AZ

Əczaçılar canlı yayımda dərman təbliğatı aparır- qanunidirmi?

Image

Pərvanə Mustafayeva: “Sosial platformalar üzərindən əczaçılar tərəfindən dərman vasitələrinin reklam edilməsi yolverilməzdir”

Bəzi əczaçılar sosial şəbəkələrdə canlı yayımlar açaraq dərmanlarla bağlı məsləhətlər verirlər. Bununla yanaşı, müxtəlif xəstəliklərin müalicəsi üçün dərmanlar tövsiyə etdikləri videolar da paylaşırlar. 

Qeyd edək ki, bu hal daha çox TikTok və İnstagramda müşahidə olunur. 

Görəsən, aptek əməkdaşlarının xəstələrə dərman vasitələri ilə bağlı tövsiyələr vermək, təyin etmək kimi səlahiyyətləri varmı? Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir?

“Əczaçı bilərəkdən dərman preparatını yalan reklam edirsə sağlamlığa ehtiyatsızlıqdan zərər vurmağa görə cinayət məsuliyyətinə cəlb oluna bilər” 

Tibb sahəsi üzrə ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”-ə şərhində bildirdi ki, Azərbaycanda dərman vasitələrinin reklamı qanunla qadağandır: “Burada biz iki məsələyə diqqət ayırmalıyıq. Son dövrlər dərman vasitələri kimi istifadə olunan, lakin dərman vasitəsi kimi qəbul olunmayan xeyli sayda qida əlavələri, bioloji aktiv maddələr var. Bu məhsullar mövcud qanunun təsiri altına düşmür. Məsələn, müəyyən siroplar var ki, televiziyalarda reklam olunur. Cəmiyyət həmin siropları dərman kimi qəbul edir, amma bu vasitələrin tərkibində kimyəvi formulalar olmadığına görə qanunla reklamı mümkün sayılır. Bununla bağlı sosial şəbəkələrdə aparılan reklamlara bəzi hallarda müdaxilə etmək dövlətin də gücündə olmur və ya dövlətin gücündə olmuş olsa belə, müəyyən mənalarda məsələyə göz yumulur. Əgər biz görsək ki, bu reklam elementlərinin içərisində bilavasitə kimyəvi formula tərkibli, məhz Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən xüsusi dərman vasitələrinin reklamı gedir, bu, təbii ki, inzibati xəta sayılır. Yəni bununla bağlı qanunvericilikdə inzibati xəta nəzərdə tutulub”. 

Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, sosial platformalar üzərindən əczaçılar tərəfindən dərman vasitələrinin reklam edilməsi isə yolverilməzdir: “Əczaçı bilərəkdən dərman preparatını yalan reklam edirsə, sağlamlığa ehtiyatsızlıqdan zərər vurmağa görə cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Günel CƏLİLOVA





Seçilən
85
24
Mənbələr
Şərh ()
Bağla