qanunlara köklənmələri ilə əlaqədardır. Köhnə hakimlərimiz var ki, karyeralarını bitiriblər, bir-birimizi görəndə necə səmimi görüşürük. Onlar səhv etməyiblər? Onların vaxtında futbol ideal idi? Təbii ki, yox. O qədər olub ki, oyunun gedişatında yaşlı hakim yaxınlaşıb deyib "Samir müəllim, bu oyunçuna de ki, hakimlə dialoqa girməsin, kart alacaq". Biz də gedib soyunub-geyinmə otağında oyunçunu sakitləşdirmişik.

Açığı, bunu təkcə Əlyar Ağayevdə gördüm. Biri də var, futbolçu bəlkə haqlı olaraq əsəbiləşib. Misal üçün, rəqib futbolçu tərəfindən kobudluq olub, lakin hakim bunu görməyib deyə cəriməni verməyib. Futbolçuya əsəbi olduğuna görə sarı, daha sonra isə qırmızı kart verilməyi isə artıq haqsızlıqdır.

İndi elə dövrə gəlib çıxmışıq ki, hakimlərimiz də püxtələşib. Çox şükür bizdə narazılıq bir-iki sözlə bağlanır. Digər ölkələrə baxanda deyirik ki, bizdə vəziyyət şükürlüdür. İstədiyim də budur ki, hər bir halda səhvlər hakimə yönəlməsin.

- Mediada yazılanlara görə gənc futbolçu Nihad Əhmədzadə ilə bir neçə Avropa klubu maraqlanırdı. Daha çox Belçikanın "Vesterlo" klubunun adı çəkilirdi. Kluba Nihadla bağlı hansısa təkliflər gəlmişdi? Oyunçu ilə bağlı planlarınız nələrdir?

- Bildiyim qədəri ilə rəsmi təklif kluba gəlib. Rəhbərlik səviyyəsində danışıqlar olub. Nihad Əhmədzadənin orada olmamağı o demək deyil ki, “Vesterlo” klubu Nihad Əhmədzadədən əlini üzüb. Nihad Əhmədzadə diqqət altındadır. Tək o komanda yox, digər komandalar da var. Futbolçunu izləyirlər, ümid edirik ki, gedəcək.

- Daha bir gənc futbolçunuz Ayxan Süleymanlı U21 millsinə dəvət aldı. Başqa hansı gənc futbolçuları gələcəkdə milli komandada görə bilərik?

- Biz gənc futbolçu baxımından həddindən artıq problemlər yaşayırıq. Cavan futbolçuları kluba cəlb etməkdə problemlə üzləşirik. Tək “Sumqayıt”a yox, bütün klublarımıza aiddir. Bu neçə ildə maksimum iki nəfəri saya bilərik.

Bildiyim qədəri ilə Ayxan bizdən də əvvəl millidə var idi. Amma Ayxan və Nihad həddindən artıq işləməlidirlər. Onların səviyyəsi bizi qane etmir. Amma cavanları yetişdirmək nəinki bizim komanda, ümumiyyətlə, Azərbaycan çempionatı üçün böyük problemdir. Azarkeşlər problemi ilə eyni tərəziyə qoyulası problemdir.

- Gələn mövsüm üçün klubun hədəfləri nələrdir? Növbəti ildən daha iddialı "Sumqayıt" görə bilərik?

- İddialı "Sumqayıt" həmişə olacaq. Hər matçda çıxıb yaxşı oynamaq və qələbə qazanmaq üçün çalışacağıq. Həmişə belə olacaq. Mən addım-addım ora gəlib çıxmağın tərəfdarıyam. Son olaraq məqsədimiz avrokuboklarda daimi nəticə göstərməkdir. Oralara da tez bir zamanda gedib çıxa bilməyəcəyik. Özümüzü aldatmayaq.

Bəri başdan deyirəm ki, hamı bilsin. Bundan sonra suallar verəndə bilsinlər ki, fikrim klubla üst-üstə düşən istiqamətdə addım-addım getməkdir. Yaxşı komanda qurduqdan sonra daimi orada oynamaq istəyirik.

- Ötən ilin noyabrında “Lerik”lə oyunda ayağı qırılan Kristian Velinovskinin vəziyəti necədir? Nə zaman məşqlərə qoşula bilər?

- Ümumiyyətlə, Kristian Velinovski ilə bağlı çempionat bitəndən sonra nə isə dəqiq deyə bilərik. Qəza keçirmiş bir insan necə reabilitasiya olunursa, futbolçum eyni vəziyyətdədir. Yavaş-yavaş gəzməyi öyrənir. Bədəni işləməyə yeni başlayıb. Bədbəxt hadisədən sonra Velinovski haqqında danışmaq çox tezdir.



- Klub rəhbərliyinə sizdən xəbərsiz oyunçularla görüşməyə qadağa qoyduğunuza dair xəbərlər nə dərəcədə doğrudur?

- Bu xəbəri sizdən eşidirəm. Amma hara getmişəmsə, ümumiyyətlə, oyun ətrafında baş verən proseslərdən uzaq olmağını tələb etmişəm. Həmin tələbin içində təsir eləyən şəxslər, məqamlar varsa, onları uzaqlaşdırmağa çalışmışam. Bu, tək “Sumqayıt”a aid olmayan bir şeydir.

Misal olaraq, futbolçu oyundan bir gün qabaq problemi varsa, kiməsə yaxınlaşıb həmin problemə köklənirsə, o məni qane etmir. Biz çalışırıq bunları həll eləyək. Amma futbolçuya təsir etməməyə çalışırıq. Bu, mənə də xoş deyil. Məşqə gəlim, futbolçu başqa şey fikirləşsin... Bu, ilk olaraq işimizə xəyanətdir.

Gecə-gündüz yatmıram, istəyirəm ki, məşqlər belə getsin. Qadağa deyəndə bunu böyük bir şey kimi başa düşməyin. Fikrimi izah etmişəm. Futbolçularıma heç bir yan təsirlərin olmasını istəmirəm. Yalnız məşqə və oyuna köklənməlidirlər. Qalan şeylər üçün dincəlmə günləri var. Bu qadağalar olub və bundan sonra da olacaq.

Azərbaycana o qədər koordinatorlar gəldi-getdi ki, indi dərk edirsən ki...

- Müsahibələrinizin birində sabiq baş məşqçi Berhard Raabı tərifləmişdiniz. Ondan öyrəndiklərinizi "Sumqayıt"da tətbiq edirsinizmi?

- Düzünü desəm, ondan nə isə yadımda qalmayıb. Bəzi məşqçilərdən yadımda qalanlar var. Berhard Raab mükəmməl komanda qurucusudur. Söhbət A komandadan getmir. Klub, koordinator, gəncləri öyrətmək baxımından bu insan mükəmməl biliyə malikdir. Görürdüm ki, həmin insan gənclərə necə düzgün yol göstərməyə çalışır.

Azərbaycana o qədər koordinatorlar gəldi-getdi, indi dərk edirsən ki, Raab düzgün yerə qoyulmamışdı. O ərəfədə hansısa klub, akademiya ona həvalə olunsaydı, bəlkə də bu gün Azərbaycan çempionatında “Sumqayıt”ın əlindən keçmiş xeyli sayda futbolçu olardı. Onun vaxtında da olmuşdu. Bədavi Hüseynov, Ruslan Əmircanovun adını çəkə bilərik.

- Həmkarınız Qurban Qurbanov bu yaxınlarda futboldakı kadr çatışmazlığından - həkim, fizioterapevt, uşaq məşqçiləri və sair şikayətləndi. "Sumqayıt"da bu barədə vəziyyət necədir? Kadr çatışmazlığı varmı?

- Bu, Azərbaycan futbolunda böyük problemdir. Bilavasitə xaricə üz tutmalı oluruq. Azərbaycan futbolunda işini mükəmməl bilən barmaqla sayılası fizioterapevt var. Bunu niyə gizlədək ki? Pulu olan klub onları alır. Fiziki məşqçilərdən, ümumiyyətlə, danışmaq istəmirəm. Heç kim məndən inciməsin. Biz də xaricilərdən öyrənirik.

Bu, bəlkə də deyərdim baş məşqçidən də önə gələn, futbol üçün lazım olan kadrdır. Əgər biz böyük klubları prioritet kimi görürüksə, kadr problemini həll etməliyik. Vaxtilə "Neftçi"də mənimlə işləmiş Eduardo Karo ilə danışıram. İndi Kiprin ortabab klublarından birində çalışır. Soruşuram neçə nəfər fiziki məşqçiniz var? Deyir üç fiziki məşqçimiz var. Biz hələ oralara gəlib çıxmamışıq.

Meydançada baş verənləri analiz edirik. Amma ora kimi o qədər işlər var ki, onlar düzgün qurulmalıdır. Sonra meydançada hər şey düz olsun. Yəni bu gün Azərbaycan U-21 millisinin futbolçuları rəqiblə çiyin-çiyinə gələndə yıxılıb məhv olursa, deməli, problem meydançadan əvvəl görülən işlərdədir. Buna baş məşqçi olaraq Samir Əliyev nə etsin?

Hazırkı vəziyyətdə klubların günahı varmı? Əlbəttə, var. Əgər biz yüksək səviyyələrə gəlmək istəyiriksə, o halda işçilər də sənin imkanların çərçivəsində yanında olmalıdır. Qurban Qurbanov kimi daim avrokuboklarda iştirak edən, köməkçiləri olan bir şəxs bundan şikayətlənirsə artıq bizə sual verməyin yeri yoxdur.

- Çempionatda klubların sayının artırılmasının tərəfdarısınızmı? Artırılsa, bu, rəqabətə necə təsir göstərəcək?

- Süni artırmağın tərəfdarı deyiləm. Klublar sürünəcəksə, mükafat kimi ayrılan pula göz dikiləcəksə, onun tərəfdarı deyiləm. Möhkəm olsun, 10 komanda bizim ölkəmizə yetərlidir. Bunu da qeyd edim ki, “Xəzər Lənkəran” kimi azarkeşi, meydançası olan, futbol üçün hər şey edən bir komada varsa, beş-altısı gəlsin.

- Milli komandamızın Avropa Çempionatının seçmə mərhələsində çıxışını necə qiymətləndirsiniz? De Byazinin göndərilməsi qərarı nə dərəcədə doğru idi?

- Məncə, bu qərar doğru idi. İstər legioner olsun, istər yerli, bir baş məşqçiyə bu qədər vaxt vermək yaxşı haldır. Amma bu vaxtı da düz dəyərləndirmirik. Top klubları misal gətirə bilərik, elə olur ki, bir il çəkmir, məşqçini göndərirlər. Nə oldu, onlar illərdir ordadır, amma bu qədər futbolu anlamırlarmı?

Bilirsiniz necədi? Bizim üçün vaxt prioritet bir məsələdir. Məsələn, 3 il. Bu müddət ərzində gördüyün işlər sənə vaxt verən şəxslər üçün işarə olmalıdır. Həmin ərəfədə müsbət mənada nələrsə varsa, vaxt vermək düzgün addımdır. Vaxt verilməlidir. Baş məşqçi kimi deyirəm, bu, bilavasitə mənə təsir edir, yəni həmin ərəfədə bir iş görünmürsə, bunu üç il uzatmağa ehtiyac yoxdur. Yəni bir nəticə yoxdursa, niyə uzadaq ki?

həmin üç il ərzində sən müsbət nələrinsə şahidi olursansa, lap beş il də verilməlidir. De Byazi məsələsinə gəldikdə, nə qədər bu insana hörmətim olsa da, fikirləşirəm ki, artıq yetişmişdi. Özü o enerjini verə bilmirdi, taleyi ilə barışmışdı. Artıq mətbuat konfranslarında dava axtarırdı.

- Sizcə, AFFA niyə milli üçün yerli məşqçi seçimində tərəddüd edir? Təcrübə də göstərir ki, yerli məşqçilər daha uğurlu olur, nəinki əcnəbilər...

- Bilmirəm, yəqin bizə etibar eləmirlər. Azərbaycan futboluna nəzər salsaq görərik ki, nəticə verən elə yerli məşqçilərdir. Bu, sırf etibarla əlaqəlidir. Başqa nə ola bilər ki? Azərbaycanlı məşqçilərlə düşmən deyillər. Haradasa qarşılaşanda elə görüşürlər ki, düşünürsən, günü sabah millidəyəm. Bəlkə də nüfuz məsələsidir. Ola bilsin düşünürlər ki, İsveçlə səfər oyununda bizi azərbaycanlı məşqçinin təmsil etməsi AFFA-ya pis təsir eləyə bilər. Düşünə bilərlər ki, eybi yox qoy uduzsun, desinlər ki, Azərbaycan millisinin baş məşqçisi Filankəsdi. O ad var və onlara yetərlidir.

Amma bu, bir baş məşqçi kimi mənə təsir edir. Yəni sən gördüyün işi hara kimi görməlisən? Bir baş məşqçi kimi sənin də bir məqsədin olmalıdır. Hər baş məşqçi istər ki, klubu Avropada oynasın, yaxşı klublarda, millərdə işləsin. Burda şəxsi maraqlardan söhbət gedir ya yox, onu deyə bilmərəm. Amma bizi ora layiq görmürlərsə, əlbəttə, bu, bizi üzəcək, niyə gizlədək?

Potensial varsa, niyə qələbə qazana bilmirik?

- Millətlər Liqasında yenidən İsveç və Estoniya ilə qarşılaşacağıq. Bizə bir qədər tanış rəqiblərdir. Qrupdan çıxmaq şanslarımızı necə qiymətləndirirsiniz?

- Bu gün millinin şanslarını nəyə bağlayırıq? Azərbaycanlı olmağına, vətəni sevməyinə və istəyinə. İstəyirik ki, qrupdan çıxaq. Amma reallıqlar var. Biz həmin komandaları beş dəfə belə məğlub etsək, yenə oyunda şans onlardan yanadı. Hə, ola bilər, bu gün hansısa komandada nəsil dəyişikliyi olsun və ya həmin oyun onlar üçün əhəmliyyət kəsb etməsin. Belə olan halda sən onları məğlub edə bilərsən. Onlardan güclüsənmi? Xeyr, niyə özümüzə yalan deyək! Güclü deyilsən. Məğlub edə bilərsənmi? Bəli, məğlub edə bilərsən. Çünki millinin oyunçularının potensialı var.

Bizim milli futbolçular bunu dərk eləməli, ruhlarını ortaya qoymalıdırlar. Onları yönəldən insan lazımdır. Ondan sonra biz nəticələrdən danışa bilərik. Hamı deyir ki, bu millinin potensialı var. Potensialı varsa, niyə qələbə qazana bilmirik? Millidə adlar çəkilir, Emin Mahmudov, Filankəs və sair.

Niyə lazımsız oyunları uduruq, nəyə görə lazım olanda gedib 5-1 uduzuruq? Bəs potensialı var idi? Deməli, başqa tərəfdən potensialı var. Gürcülər necə çıxdılar, oynadılar, sona qədər döyüşdülər. O yoxdursa, deməli, oyunda işləməliyik. Futbolçuları o yöndə inkişaf etdirməliyik. Başqa nə cür etmək olar? Neçə il bu potensial olacaq? Millətlər Liqasında da gedib uduzanda yenə deyəcəklər ki, potensial var... Nə vaxta kimi bu davam edəcək?

- Təklif gələrsə Milli komandanı çalışdırmağa razılaşarsınız?

- Siz inanırsız ki, təklif gələ bilər? Yaxşı, tutaq ki, millidən təklif gəldi. Necə getməyə bilərəm, nə deyim getməyim? Səni Vətən çağırırsa, necə getməyim? Mən necə başa düşərlər? İstər o halda, istərsə də digər hallarda. Gedib danışım onlarla ki, mənə onu ver, bunu ver, onda gələcəm? Necə ola bilər bir azərbaycanlı buna yox desin? Əlbəttə, getməliyik.

- Son zamanlar Qurban Qurbanovun "Beşiktaş"la adı tez tez hallanır. Qurbanov ölkə xaricində uğur qazana bilər? Bu keçid digər azərbaycanlı məşqçilərin Avropaya yolunu aça bilər?

- Bəli, bu xəbərlərə mən də rast gəlirəm. Qurban Qurbanova məsləhət verə bilmərəm, əksinə, keçdiyi həyat və futbol təcrübəsində görə o, bizə məsləhət verməlidir. Bir baş məşqçi kimi yox, futbolun içində olan bir azarkeş kimi fikrimi bildirəcəyəm. Avropa, ya Türkiyə? Mən Avropa deyərdim. Türkiyəyə getməkdənsə, "Qarabağ"da qalsın, Avropaya gedirsə günü sabah getsin.

Türkiyə gecə-gündüz baxdığım çempionatlardan biridir. Son aylarda TV boks aparatı almışam. Türkiyə çempionatına baxıram. Çünki "Fənərbaxça"-"Qalatasaray" qırğını gedir, aldım, dedim baxim nələr olur. Bildiyin rəzalət....

Qurban Qurbanov Avropanın istənilən böyük klubunda çalışa bilər. Ona inamım həddindən artıq böyükdür. Çünki ora Türkiyədən fərqlidir: istər məşqçiyə verilən vaxt, ona olunan etibar, rahatlıq, bayaq da bəhs etdiyimiz kimi, gördüyün işə işə verilən qiymət… Belə şeylər Türkiyədə olmayacaq. İki məğlubiyyətdən sonra qardaşlıq da yaddan çıxacaq. Futboldu da bu, hər şey tez unudulur.

- Daha əvvəl ölkə xaricində çalışmaq arzunuz dilə gətirmişdiniz. O vaxtdan indiyə qədər hər hansı təkliflər gəlibmi?

- Kadi transferi necə oldu? Kontraktında transfer qiyməti yazılmışdı, “Krasnodar” gəldi, aldı, apardı. Buna deyərlər təklif. Deyirlər “bizim futbolçuları Filankəs istəyir”, istəyir niyə gəlib aparmırlar? Bizim futbolçuların nə qədər dəyəri ola bilər ki? 40 milyon? 50 milyon? Maksimum 2-3 milyon. Deməli, istəmirlər də. Qardaş, niyə özünüzü aldadırsınız, deməli istəmirlər.

“Qalatasaray” Toralı almaq istəyirdi. Toral 15 milyonluq oyunçudu? Nə oldu, niyə almadılar? Son cinaha basqa oyunçunu (Derrik Köhn – red.) gətirdilər. Vallah, bunu gizlətmirəm, təkliflər olub, bir neçə klub maraqlanıb. Çünki agentliklə çalışıram. Mənim onlarla kontraktım var. Həmin agentliklər də digər klublara təklif edib ki, baxin, bizdə belə məşqçi var. Onlar da analiz edib, baxıblar, istəməyiblər, götürməyiblər, vəssalam, konkret təklif yoxdur.

Bizim qabağımızı alan, Avropa Birliyində olmamağımızdır. Məsələn, yayda bir klub var idi, vəziyyəti pis idi. Məşqçi ilə yollarını ayırmışdılar. Onlar da beşli sistemlə oynayırdı. Bu adamlar da, hansi ki, məni kluba təklif etmişdilər, bildirdilər ki, beşli taktiki sitemdə çox yaxşıdır. Təklif elədilər, klub prezidenti ilə danışıqlar oldu. Götür-qoy elədilər. Mənə 10.000 dollar maaş vermək üçün 19.000 ödəməli idilər, 9000 dollar vergiyə çıxırdı. Bunlar da nə etdilər? Öz yerli məşqçilərinə 8 min dollar verib razılaşdılar. Belə şeylər qabağınızı kəsdi. Bu tip şeylərə nə vaxt göz yumulacaq? Haçan ki, Qurban kimi 10 il, 15 il avrokuboklarda oynayacaqsan, onda.

- Samir müəllim, yerli oyunçular niyə legioner həyatı yaşamaqla bağlı çətinlik çəkir? Xaricdə oynayan futbolçularımız barmaqla sayılası qədərdir: Mahir Emreli, Musa Qurbanlı, Rahil Məmmədov, Renat Dadaşov...

- Çox çətin sualdır. Çox çətin. Bu sualı o uşaqlar, özündən də soruşsaq, bu niyə belə olur, onlardan da cavab ala bilsəydik, mənim də bir anlayışım olardı. Yerli oyunçuların ora gedib çıxmamağı bizim futbolun problemidi. “Qarabağ” hazırda yüksək səviyyədə oynayır, onların legionerlərini istəyirlər, bizimkiləri istəmirlər.

Bizim o səviyyədə sözü keçən veteran futbolçularımız yoxdur

- Bir çoxları deyir ki, yerli çempionatın səviyyəsi aşağıdır, ona görə bizim futbolçularla maraqlanmırlar. Amma bizimkindən daha zəif çempionatlardan (məsələn, Özbəkistan, Gürcüstan, Ermənistan və sair) çıxan oyunçular Rusiya, Türkiyə, Almaniya kimi ölkələrin çempionatında çıxış edir. Həqiqətən çempionatın səviyyəsi aşağıdır, bu barədə nə düşünürsünüz?

- Mən belə düşünmürəm, Baxmayaraq ki, Asiyada oynayırlar, Özbəkistan çempionatı zəif deyil, güclüdür, yaxşıdır. Həm maliyyə baxımından, həm də futbolçu baxımından. Ermənilərlə mənim işim yoxdur, ümumiyyətlə, baxmıram. Gürcüstan çempionatında bəzi komandalar var ki, indi daha da yaxşılaşır və inkişaf edir.

Sadəcə, Gürcüstan çempionatının ətrafında olan insanların hər biri Avropada sözü keçən şəxslərdir, onların əlaqələri o qədər mükəmməl səviyyədədir ki, bütün futbolçuları Avropadadır. Amma bizim çempionat da güclüdür. Yenə də özümüzmüəyyənləşdirməliyik ki, güclü nəyə deyirik?

“Qarabağ”ı çıxmaq şərti ilə, ağıl cəhətdən, futbolçuların meydançanın içində verdiyi qərar baxımındann bəlkə də biz ən zəiflərdənik. Bu da bir oyunçunu transfer etmək üçün ən önəmli faktorlardan biridir. Qaçmaq baxımından bəlkə də biz digər çempionatlarla müqayisədə normal səviyyədədik. Ağıl baxımından, yəni meydançada lazım olan anda qaçmaq, lazım olan yerdə olmaq və qərar vermək baxımından biz hansı səviyyədəyik, sual altındadır...

Bizim yerli futbolçuların Avropada çıxış etməməsinin səbəblərindən biri də mentalitetdir. Məsələn, Lüksemburqla oyunda 2 qol vuran Zivzivadze mən “Zirə”də işlədiyim zaman yoxlanışa gəlmişdi. Onunla oturduq, danışdıq, bizə dedi ki, Azərbaycan haqqında düşünmürəm, yalnız Avropa. Ordan da, deyəsən, getdi Macarıstana. İndi “Karlsrue”də çıxış edir. Biz də yaxşı pul verirdik, amma məqsədi Avropa idi.

“Sumqayıt”da işləyən zaman “Dinamo Tbilisi”dən bir oyunçu ilə maraqlanırdıq.Oyunçu dedi ki, mən Azərbaycan haqqında fikirləşmirəm. İstəyir “Neftçi” çağırsın, gəlməyəcəyəm. Mənim fikrimda ancaq Avropadır. O oyunçu hazırda heç millidə də oynamır, ancaq Avropanı düşünür. Dediyim kimi mentalitet... Gəlin razılaşaq ki, onların əlaqələri həddindən böyükdür. Çünki Gürcüstan futbol cəmiyyəti Avropada tanınan, seçilən cəmiyyətlərdən biridir.

Bu günləri Kinkladze, Kaladze kimi futbolçuların kiməsə sözü keçir. Bizim o səviyyədə sözü keçən veteran futbolçularımız yoxdur. Məsələn, Kobiaşvili (Gürcüstan Futbol Federasiyasının prezidenti – red.) illərdir Almaniyada, “Şalke”də çıxış edib, o, rahatlıq deyə bilər ki, belə bir oyunçumuz var, ona baxın, yoxlayın. Biz onu deyə bilmirik.

Təklif olunmasa, Avropada olanlar Gürcüstan çempionatına baxmayacaq. Dediyim kimi, futbolda əlaqələr böyük rol oynayır.

- Samir müəllim, xarici klublarda təcrübə keçmisinizmi ?

- Bəli, keçmişəm. "Atletiko" Madriddə olmuşam. Bundan başqa, "Dinamo" Zaqrebdə də olmuşam və inşallah, yeni səfərlər də planlaşdırıram. Bu barədə danışıqlar davam edir. Amma bu, həddindən artıq çox çətin prosesdir. Bu gün kimsə gəlsin mənə desin ki, sənin məşqini izləmək istəyirəm, əlbəttə, razılaşmaram. İndi siz təsəvvür edin, o səviyyədə olan komandalar niyə razılaşsın? Bunun üçün müxtəlif əlaqələrin olmalıdır. Dediyim kimi, müxtəlif klublarda təcrübədə olmuşam və bunun ləzzətini, bəhrəsini görmüşəm, yenə də dayanmıram. Hər il danışıqlar gedir.

- Samir müəllim, Avropada izlədiyiniz, sizə maraqlı gələn çempionatlar, komandalar varmı? Hansı komandaların oyununu maraqla gözləyirsiniz?

- Çox klublar var. İspaniyada “Jirona” çox xoşuma gəlir. Əvvəllər “Sevilya”nı bəyənirdim. Ümumiyyətlə, “Sevilya”nın gördüyü iş xoşuma gəlir. Hətta ora getmək də istəyirdim. Pandemiyaya görə danışıqlar dayandı. İngiltərədə də “Liverpul”u bəyənirəm. Futbollarına baxıram. Bu arada TV boks sağ olsun, ərəb çempionatına baxmağa başlamışam. Həddindən artıq maraqlı, gərgin oyunlar gedir. Asiya Çempionlar Liqasında “Əl-Əin”lə “Əl-Nəsr” oynayırdı. Çox maraqlı oyun idi.

- Futboldan, idmandan əlavə başqa işlərə vaxtınız qalırmı? Qalırsa, nə ilə məşğul olursunuz?

- Boş vaxtım, istirahətə zamanım demək olar ki, qalmır. Amma çalışıram bir günü bağa, ağaclara həsr edim. Belləmək, budamaq, əhəngini vurmaq… Onsuz olmur. İnsanı sakitləşdirən məşğuliyyətdir.


Müəllif: Pərviz Qaralov, Əsəd Məmmədəliyev, Foto: Ceyhun Zeynalov
phrase_var_article.chosen
102
20
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close