AZ

Mate Kvirkviya: “Qarabağ”a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik”

“Kəpəz”in Gürcüstandan olan yarımmüdafiəçisi Mate Kvirkviya Premyer Liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, yarımmüdafiəçi hər keçən gün daha yaxşı olmağa çalışdığını bildirib.

Gürcü futbolçu azarkeşlərə dəstəyə görə təşəkkür edib. Kvirkviyanın Gəncə klubunun mətbuat xidmətinə açıqlamalarını təqdim edirik:

– Növbəti oyunumuz “Qarabağ” ilə olacaq. Bizi asan oyun gözləmir. Rəqibimiz güclüdür. Buna baxmayaraq, onlara qarşı səylə hazırlaşırıq. Məqsədimiz xal qazanmaqdır.

– Qarşıdakı oyunun çətinliyi, bizi gərgin mübarizənin gözlədiyini yaxşı dərk edirik. Ona görə də çempionatda yaranan fasilə müddətindən yaxşı yararlanmağa çalışdıq.

– “Qarabağ” ilə bu çempionat 3 dəfə qarşılaşmışıq. Bizim istədiymiz nəticələr olmayıb. Bu dəfə fərqli çıxış etmək istəyirik. Qəbələdəki son matçdan daha yaxşı oynamalıyıq.

– Bəzən yaxşı, bəzən pis nəticə göstərə bilərsən. Amma mən hər gün daha yaxşı olmağa çalışıram. “Kəpəz” mənim üçün böyük klubdur, çox önəmlidir. Bu səbəbdən istəyim böyükdür.

– Azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizi dəstəksiz qoymurlar. İndi son dövrəyə başlayırıq. Dəstək həmişəkindən daha çox lazım olacaq. Birlikdə güclü olacağıq.

Mate Kvirkviya 2022-ci ilin iyul ayından “Kəpəz”in uğurları üçün çalışır. 27 yaşlı sağ cinah vingeri Gəncə klubunun heyətində 60 oyun keçirib. O, bu görüşlərdə 5 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. “Samtrediya”, “Qaqra”, “Rustavi”, “Dila”, “VIT Georgia”, “Torpedo” (Kutaisi), “Zestafoni”, “Dinamo” (Tiflis) kimi klublarda da oynamış Kvirkviya, ölkəsinin U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas milliyə dəvət almayıb.

Sonda onu da qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Kəpəz” – “Qarabağ” matçına saat 19:00-da start veriləcək. Ağdam klubu bu görüşdə uduzmasa, 11-ci çempionluğunu rəsmiləşdirəcək.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla