AZ

5 aprel üçtərəfli görüşü Qafqazda 2-ci hərb cəbhəsinin əsasını qoya bilər...

Image

Ramil Məmmədli: “Bu formada Brüssel görüşü Bakı-İrəvan münasibətlərini gərginləşdirmək məqsədi güdür”

Məlum olduğu kimi, aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə görüşəcəklər. Sözügedən görüş Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. 

Çünki Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu, rəsmi İrəvan isə “üçüncü tərəfə qarşı olmadığını” desə də, Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar var. Azərbaycan Xarici İşlər Nazirliyinin “Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir” açıqlaması rəsmi Bakıda bu haqda informasiyaların olduğunu göstərir. 

Çünki bütün bunlar Qafqazda yeni münaqişə ocağı yaratmaq məqsədinə xidmət edir. Burada ikinci cəbhə açmaq niyyətləri var. Görüşdə xüsusi qeyd olunmasa da, söhbət faktiki olaraq hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Özü də bunu Ermənistanın əli ilə edirlər. Nəzərə almaq lazımdır ki, hələ ötən əsrin 80-ci illərinin sonlarından Ermənistan bölgədə münaqişə vəziyyəti yaratmaq üçün bir alət kimi istifadə olunur və bu, hazırda da davam edir. O vaxtdan Ermənistan və erməni lobbisi bu regionda müharibə ocağı yaratmaq, SSRİ-yə qarşı bundan istifadə etmək üçün Qərblə müttəfiqlik edib. Bu gün də Ermənistan bölgədə münaqişə vəziyyəti yaratmaq, yeni cəbhə açmaq məsələsində Qərbin əlində bir vasitəçi rolunda çıxış etməkdədir. Ona görə də aprelin 5-də nəzərdə tutulan görüş məhz Ermənistanın əli ilə ikinci bir münaqişə ocağını alovlandırmaq məqsədinin tərkib hissəsidir. Necə ki, 1988-ci ildə Ermənistandan Qərbdəki dairələr istifadə etdilər, bu gün də həmin formada bu dəvlətdən Qərb istifadə edir. O zaman Qərb qüvvələri bunu erməni lobbisinin əli ilə edirdilər, bu gün erməni lobbisi ilə yanaşı, həm də Ermənistan hakimiyyəti ilə birbaşa işləyirlər. İrəliləyiş və dəyişiklik həm də budur.

“Ermənistanın hərbiləşdirilməsi həm də Rusiyaya qarşı bir plandır” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, 36 il əvvəl işə salınan ssenarini yenidən həyata keçirmək cəhdləri var: “Çünki oxşarlıq çoxdur. Məsələ ondadır ki, 1985-ci ildə Mixail Qorbaçov SSRİ rəhbəri olandan sonra Qərblə yaşanan soyuq müharibənin ortadan qaldırılması yavaş-yavaş gündəmə gəlməyə başladı. O zaman Qərblə SSRİ arasında münasibətlərin yumşaldılmasında erməni lobbisinin əlaqələrindən istifadə edildi. Həmən ermənilər bundan öz məqsədləi üçün istifadə etməyə başladılar. Təsadüfi deyil ki, Qorbaşovun 10-dan çox müşaviri, məsləhətçisi erməni mənşəli idi. Onların da başında Abel Aqambekyan dayanırdı. Bu həmin Aqambekyandır ki, 1987-ci ilin noyabrında Fransada Qarabağ barədə bunları demişdi: “Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”. Ondan sonra erməni separatizmi açıq müstəviyə keçdi və yaşananlar hamıya məlumdur. Sonra bəlli oldu ki, Qərb Qarabağdakı erməni separatizminin alovlanmasından istifadə edərək SSRİ-ni çokdürdü. Çünki məhz 1988-ci ildə başlayan erməni separatizmindən sonra SSRİ-də etnik münaqişələr vüsət aldı. Məhz ondan sonra 1989-cu ildə Özbəkistanda Fərqanə hadisələri baş verdi. Bunda da ermənilərin xüsusi rolu olub. İndi də oxşar ssenari həyata keçirilir. Sadəcə forma dəyişib, məzmun eynidir. Ermənistan neçə illərdir KTMT-də təmsil olunur. Bu ölkədə Rusiyanın hərbi bazaları var. Ancaq Qərb Fransanın timsalında mərhələli şəkildə Ermənistanı silahlandırır. Bütün bunlar azmış kimi, aprelin 5-də Brüsseldə Ermənistan, Aİ və ABŞ-ın birgə görüşü təşkil olunur. Ermənistana “təhlükəsizlik zəmanəti” veriləcəyi adı altında tezislər ortaya atılır. Qərb həqiqi sabitlikdə maraqlı olsaydı, Brüssel görüşünə Azərbaycanla Gürcüstanı da dəvət edərdi. Çünki hər iki ölkə Cənubi Qafqaz dövlətidir. Ermənistanın hərbiləşdirilməsi həm də Rusiyaya qarşı bir plandır. Bununla Paşinyanı cəsarətləndirirlər ki, Rusiyadan uzaqlaşmanı tezləşdirsin. Bütün hallarda, bu formada Brüssel görüşü Bakı-İrəvan münasibətlərini gərginləşdirmək məqsədi güdür”.

Vidadi ORDAHALLI





Seçilən
192
50
Mənbələr
Şərh ()
Bağla