AZ

DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz

Cəlil XƏLİLOV
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik 

 

Hər bir dövlətin sabit inkişafı, suverenliyinin əsas təminatı onun milli təhlükəsizlik sisteminin səviyyəsindən daha çox asılıdır. Milli təhlükəsizlik sistemi cəmiyyətdə mühüm funksiyalar yerinə yetirir. Bu, ümumilikdə dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini təmin edən bir mühafizə sistemi kimi nəzərdən keçirilə bilər. Çünki milli təhlükəsizliyə olan həm daxili, həm də xarici təhdidlər təkcə dövlətə qarşı deyil, həmçinin cəmiyyətə və şəxsiyyətə qarşı yönəlir. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin obyekti kimi əsas yerlərdən birini dövlət tutur. Dövlət millətin iradəsinin ifadəçisi olaraq cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

Milli təhlükəsizlik strategiyası ölkənin həyati vacib maraqlarını, müstəqilliyinin təminatını, ərazi bütövlüyünü, siyasi sabitliyini və möhkəm sosial-iqtisadi inkişaf imkanlarını daxili və xarici təhdidlərdən mühafizə etməklə, elmi surətdə qəbul edilmiş qanunlar əsasında həyata keçirilir.

Heç şübhəsiz ki, ölkənin yerləşdiyi coğrafi şərait ona vacib üstünlüklər verməklə yanaşı, eyni zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. 

Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.

Terrorizmlə mübarizənin əsas faktorları, terrorizmi qadağan edən qanunları və beynəlxalq müqavilələri davam etdirmək və gücləndirmək üçün ortaya qoyacaq diplomatik səyləri və terrorizmin maliyyə mənbələrini tapıb məhv etmək üçün keçiriləcək iqtisadi əməkdaşlığı əhatə edir. Bu fəaliyyətlərdən əlavə, terrorçu fəaliyyətləri ilə bağlı kəşfiyyat mübadiləsi və ölkələrin təhlükəsizlik qüvvələrinin sərhəd xətləri boyunca reallaşdıracaqları birgə əməliyyatları ehtiva edən təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsinə də ehtiyac var. 

Terrorizm təhlükəsinə qarşı hər bir dövlətin yalnız özünə barrikada qurması işə yaramır. Terrorizmin kökünə yönəltmə olmur və hərbi imkan və qabiliyyətlərin yanında siyasi-iqtisadi alətləri özündə birləşdirən bütöv bir yanaşma içərisində qlobal bir strategiyanın qəbul edilməsi lazımdır.
Sevindiricidir ki, Azərbaycan DTX-sı öz peşəkarlığına görə nəinki Cənubi Qafqaz regionunda, bütün dünyada ilk cərgədə qərarlaşıb. Bunu beynəlxalq təşkilatların mütəmadi şəkildə təqdim etdiyi hesabatlarda, reytinq siyahılarında da görmək mümkündür.

Xatırladım ki, bir müddət bundan öncə “Global Terrorism Index 2024” (GTI) Hesabatında Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer aldı. Bu faktın özü Azərbaycanda təhlükəsizlik amilinə necə böyük önəm verildiyini təsdiq edir. Və təbii ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan etibarlı təhlükəsizlik sisteminin uğurlu fəaliyyətinin nəticəsidir. Xüsusi xidmət orqanlarımızda cənab Prezidentin apardığı islahatlar olduqca vacib və əhəmiyyətli idi. Bu islahatlar xüsusi xidmət orqanlarının fəaliyyətini daha çevik şəkildə qurmağa, onun peşəkarlığını, hadisə və proseslərə müdaxilə imkanlarını genişləndirməyə imkan verdi.

General-polkovnik Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə Azərbaycanda bu sahədə yeni və uğurlu bir dönəm başlandı.

Qürurverici haldır ki, xüsusi xidmət orqanlarımızın əməkdaşları Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atdılar. DTX 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı mübarizədə böyük fədakarlıqlara imza atıb. Müharibə dönəmində düşmənə qarşı hərb meydanında qəhrəmancasına mübarizə aparan xüsusi xidmət orqanlarımızın əməkdaşları, düşmənin, eləcə də onun havadarlarının ölkə daxilində terror və təxribat törətmək planlarının da qarşısını qətiyyətlə aldı. 

Heç şübhəsiz, dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminində DTX-nın üzərinə böyük iş düşür. Bugünə qədər ölkəmizdə terrorizmə qarşı aparılan uğurlu mübarizə onu göstərir ki, DTX bu işin öhdəsindən peşəkarlıqla gəlir, antiazərbaycan qüvvələrinin təxribat xarakterli əməllərinin qarşısını qətiyyətlə alır.

Bu gün DTX eyniylə Azərbaycan Ordusu kimi sadəcə ölkəmizdə deyil, bütün regionda sülhün və təhlükəsizliyin qarantı qismində çıxış edir. DTX-nın peşəkarlığı beynəlxalq ekspertlər, digər ölklərin xüsusi xidmət orqanlarının rəhbərləri tərəfindən də etiraf olunmaqdadır. Bu isə bizdə haqlı olaraq qürur hissi doğurur.

DTX bu günlərdə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısına, eləcə də Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi planlaşdıran dəstəni zərərsizləşdirdi. Hər şeydən öncə qeyd edim ki, planlaşdırılan terror aktı bu gün də ölkəmizdə sabitliyi pozmaqda maraqlı olan, bunun üçün çalşan qüvvələrin mövcudluğunu göstərir. Görünən odur ki, Azərbaycandakı sabitlik və inkişaf, dövlətimizin öz suverenliyini təmin etməsi kimlərisə bərk narahat edir. Bu səbəbdən də onlar terror aktları ilə ölkəmizdə sabitliyi pozmağa, xof, qorxu mühiti yaratmağa çalışır.

Təbii ki, bu terror planının DTX tərəfindən ifşa edilməsi, terror aktını həyata keçirəcək şəxslərin ifşa edilməsi dövlətimizin, onun xüsusi xidmət orqanlarının uğurudur. Bu fakt bir daha sübut edir ki, DTX dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanıb və hər cür təhlükəni dəf etməyə qadirdir.

Yeri gəlmişkən, təhlükəsizliyimizin qorunmasında Xarici Kəşfiyyat Xidmətinin də rolunu qeyd etmək istəyirəm. Çünki bu qurum da öz fəaliyyətində böyük müvəffəqiyyətlər əldə edib, xarici mərkəzlərə bağlı şəxs və planları hər zaman vaxtında, yüksək peşəkarlıqla ifşa etməyi bacarıb.

Heç kimə sirr deyil ki, müasir dünyamızda təhlükəsizliyin rolu getdikcə artmaqdadır. Bu günlərdə Moskva vilayətində "Crocus City Hall" da baş verən terror aktı, bu terror aktı nəticəsində 100-dən çox insanın həlak olması faktı təhlükəsizlik amilinin nə dərəcədə önəmli olduğunu bir daha sübut etdi. Baş verən bu olay göstərdi ki, hazırkı dönəmdə xüsusi xidmət orqanlarının öz ayıq-sayıqlıqlarını artırması, kəşfiyyat-informasiya şəbəkəsini genişləndirməsi ikiqat önəm kəsb edir.

Yekun olaraq qeyd edim ki, “Krokus Siti Holl”da baş verən hadisə bir daha terrorun çirkin üzünü göstərməklə yanaşı, xüsusi xidmət orqanlarının peşəkarlığının mütəmadi şəkildə artırılmasının, hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığını gücləndirməyin nə qədər vacib, nə qədər önəmli olduğunu bir daha sübuta yetirdi. 






















Bizi İnstagramda izləyin

phrase_var_article.chosen
143
5
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close