AZ

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edərək İzmir, Ankara və Bilecik şəhərlərinin universitet və bir sıra istehsalat sahələrində olub. Səfərdə, həmçinin AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərov iştirak edib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

AzTU-nun rektoru Vilayət Vəliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SOCAR-ın Türkiyənin İzmir şəhərindəki istehsalat sahəsində bərpaolunan enerjinin istifadə imkanlarının araşdırılması istiqamətində həyata keçiriləcək layihəsi üzrə Boğaziçi Universiteti və AzTU-nun tərəfdaşı olduğu tədbirdə iştirak edib.

Daha sonra Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTE) rektoru professor Yusuf Baran və nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AzTU, İzmir Yüksək Texnologiya İnstitutu və “Azəralüminium” MMC tərəfindən Gəncənin boksit və alunit tullantılarının təkrar emalı və onlardan sənaye təyinatlı müxtəlif məmulatların istehsalı ilə bağlı araşdırmaların nəticələri, bu istiqamətdə görülən işlər müzakirə olunub. Həmçinin indiyədək AzTU, “Azəralüminium” MMC tədqiqatçıları və İYTE-nin professoru Mustafa Güdənin birgə rəhbərlik etdikləri tədqiqat və praktiki işlər barədə fikir mübadiləsi aparılıb. Hər iki universitetin rektorları birgə elmi-tədqiqat layihələri, magistrant və doktorantlara birgə elmi rəhbərlik, maddi-texniki bazalardan və kadr potensiallarından qarşılıqlı istifadə ilə bağlı razılıqlarını bildiriblər. Nümayəndə heyətinin institutun laboratoriyaları, ən müasir cihazlarla təchiz edilmiş Tümləşik Araşdırma Mərkəzi ilə tanışlığı zamanı bu imkanlardan AzTU tədqiqatçılarının istifadəsi barədə razılıq əldə olunub. AzTU ilə sıx əməkdaşlıq edən İYTE-nin professoru Mustafa Güdənin rəhbərliyi ilə qurulmuş müasir laboratoriyalar və burada aparılan tədqiqat işləri ilə də tanışlıq olub.

Səfər çərçivəsində qonaqlar İzmirin Torbalı sənaye zonasında müxtəlif qida tullantılarının təkrar emalından məhsul istehsal edən “Ilgınlar” şirkətinin istehsalat fabriki ilə tanış olub, bu istiqamətdə Azərbaycanda fəaliyyətlərin qurulması imkanları müzakirə edilib.

Nümayəndə heyətinin Bilecik şəhərində yerləşən “Chemical Kimya Sənaye və Ticarət A.Ş.” şirkətinə səfəri zamanı Gəncə şəhərində mövcud olan boksit və alunit tullantılarının təkrar emalı və onlardan sənaye təyinatlı müxtəlif məmulatların, o cümlədən keramika sahəsində istifadə edilən boya istehsalı istiqamətində araşdırmaların nəticələri ilə tanışlıq olub. Həmçinin tədqiqatların nəticələri, gələcəkdə görüləcək işlər və Azərbaycanda bu məhsulların alınma texnologiyalarının qurulması üçün imkanlar müzakirə edilib.

Nümayəndə heyəti, eyni zamanda, Ankara şəhərində “TMC Powder Metal” metallurgiya şirkətinə baş çəkib, müxtəlif tərkibli metal və ərintilərin ovuntularının (tozlarının) istehsal texnologiyası ilə tanış olub. Azərbaycanda tədqiqat və istehsalat sahələrinin belə elmtutumlu texnologiyalarla təmin olunması üçün müəssisənin imkanlarından istifadə olunması vurğulanıb.

Səfər çərçivəsində Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru professor Temel Kotillə də görüş keçirilib. Görüşdə TUSAŞ-ın Mühəndis Gəlişdirmə Proqramı (MGP) əsasında AzTU, Milli Aviasiya Akademiyası (MAA) ilə birgə həyata keçirdiyi proqram, onun yekunları və proqramın davamı üçün görüləcək işlər müzakirə edilib.

Seçilən
31
5
Mənbələr
Şərh ()
Bağla