AZ

Fransa mətbuatı Makronun ABŞ və Papa ilə uğursuz anti-Azərbaycan fəaliyyətini ifşa etdi...

Image

Mətin Məmmədli: “Fransız mətbuatı Makronun, Fransa hökumətinin bu siyasətini ifşa edir”

Fransa prezidenti Emmanuel Makronun antiazərbaycan mövqeyində olması, kəskin ermənipərəstliyi ilə seçilməsi artıq fransız mətbuatında da etiraf edilir.  

Fransanın “Le-Fiqaro” qəzeti yazır ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Qəzetin yazdığına görə, ötən illərdə Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmayıb. Məqalədə o da vurğulanır ki, 2022-ci ilin oktyabrında Makron “erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyib və Roma Papasını ziyarət edərkən, özü ilə ermənipərəst yazıçı Sylvain Tessonu da aparıb ki, sonuncu Ermənistanla bağlı məsələni qaldırsın. Amma o, Vatikandan da istədiyi dəstəyi ala bilməyib. 

Göründüyü kimi, Fransada nəşr olunan “Le-Fiqaro” qəzeti Makronun paxırını tamamilə açıb töküb, onun necə ermənipərəst, Ermənistançı olduğunu  ifşa edib. Bir neçə faktı önə çəkən qəzet, gördüyünüz kimi, Makronu səmimi şəkildə Ermənistançı hesab edir, onun ermənipərəstliyini diqqətə çatdırır. İnformasiyadan məlum olur ki, vaxtilə Makron Azərbaycanın əleyhinə bir konfrans təşkil etmək istəyib, amma ABŞ bunun qarşısını aldığı üçün onun bu məkrli niyyəti yarı yolda qalıb. Yəni ABŞ heç bir vəchlə Makronun dəyirmanına su tökmək istəməyib. Məsələdə üçüncü diqqəti çəkən məqam isə Roma Papasını da Azərbaycana qarşı təşkil etmək istədiyi bu işə qoşmaq istəyi olub ki, buna da nail ola bilməyib. Özü ilə Vatikana apardığı erməni yazarın timsah göz yaşları və “ilanı yuvasından çıxarmaqda” mahir olan şirin dili də Papanı bu işə qoşa bilməyib, onun bu cəhdi də uğursuzluğa düçar olub. Nə qədər dil töksələr də,  Papa onların oyunlarına getməyib. 

Bir sözlə, “Le-Fiqaro” qəzeti Makronun Azərbaycanla bağlı mənfur planlarını tamamilə faş edib, onun qərəzli münasibətini açıb göstərib. Makronun Azərbaycan əleyhinə qurmaq istədiyi əvvəlcədən uğursuzluğa düçar olan bu tamaşanın baş tutmaması səbəblərini bir-bir açan “Le-Fiqaro” Fransa prezidentinin əsl simasını dünyaya göstərib. 

“ABŞ və Roma Papasından dəstək ala bilməməsi səbəbindən Makronun antiazərbaycan konfransı təşkil etmək ideyası uğursuzluqla nəticələnib” 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində “Əvvəla, “Le-Fiqaro” qəzetində gedən bu yazı bir daha Fransa hakimiyyətinin antiazərbaycan siyasətini, ermənipərəst mövqeyini açıq-aydın ortaya qoyur. Qəzet məqaləsində də qeyd edildiyi kimi, Fransa prezidenti Makron Avropada, Qərbdə yeganə səmimi ermənipərəst lider kimi xarakterizə olunub. Məqalə bir növ belə təqdim olunub ki, Fransa guya ermənilərin hüquqlarını müdafiə edir, onları Azərbaycandan qoruyur. Amma əslində məsələ ondan ibarətdir ki, Fransanın bugünkü siyasəti, ümumiyyətlə İkinci Qarabağ müharibəsindən sonra postmünaqişə problemlərinə yanaşması ondan ibarətdir ki, onlar yenidən Ermənistanı Azərbaycana qarşı qızışdırmağa çalışırlar”-deyə bildirdi.

M.Məmmədlinin sözlərinə görə, Fransa Ermənistanda revanşizm meyllərini gücləndirir, bunu isə həm siyasi diplomatik vasitələrlə edirlər, həm də başqa vasitələrlə. “Fransa Ermənistanın yanında olduğunu göstərir.  Eyni zamanda bu ölkənin qanunverici orqanı, həm Milli Assambleyası, həm Senatı Azərbaycana qarşı olduqca sərt, qərəzli, ədalətsiz qətnamələr qəbul edib. Digər istiqamət isə Ermənistanı silahlandırmaqdır. Yəni Fransa bu gün Avropada Ermənistanı silahlandıran həqiqətən də yeganə dövlətdir. İki ölkə arasında artıq ötən ilin oktyabrında hərbi əməkdaşlıqla bağlı müqavilə imzalanıb, son olaraq 2024-cü ilin fevral ayının sonlarında Fransanın müdafiə naziri İrəvanda olarkən yenə hərbi əməkdaşlıqla bağlı saziş imzalanıb. Görünən odur ki, Fransa bütün vasitələrlə çalışır Ermənistanı Azərbaycana qarşı qızışdırsın. Son olaraq da qeyd etdim ki, fransız mətbuatı Makronun, Fransa hökumətinin bu siyasətini ifşa edir”.        

M.Məmmədli hesab edir ki, Makron məlum antiazərbaycan planına daha çox dövlətləri, daha çox siyasi və dini liderləri qatmaq istəsə də, bu alınmayıb. Ekspertə görə, Makronun Roma Papasından və ABŞ-dan heç bir dəstək ala bilməməsi onun məqsədinin baş tutmamasına səbəb olub. “Le-Fiqaro” qəzetində həmçinin o da qeyd olunub ki, Makron ötən dövrlərdə Azərbaycan əleyhinə bir konfrans keçirməyi planlaşdırıb, bu konfransa bir sıra Qərb dövlətlərini, o cümlədən də dini, siyasi dairələri də cəlb etmək istəyirmiş. Ancaq onun bu planı baş tutmayıb, ABŞ Makronun bu oyununda, yəni konfransda iştirak etməkdən imtina edib. Eyni zamanda, hətta Makron Roma Papasının yanına qədər gedib çıxıb ki, onun da konframsda iştirakına nail olsun, amma Roma Papası da Makronun bu təklifindən imtina edib. ABŞ və Roma Papasından dəstək ala bilməməsi səbəbindən Makronun antiazərbaycan konfransı təşkil etmək ideyası uğursuzluqla nəticələnib” - deyə M.Məmmədli vurğuladı. 

İradə SARIYEVA





Seçilən
180
19
Mənbələr
Şərh ()
Bağla