AZ

Premyer Liqa: “Qarabağ” 11-ci çempionluğu rəsmiləşdirə bilər

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyunu Qəbələdə keçiriləcək. Burada “Qəbələ” “Neftçi” ilə üz-üzə gələcək. Bu komandalar indiyə qədər çempionatda 62 oyun keçiriblər. Bu oyunlarda “Qəbələ” 18, “Neftçi” 30 qələbə qazanıb, 14 görüşdə qalib müəyyənləşməyib. “Neftçi” son 4 oyunda bu rəqibinə qol vurub. Bakı klubu son 3 matçda 2 top fərqi ilə qalib gəlib.

Uzun müddətdir qələbəyə həsrət olan “Qəbələ” yeni baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında nəhayət ki, uğursuz gedişata son qoymağa çalışacaq. “Neftçi” isə növbəti qələbəsini qazanmaqla liderlər qrupunda qalmaq arzusundadır.

İlk oyun gününün digər qarşılaşması son çempion “Qarabağ”la əzəli rəqiblərindən olan autsayder “Kəpəz” arasında baş tutacaq. Bu oyunun nəticəsi Premyer Liqada 2023/2024 mövsümünün qalibini müəyyənləşdirə bilər. Belə ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək və tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq.

Qeyd edək ki, 27 turdan sonra “Qarabağ”ın 66, ikinci və üçüncü yerlərdə qərarlaşan “Sabah”la “Neftçi”nin isə 40 xalı var. Qurban Qurbanovun komandasının və onun ən yaxın izləyicilərinin növbəti turda qələbəsi təqdirində çempionatın bitməsinə 8 tur qalmış komandalar arasında xal fərqi yenə 26 olacaq. Bu o deməkdir ki, “Qarabağ” hətta bundan sonra bütün 8 matçda uduzsa, ikinci pillədəki komanda isə bütün oyunlarda qalib gəlsə belə, ağdamlılar liderliyi əldən verməyəcəklər. Ağdam klubu üçün ən pis halda yekunda liderlə ikinci pillə arasında xal fərqi cəmi 2 olacaq (69 və 67).

“Kəpəz”lə oyunda mümkün heç-heçə də “Qarabağ”ı çempion edir. Bu halda Ağdam klubunun 67 xalı olacaq. Sonrakı bütün oyunlarda “atlılar” uduzsa və ikinci pilllədəki komanda bütün görüşlərdə qələbə qazansa, yekunda xallar bərabərləşəcək. Azərbaycan çempionatının əsasnaməsinə görə, liderlə ikinci yer arasında xal fərqi bərabər olarsa, qalib şəxsi oyunlardakı göstəriciyə əsasən müəyyənləşir. Bu mövsüm isə “Qarabağ” şəxsi oyunlarda həm “Neftçi”dən (3 oyun, 3 qələbə), həm də “Sabah”dan üstün olub (3 oyun, 2 qələbə, 1 heç-heçə).

Premyer Liqa
28-ci tur
29 mart

16:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

30 mart

16:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Bayıl Arena”.

19:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Masazır Arena”.

31 mart

18:00. Sumqayıt – Araz Naxçıvan
Hakimlər: Kamranbəy Rəhimov, Şirməmməd Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
Hakim-inspektor: Barış Şimşək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Seçilən
41
5
Mənbələr
Şərh ()
Bağla