AZ

31 Mart soyqırımı – tarixin unudulmayacaq qanlı izi - ŞƏRH

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın dövrdə həyata keçirilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Yaşadığımız son iki yüzillikdə baş verən hadisələrin gedişatına və törədilən hadisələrin mahiyyətinə nəzər salsaq görərik ki, bu ermənilərin "Böyük Ermənistian" yaratmaq xülyasından irəli gəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "İki yüz il davam edən bizim xalqa qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə erməni millətçiləri tərəfindən aparılan siyasətin məqsədi azərbaycanlıları öz doğma ocaqlarından sıxışdırıb qovmaq, onları fiziki cəhətdən məhv etmək, yeni əraziləri işğal edərək mifik "Böyük Ermənistan" qurmaq olub."Uzun illər tarix təkrarlanıb. XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir və hadisələri ardıcılıqla izləsək, görərik ki, hadisələr eyni ssenari əsasında baş verib. Ötən əsrin əvvəllərində - 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Hadisələrin davamı olaraq 1918-ci ilin mart ayında soyqırımı törədiblər. 30 martdan 4 aprel tarixinə qədər ermənilərin törətdikləri cinayətlər nəticəsində minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilib. Bu erməni vəhşiliyinin nəticəsində baş verir. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. İnsanlığa sığmayan bir vəhşilik törədiblər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Onu da qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Şamaxıdakı vəhşiliklər, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətlər araşdırılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də, cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər tədqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Hadisələrə 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda siyasi-hüquqi qiymət verilib. Beləliklə, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib.Son illər aparılmış araşdırmalar nəticəsində faktlar və sənədlər üzə çıxarılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq erməni vəhşiliyini dünyaya təqdim etdi. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir.Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Bu tarixi dəlillər ermənilərin qəddar, vəhşi, vandal olduğunu bir daha təsdiqləmiş olur. Bu gün həmin ərazidə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. "Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir.Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək, Xocalını yerlə-yeksan etdilər. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə edilmişdi.Artıq Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımından - mart qırğınından 106 il ötür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində "Dənizdən dənizə Ermənistan" yaratmaq xülyası ilə yaşayan mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğradıldı. Ərazi bütövlüyümüz bərpa olundu.

Azər SÜLEYMANOV,Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Seçilən
16
29
Mənbələr
Şərh ()
Bağla