AZ

İllərlə gizli saxlanan, türklərin “dünyanın qısqandığı” dediyi saat kolleksiyası - REPORTAJ

 Kolleksiyada XVI-XIX əsrlərə aid Avropa və Osmanlı istehsalı saatlar var
 
Osmanlı İmperiyası nadir saatlardan ibarət zəngin kolleksiyası ilə də seçilib. Bu kolleksiya hazırda Topkapı sarayı muzeyində sərgilənir. Saatların bir qismi sultanın xəzinəsinə aid olan və əsrlər boyu sarayın Xəzinə, Hərəm, Köşk və s. kimi bölmələrində istifadə olunub. Uzun illər muzeydə nümayiş olunmayan, qapalı otaqlarda və anbarlarda saxlanılan bu saatlar saat ustaları Rəcəb Gürgən və Şule Gürbüz tərəfindən beş illik təmir işlərindən sonra sərgiyə hazırlanıb. Topkapı Sarayının Divit Otağı Memar Yelda Sinan Tanıllı tərəfindən Saat Kolleksiyası Sərgi Salonu olaraq yenidən təşkil edilib və 2012-ci ildə ziyarətçilərin istifadəsinə verilib.

Tarixə ekskursiya etsək, XVI əsrdən başlayaraq Avropa hökmdarlarının Osmanlı sultanlarına göndərdiyi diplomatik hədiyyələr arasında çoxlu saat var idi. Bundan əlavə, saray tərəfindən də çox sayda saat alınıb. Təəssüf ki, bu əsərlərin əhəmiyyətli bir hissəsi günümüzə qədər gəlib çatmayıb. Topkapı Sarayı muzeyə çevrildikdən sonra onun satınalma və ianələrlə zənginləşdirilən kolleksiyasının mühüm bir qrupu Avropadan alınan diplomatik hədiyyələrdən ibarətdir. Kolleksiyada 16-cı əsrdən başlayaraq 19-cu əsrə qədərki dövrə aid Almaniya, Avstriya, İngiltərə, Fransa və İsveçrə istehsalı saatlar var. Sərgi salonunda yerdən qoyulan hündür saatlar, divar saatları, masaüstü saatlar, zəncirli cib saatları, astronomik saatlar və s. növdə eksponatlar  sərgilənir. Bundan əlavə, saatlar texnikasına, mexaniki funksionallığına, o cümlədən musiqili olub-olmamasına görə fərqlənir.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, 18-ci əsrdə Osmanlıda yerli saat sənayesi süquta uğramağa başladı. Beləliklə, Osmanlı bazarı üçün istehsal edilən Qərb saatlarının dövrü başladı. Tədqiqatçılar hesab edirlər ki, bu çöküşün iki səbəbi var idi. Birincisi, türk zövqünə uyğun saatlar istehsal etməyə başlayan Qərb istehsalçılarının lazımi materialları təmin etməkdə yaşadıqları çətinliklər idi. Bu çətinliklər onların hökumətlərinin kommersiya siyasəti ilə gücləndirilmişdi. Onlar artıq saatları tam formada ixrac etməyə üstünlük verirdirlər, keçmişdə olduğu kimi yerli saat istehsalçılarına ehtiyat hissələri vermirdilər. Hesab edilir ki, ikinci səbəb İstanbuldakı saat ustalarının get-gedə inkişaf edən Avropa saat sənayesi ilə ayaqlaşa bilməməsidir. Məhz bu dövrdə ingilis saat ustaları Türkiyə ilə ticarət əlaqələri qurdular və xüsusi türk saatları istehsal etməyə başladılar. 18-ci əsrdə saraya saatlar göndərən ingilis saatsazlarından Uilyam Klark, Corc Klark, Daniel de Sent Lyu, Corc Prior, Edvard Prior və İsaak Rocersin adını çəkmək olar. Təkcə, ata Corc və onun oğlu Edvard Prior 1770-1860-cı illər ərzində Osmanlıya 78 mindən çox saat göndərib.

Muzeydəki özəl nümunələrdən Kraliça I Elizabetin 1583-cü ildə Osmanlı sultanına göndərdiyi 500 funt-sterlinqlik saatı misal çəkmək olar. 16-cı əsrə aid ingilis saatlarından heç biri dövrümüzə qədər gəlib çatmasa da, kolleksiyada 19-cu əsrə aid bir neçə unikal Britaniya saatı var.

Bürünc ingilis masa saatı isə Topkapı sarayının Hərəmindən gələn saatlardan biridir. Saatın gümüş ilə örtülmüş yarımdairəvi yuxarı hissəsində türk qravürü vard, orada “Devletlu Ser Kahveci Həzrəti Cihandari Bekzadə Seyid Ağa həzrətlərinin İmperator xəzinəsinə vəqfidir” yazılıb. Saatın arxa yuxarı hissəsində oyma texnikasında gül və budaq motivləri var. Onun hər saat başı çalan zəngi və yeddi zəngdən çox çalan “Carillon musiqi sistemi” var.

Zəngin dizayn, texniki təchizat və müxtəlif dövrlərə aid olduqlarını nəzərə alsaq, bu dünyanın ən gözəl kolleksiyalarından biridir.

Kolleksiyanın hər eksponatı haqqında ayrıca yazmağa nə söz yetər, nə də zaman. Əgər saatlara xüsusi marağınız varsa, Topkapı sarayının bu hissəsini ziyarət edə bilərsiniz.


 
Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir
Musavat.com

Seçilən
23
50
Mənbələr
Şərh ()
Bağla