AZ

Əgər ailədə qarşılıqlı hörmət və sevgi varsa...

Komitə rəsmisi: Mediada nümunəvi ailə obrazı işıqlandırılmalıdır

Günümüzün əsas problemlərindən biri də boşanmalardır. Əvvəllər boşanana pis baxırdılarsa,  sanki indi əksinədir.  Necə deyərlər, ailə dağıtmağa nə var ki, bircə sözün üstündə darmadağın edərsən. Çətin olanı ailəni qoruyub saxlamaqdır. Maraqlıdır, hazırda cütlüklər niyə bu çətinliyə sinə gərmək istəmirlər? Boşanmaların artmasının kökündə hansı faktorlar dayanır?

Bu və ya digər mühüm məqamlara aydınlıq gətirmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli ilə  həmsöhbət olduq.

- Nərgiz xanım, sizcə, boşanmaların artmasının, ailələrin dağılmasının səbəbi nədir?

- Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən uzaqlaşdırılması nəticədə ailə institutunun deformasiyaya uğramasına və ailələrin dağılmasına gətirib çıxarır. Əlbəttə, Azərbaycan qədim adət-ənənələr, milli-mənəvi dəyərlər əsasında formalaşmış cəmiyyət və dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər nəzərə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə ilk növbədə ailələrə, daha sonra isə cəmiyyətə təsir göstərir. Adətən boşanmalara səbəb kimi cütlüklər arasında  ən çox xasiyyət uyğunsuzluğu, anlaşılmazlıq, ailədə baş verən zorakılıq halları,  sağlamlıq problemləri, ziyanlı vərdişlərə meyillilik, kənardan müdaxilə, xəyanət və qısqanclıq  faktları göstərilir. Mövcud səbəbləri həll etməyə çalışmayıb, sadəcə nikahın pozulmasına  qərar verərkən  cütlüklər düşünməlidirlər ki,  ailədə uşaq varsa  ailə üzvləri daha böyük  psixoloji problemlərlə  üzləşirlər.

- Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziya kanallarının üzərinə böyük məsuliyyət düşür. Məsələnin bu tərəfi ilə bağlı tövsiyə, çağırışlarınızı eşitmək istərdik.

- Düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Media vasitəsilə işıqlandırılan ailə modeli cəmiyyətin təsəvvüründə ailə ilə bağlı  müsbət və mənfi nümunələr yaradır, müəyyən həyati situasiyalarda davranış modelləri formalaşdırır.  Bu gün kütləvi informasiya vasitələri gənclərin milli dəyərlər əsasında tərbiyə olunmasında güclü vasitədir. Bu səbəbdən, kütləvi informasiya vasitələrində işıqlandırılan ailə obrazının xarakteri barədə düşünmək, buradakı vacib məqamlara, yol verilən səhvlərə diqqət çəkmək olduqca önəmlidir. Media vasitəsilə işıqlandırılan materiallarda real hekayələr və real qəhrəmanlar üzərindən pozitiv nümunələri insanlara çatdırmaq çox vacibdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Unutmamalıyıq ki, bir çox ailə-məişət münasibətləri və münaqişələri ailə daxilində baş versə də, ən isti və müqəddəs münasibətlər də məhz  ailə üzvləri arasında yaşanır.

- Təmsil etdiyiniz Dövlət Komitəsi sözügedən  problemin həlli üçün hansı zəruri tədbirlər görür?

- Komitə ailələrlə bağlı dövlət siyasətinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Komitə tərəfindən gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, uşaq və yeniyetmələrin milli-mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq maarifləndirmə kampaniyaları reallaşdırılır. 60 ildən çox birgə ömür sürmüş nümunəvi ailələrin həyat hekəyələri mütəmadi olaraq  kütləvi informasiya vasitələrində əks olunmaqla cəmiyyətə çatdırılır. Komitə tərəfindən Respublikanın şəhər və rayonlarında 60 ildən çox birgə ömür sürmüş nümunəvi uzunömürlü ailələrin  toplusu - “Azərbaycan ailəsi” adında kitab çap olunmuşdur.

- Nərgiz xanım, uzunömürlü ailə həyatı üçün cütlüklərə tövsiyə və çağırışlarınız varmı?

- Uğurlu və uzunömürlü ailə həyatı üçün cütlüklər daha çox bir-birilərini yaxşı tanımağa, düşüncələrinə və maraqlarına hörmətlə yanaşmağa  meyil etməyi, müəyyən çətinliklərdə ortaq məxrəcə gəlməyi bacarmalıdırlar. Unutmaq olmaz ki, heç bir ailə həyatı tamamilə problemsiz olmur. Lakin bütün problemlərin həlli mümkündur. Əgər ailədə hörmət və sevgi varsa problemləri birgə həll etmək mümkün o qədər də çətin deyil. 

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla