AZ

Bu çalışmalar Ermənistan vasitəsilə regionda gərginliyin artırılmasına hesablanıb - ÖZƏL

"Mən belə bir formatın, bu formatda görüşün keçirilməsinin, belə bir proseslərin başladılmasını, Ermənistanın bu prosesdə aktiv rol almasını, iştirakçı olmasını müsbət qiymətləndirmirəm".Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib."Hesab edirəm ki, bu davranışlar, bu çalışmalar Ermənistan vasitəsilə regionda gərginliyin artırılmasına hesablanan məsələlərdir və həm  Amerika Birləşmiş Ştatlarının, həm Avropa İttifaqının aidiyyəti qurumları, rəsmiləri bu barədə düşünməlidirlər. Düşünürəm ki,   Cənubi Qafqazda məhz Ermənistanı seçərək, bu şəkildə əməkdaşlıq qurmağa cəhd, hərbi pakt imzalamaq müzakirələri və s. istiqamətdə hərbi yardımlar, Azərbaycanda təcavüzkar obraz yaratmaq cəhdləri, bütün bunlar bir problem yaratmaq, bu problemi böyütməyə xidmət edən addımdır. Bundansa, Cənubi Qafqaz ölkələrinin hamısı ilə, Azərbaycan da daxil, ticari, iqtisadi, nəqliyyat, kommunikasiya və s. istiqamətlərdə əməkdaşlıqla çalışmalar həyata keçirmək olar.
Ermənistanın da bu məsələdə aktiv iştirakını, Paşinyan hökumətinin bu məsələyə bu qədər meylli olmasını da, mənfi qiymətləndirirəm. Hesab edirəm ki, bu, problemi artırmağa, gərginliyi gücləndirməyə, Cənubi Qafqazın gərgin bir regiona çevrilməsinə xidmət edən  bir məsələdir. Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının nümayəndələrinin düşünürəm ki, bu məsələdə bu addımları atmazdan əvvəl ciddi şəkildə düşünmələri lazımdır. Yəni, belə bir çalışmalar bu bölgəyə nə dərəcədə lazımdır? Bu bölgəyə nə dərəcədə faydalıdır və bu, hansı faydalı nəticələrə gətirib çıxaracaq? Heç bir faydalı nəticəyə gətirib çıxarmayacaq. Əgər regionda gərginlik varsa, bu gərginlik artırsa, bu, heç bir faydalı nəticə verə bilməz.
Başqa bir tərəfdən, baxın, Ukrayna ilə bağlı məsələdə  Amerika da, Avropa İttifaqı da, Avropa da Ukraynaya dəstək verəcəyik deyirlər, həvəsləndirirlərmi, cəsarətləndirirlərmi, qızışdırırlarmı, ya da hər nədirsə, bunlardan biri və artıq bu gün biz Ukraynanın taleyinin necə olduğunu, Ukraynanın hansı durumda olduğunu görürük.
Buna görə də,  hesab edirəm ki, bu cür çalışmalardan çəkinmək lazımdır. Ermənistanın da bu proseslərdə aktiv rol alması, hesab edirəm ki, mənfi nəticələr doğuracaq".

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla