AZ

Doğma Dərələyəz

Elçin SADIQOV
Salyan rayonu Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbin tarix müəllimi

 

Şərur-Dərələyəz tarixi vilayətin dağlıq hissəsini təşkil edir. Qədim Oğuz-türk yurdu olan Dərələyəz mahalı Zəngəzur mahalı ilə bitişikdir. Mahalın ərazisi 2908 kvadratkilometrdir. Eramızdan əvvəl I minilliklərdə sak, hors, qarqar, qayı, kəngər, cığatay, çul, aban, xələc və quşçu tayfaları yaşamışdır. Mahalın adı iki dağ və ya təpə arasında çuxur mənasını verir.

Oğuz-türk yurdu olan bu mahalda qoç və at fiqurlu daş abidələr tapılmışdı. Dərələyəz mahalı Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin ərazisinə daxil edilmişdi. Tarixi qaynaqlara əsasən, 1504-cü ildə Şah I İsmayıl Dərələyəz mahalında Səfəvi idarəçiliyi qurmuşdu. Qafqazşünas, alman tarixçisi İ.Şopen Dərələyəzi Qafqazın İsveçrəsi adlandırmışdı. XIX əsrdə çar Rusiyasının Qafqaz uğrunda Qacarlarla apardığı müharibə nəticəsində, buranın əhalisinin etnik-tərkibi dəyişdirilmiş və yaxud deportasiyaya məruz qalmışdı. 1828 Türkmənçay, 1829 Ədirnə sülh müqavilələrinə əsasən buraya 90 mindən çox erməni əhalisi köçürülmüşdü. Çar Rusiyasının erməni əhalisini bura köçürtməkdə məqsədi bufer zona yaratmaq, yerli etnik-türk əhalini qonşu xalqlarla (Osmanlı türkləri) ilə əlaqəsini kəsmək idi. Ermənilər burda yaşadıqca zamanla Azərbaycan türklərinə qarşı soyıqırım törətmişdilər.

1905-1906-cı illərdə çar Rusiyasının yerli xalqlara qarşı qırğınlarında ermənilərin köməyindən geniş istifadə etmişdi. Nəticədə burada yaşayan Azərbaycan türkləri köçməyə məruz qalmışdı. 1918-ci il mart-aprel aylarında ermənilərin növbəti soyqırımında buranın əhalisi qırğınlara və deportasiyaya məruz qalmışdı. Mənim babalarımın burada yaşaması işlə əlaqədar olmuşdu.

Atamın babası Sadıqov Sadıq Ağa oğlu 1910-cu ildə Naxçıvan Muxtar SSR-in Ələkli kəndində anadan olmuşdu. Orta və ali təhsilini Naxçıvanda almış, işləmək üçün təyinatı Ermənistan SSR-in Əzizbəyov rayonu (Paşalı-Vayk) Cul kəndinə verilmişdi. O, bu kənddə uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdi. O, Cul kəndi ilə bərabər, Gomur, Terp kəndlərində də müəllim kimi fəaliyyət göstərmişdi. İşlədiyi müddətdə həm azərbaycanlı uşaqlara, həm də erməni uşaqlara dərs demişdir. Sadıq müəllimin Culdakı müəllimlik fəaliyyəti 1952-ci ilə qədər davam etmişdi. Ailəsi ilə birlikdə SSR Ali Sovetin 1948-1953-cü illərdə başlatdığı deportasiya nəticəsində Salyan rayonuna deportasiya olunmuşlar. Deportasiyandan sonra Salyanda yaşamışlar. Deportasiya olunmuş azərbaycanlılar haqqında hüquqi qiymət Ulu öndər Heydər Əliyevin 1997-ci il 18 dekabrda verdiyi sərəncamda öz əksini tapmışdı.

Mən Sadıqov Elçin Oqtay oğlu Salyan rayonu Xələc kəndində doğulmuşam. Hazırda Salyan rayon H.Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərirəm. Bizləri sevindirəcək növbəti sərəncam isə cənab Prezident İlham Əliyev  tərəfindən 2022-ci il 3 avqust tarixində verilmiş tarixi sənədə əsasən, Ermənistan ərazisindən kütləvi deportasiya olunmuş azərbaycanlılar və onların varisləri arasında ictimai mədəni birliyə nail olmaq üçün Qərbi Azərbaycan İcması təşkilatı yaradıldı. Bu sərəncam tək bir icma deyil, bir insanı, bir ailəni və bir xalqı tarixin ədalətsiz qərarından qurtarmış oldu. Mən bir Azərbaycan ziyalısı və müəllimi olaraq, babalarımızın öz doğma torpaqlarından köçürülməsinin hüquqi qiymət alması və haqq-ədalət savaşında itirilmiş mənəvi birliyi geri qaytarmasında cənab Ali Baş Komandana təşəkkürümü bildirirəm. Qoy ədalət zəfər çalsın! 

 























Bizi Facebookda izləyin

phrase_var_article.chosen
21
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close