AZ

Bütün ərzaqların 17 faizi zibilliyə atılır -HƏYACAN TƏBİLİ

Eyni zamanda dünya üzrə 780 milyondan çox insan aclıqdan əziyyət çəkirAğa Salamov: “İnternet platformalarda reklam olunan aqressiv qidalanma da israfçılığa və bir çox xəstəliklərə yol açır”  Dünya əhalisinin 10 faizi aclıqla üzləşdiyi halda, insanlar bütün ərzaqların 17 faizini zibilliyə atır. Bu rəqəmlər BMT-nin Ətraf Mühit Proqramının dünyada qida tullantıları ilə bağlı hesabatında yer alıb. Hesabata görə, 2022-ci ildə dünyada istehsal olunan ərzaq məhsullarının təxminən 1,05 milyard tonu və ya bütün ərzağın 19 faizi israf edilib. Bu, gün ərzində təxminən 1 milyard porsiya yemək deməkdir. Eyni zamanda dünya üzrə 780 milyondan çox insan aclıqdan əziyyət çəkir. Orta hesabla bir insan hər il istifadə etmədiyi təxminən 79 kiloqram qida məhsulunu zibilliyə atır. İsraf olunan məhsulların 60 faizi fərdi istehlakçıların və ev təsərrüfatlarının payına düşür. İctimai iaşə obyektlərində 28 faiz, mağazalarda isə 12 faiz ərzaq istifadə edilmədən tullantıya çevrilir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) “Qida tullantıları – 2024-cü il indeksi” hesabatında göstərilib ki, 2022-ci ildən bəri dünyada 1,05 milyard ton qida tullantısı qeydə alınıb. UNEP-in icraçı direktoru İnqer Andersen deyir: “Qida tullantıları qlobal faciədir. Bu gün dünyada qida israf edildiyi üçün milyonlarla insan ac qalır. Davam edən problem təkcə qlobal iqtisadiyyata təsir etmir, həm də iqlim dəyişikliyini, biomüxtəlifliyin itirilməsini və çirklənməni daha da gücləndirir”. Dünyadakı qida tullantılarının çoxu ev təsərrüfatlarının payına düşür. Bu rəqəm 631 milyon tondur və ya israf edilən ümumi qidanın 60 faizini təşkil edir. Qida xidməti və pərakəndə satış sektorları müvafiq olaraq 290 və 131 milyon ton itkiyə yol verir. Orta hesabla hər bir insan ildə 79 kiloqram qida israf edir. Hesabat müəllifləri vurğulayırlar ki, bu, dünyada aclıqdan əziyyət çəkən hər kəs üçün gündəlik 1,3 yemək porsiyasına bərabərdir.  Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, ərzaq tullantıları, israfçılıq qloballaşmış problemdir: - Dünyada 1.3-1.5 milyard ton ərzaq israf olunur, eyni zamanda dünyada 25 min insan açlıqdan ölür. Belə dəhşətli statistik rəqəmlər ortaya çıxdığı halda, “qida çatışmazlığı”, “ərzaq qıtlığı” bəyanatları məntiqsiz görünür. Qida çatışmazlığı varsa, bu qədər israf hardandır? İnsanlar həddini aşıb, israfçılıq edirlər, istehsalçılar durmadan məhsul istehsal edir, külli miqdarda ərzaq zibil yeşiklərinə atılır. Bəlli məsələdir, aclıq Afrikanın bəzi ölkələrində, Myanmada - Arakanda yaşanır. Amma BMT, eləcə də dünyanın super-gücləri hesabatlar hazırlamaqla yanaşı, bu ölkələrin əhalisini doyura bilər. Zibilliyə atılacaq ərzaqlar aclıqdan ölənlərə göndərilə bilər. Bunu etmirlər, amma hesabatlar hazırlayırlar. Keçək, ölkəmizə. Bizdə də vəziyyət yaxşı deyil. Super-marketlərdə bananın kiloqramı 3 manat, endirim kampaniyalarında 2,70-2.99 manatdır. Baxırsan ki, banan qalıb rəfdə, qaralmaq üzrədir, sabah yeyiləsi olmayacaq artıq, tullantıya çevriləcək, amma qiymətini endirmirlər. Ucuz qiymətə satmırlar, əhali alsın. Zibilliyə atmağı daha “məqsədəuyğun” hesab edirlər, nəinki qiyməti endirməyi. Sanki qəsdən edirlər, xarab olsun, atılsın, amma qiymət enməsin. Bu cür iqtisadi yanaşma necə izah edilə bilər, əlbəttə,  monopoliya ilə. Marketlərə yəqin göstəriş verilir ki, banan filan qiymətə satılmalıdır, yaxud da sahibkarlar öz aralarında sövdələşmə apararaq qiymət təyin edirlər, kimsə də bu qiymətdən kənara çıxmır. Bunun başqa hansı izahı var, kimsə izah etsin, bilək. Əksər marketlər hər gün 5-6 araba ərzaq, meyvə-tərəvəz tullantısı çıxarır. İctimai iaşə obyektləri isə qida zəncirinin son halqasıdır.  Müştəri 1 porsiya yemək sifariş verir, ancaq onu yeyib bitirə bilmir. Çünki 1 deyil, bir neçə yemək sifariş verib. Bütün yeməkləri həzmdən keçirməyə mədənin gücü yetmir, amma gözü doymur. Bu adam, birinci dəfə deyil restorana, kafeyə gedib. Bilir ki, sifariş etdiyi yeməyin hamısını yeyə bilməyəcək, amma yenə sifariş edir. Halbuki 1 porsiya yox, yarım porsiya yemək sifariş edə bilər, 3-4 növ yox, uzaqbaşı 2 növ sifariş edər. Belə etmirlər, nəticədə masadan qayıdan yeməklər tullantıya çevrilir, zibil yeşiklərinə atılır. İnsanlar da həddi aşıb, istehsalçılar da. Təbiət buna qarşı amansız  olacaq. Artıq bunun əlamətləri görünür. İribuynuzlu mal-qara da azalmaq üzrədir, xırdabuynuzlu da.   A.Salamov qeyd etdi ki, qida istehsalı müəssisələrinə nəzarət güclənməlidir: - Azad sahibkarlıq o demək deyil ki, nə istəsən edə bilərsən. Müəssisələr tələbatdan xeyli artıq məhsul istehsal edir. Marketlərdə rəflər ərzaq məhsulları ilə dolub daşır. İstifadə müddəti bitir, rəflərdən yığışdırlır, ya geri qaytarılır, təkrar istehsala yönəlir, ya da istifadəyə yararsız olduğu üçün tullanır. Hansı ərzaqlar təkrar emala yararlıdır, buna da nəzarət olunmalıdır. AQTA qidaların təhlükəsizliyinə nəzarət edir. Lakin istehsala da nəzarət olmalıdır. Hətta sahibkarlar üçün bir yarış, müsabiqə də elan etmək olar. Hansı müəssisə daha az israf edirsə, elan edilsin, mükafatlandırılsın. İsrafçılığın qarşısını almaq üçün müxtəlif metodlardan istifadə etmək olar.  A.Salamov bildirdi ki, internet platformalarda reklam olunan aqressiv qidalanma da israfçılığa və bir çox xəstəliklərə yol açır: - Tiktok şəbəkəsində insanları iştaha gətirən paylaşımlar edilir. Aqressiv qidalanmanın təbliği gedir. TV-lərdə də bu hal var. “Tombik” dönərlər, “əjdaha” dönər, “Big” fast-fud”lar reklam olunur. Bunlar insanların şüuraltısına yeridilir, kafeyə gedənlər də onlardan sifariş edir. İnternetə də, televiziyalara da əl gəzdirmək lazımdır. Bu cür ziyanlı qidalar insanlarda müxətlif xəstəliklər – mədə-bağırsaq pozuntuları, köklük, şəkərli diabet, xərçəng yaradır. Mən BMT-nin hesabatıyla tanış olmuşam. Orada qeyd edilir ki, şəhər və kənd əhalisi arasında fərqlər böyükdür. Məsələn, orta gəlirli ölkələrdə kənd yerləri ümumiyyətlə daha az qida israf edir. Bunun mümkün izahı kənd yerlərində ev heyvanları, heyvan yemi və ev kompostu üçün (müxtəlif növ üzvi tullantılardan alınan gübrə) qida qalıqlarının təkrar emalı ilə bağlıdır. Şəhərlərdə belə imkanlar olmadığından qida tullantılarının miqdarı da böyükdür.  Düzgün iş aparılsa, şəhərlərdən kənd yerlərinə qida tullantılarını daşıyıb, yem üçün istifadə etmək olar. Bunun üçün xüsusi proqram işlənməlidir. 

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla