AZ

Parlamentari: Regionda nüfuz müharibəsi gedir

Belə bir zamanda Azərbaycan bütün riskləri nəzərə almalıdır  “Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur. Bu da öz növbəsində dünya nizamına ciddi təsir göstərməklə yanaşı, əməliyyat şəraitinin mürəkkəbləşməsinə səbəb olur. Beynəlxalq aləmdə gedən proseslər təbii ki, ölkəmizdən də yan keçmir və o da sirr deyil ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə təhdid riskləri bu gün də vardır”. Bunu “Respublika” qəzetinə müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev deyib.DTX sədri qeyd edib ki, respublikamızın dünya miqyasında gündən-günə artan nüfuzu, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə qazandığı ardıcıl qələbələr, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şərait bir sıra Qərb ölkələrini ciddi narahat edir: “Xüsusən də  məqsədi bölgədə heç də sülh və sabitliyin təmin edilməsi olmayan və iki dövlətin sərhədində “müşahidə missiyası” adı altında fəaliyyət göstərən dairələri, xüsusilə Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürən, əslində isə birtərəfli mövqe tutaraq uzun illər ərzində Ermənistana himayədarlıq edən, ona hərtərəfli dəstək göstərən Fransa Azərbaycanın bölgədə yaratdığı reallıqlarla barışa bilmir.   Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır. Hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir”.  General-polkovnikin sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilib, zəruri və adekvat addımlar atılıb: “Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcəkdir. Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik”.  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Hikmət Babaoğlu isə “Sherg.az”a açıqlamasında deyib ki, ölkəmizdə ictimai təhlükəsizliyin təmin olunması nəticəsində Azərbaycan regionda və dünyada ən təhlükəsiz ölkələrdən biridir: “Lakin bu təhlükəsiz şərait o demək deyil ki, bizim ölkəmizə qarşı hər hansı qüvvələr mübarizə aparmırlar. Regionda nüfuz müharibəsinin getdiyi bir zamanda Azərbaycan bütün riskləri nəzərə almalıdır. Dövlətin və vətəndaşların təhlükəsizliyi üçün bütün zəruri addımlar atılıb və bundan sonra da atılmalıdır. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələsi ən aktual problemlərdən birinə çevrilib. 21-ci əsrdə dünyada formalaşan yeni nizamın özünün təhlükəsizlik  sistemi müəyyənləşir. Hər bir dövlət üçün  isə milli təhlükəsizlik və sabitliyin qorunması başlıca vəzifədir. Azərbaycan üçün də təhlükəsizlik faktoru prioritet olub. Azərbaycanda Dövlət Təhlükəsizlik Xidməti  ixtisaslaşmış dövlət qurumu olaraq təhlükəsizliyimizin təminatı ilə bağlı kifayət qədər peşəkar xidmət göstərir. Biz bunun DTX-nin vaxtaşırı həyata  keçirdiyi əməliyyatlar  zamanı şahidi oluruq. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin sonuncu strateji məqaləsində də Azərbaycan ictimaiyyəti bir daha həyata keçirilən addımlarla geniş şəkildə tanış oldu. Ölkə başçısının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan dərin layları yerindən oynadaraq  regionda yeni strateji reallıqlar yaradıb. Təkcə bu faktorun özü belə yeni təhlükəsizlik balansı tələb  edir. Bu isə təkcə təhlükəsizlik xidməti əməkdaşlarından yox, hər bir ölkə vətəndaşından ayıq-sayıqlıq tələb edir”. Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycanın üzləşdiyi təhlükəsizlik problemləri məhz  yaratdığımız yeni reallıqlarla bağlıdır. Nə qonşu ölkələr,  nə də qlobal aktorlar  Azıərbaycanın uğurlarını qəbul etmək istəmirlər: “Üzdə qəbul etmiş kimi görünənlər isə həzm edə bilmirlər. Ona görə də təhlükəsizliyimizlə bağlı hərbi-siyasi  aspektlər azdır. Çünki ordumuz güclüdür, diplomatiyamız isə operativ qərarlar qəbul edə, dünyada baş verən prosesləri proqnozlaşdıraraq adekvat addımlar atmağı bacarır. Hazırkı mərhələdə Azərbaycanın təhlükəsizliyini təhdid edən əsas istiqamət ideoloji məsələrlə bağlıdır. Bu sahədəki boşluqlar müəyyən  risklərə rəvac verir.  Konkret dövlət  adı çəkmək doğru olmaz, çünki heç bir ölkə açıq şəkildə  Azərbaycanın təhlükəsizliyini təhdid edəcək bəyənatlar verib, addımlar atmır. Amma  biz bilirik ki, dövlətlərə bağlı olan  proksi qüvvələr cənubda da var, qərbdə də, hətta okeanın o tayında da var. Dövlət Təhlükəsizlik Xidməti bu təhdidlərin öhdəsindən böyük peşəkarlıqla gəlsə də,  hər bir vətəndaş ayıq- sayıq olmalıdır”.

phrase_var_article.chosen
21
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close