AZ

İlqar Rəsul: O verilişləri bağlamaq heç nəyi dəyişmir

Ciddi alternativ ola biləcək başqa verilişlər də düşünmək lazımdırPrezident Administrasiyasının ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinə şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlarının nəticəsi, hələ ki bu proqramların efir vaxtının azaldılmasında özünü göstərir. 4-4.5 saatlıq verilişlərin efir müddəti saat yarım azaldılıb. Amma mövzular eyni, yanaşmalar eyni. Aparıcılar yenə meydan sulayır. Hətta təhdid dilində danışırlar; kimsə bizim “səsimizi” (“pulumuzu”) kəsə bilməz! Məhkəməyə verərik, “arxamızda” tamaşaçı kütləsi var!” Sadəcə, araşdırmaq lazımdır, bu tv aparıcıların cəsarəti haradan, nədən qaynaqlanır? Haqlarında bunca tənqid səsləndiyi halda, həm də yuxarı instansiya tərəfindən. Xatırladaq ki, tv rəhbərlərinin dəvət olunduğu iclasda qeyd edilmişdi ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq. Bəs tv rəhbərləri hansı ölçü götürüb? Göründüyü qədər hələ ki ciddi dəyişiklik baş verməyib. Bir qədər də güzəştə gedib, gözləmə mövqeyində dayanmaq olar, tv-lərin bu eybəcər proqramlara çəki-düzən verməsi qısa müddətdə hasil olacaq iş deyil. Çox dərinə kök atıblar çünki. Bu cür tok-şouların efir müddətinin azaldılması çıxış yoludurmu?    Yazıçı-publisist, jurnalist İlqar Rəsul “Sherg.az”a açıqlamasında qeyd etdi ki, çıxış yolu o cür verilişlərə alternativlərin ortaya qoyulmasıdır: - Belə tok-şoular olmalıdır. Çünki bütün dünyada var və televiziyaların maliyyə imkanlarının sabit qalmasında əhəmiyyətli rol oynayırlar. Əgər aparıcıların səviyyəsi prosesi lazımınca tənzimləyə bilmirsə, daha yuxarı instansiyalardan bəzi korrektələr olmalıdır əlbəttə. Amma tələb olunduğu kimi, o verilişləri bağlamaq, ya kəsib-doğramaq heç nəyi dəyişmir. Ciddi alternativ ola biləcək başqa verilişlər də düşünmək lazımdır. Yəni tərəzinin digər gözünü boş saxlamaq olmaz. Əks təqdirdə cəmiyyətin seçim imkanı azalır və birrəngli təfəkkür formalaşır insanlarda. Çıxış yolu, alternativ rolunu oynaya biləcək tok-şouların, verilişlərin layihələndirilib tətbiq edilməsidir.   

phrase_var_article.chosen
24
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close