AZ

Ruslan Əmircanov Premyer Liqada məşqçi olmaq istəyir

Azərbaycan millisinin sabiq futbolçusu, bugünlərdə II Liqa təmsilçisi “Cəbrayıl” ilə anlaşan Ruslan Əmircanovun futbolinfo.az saytına müsahibəsi

– Necə oldu ki, “Cəbrayıl”da oynamaq qərarına gəldiniz?

– Bildiyiniz kimi, minifutbol üzrə Azərbaycan çempionatında “İnter” komandasında Cavid Hüseynovla bir yerdə çıxış edirik. Ona demişdim ki, karyeramı başa vursam da, özümdə böyük futbol oynamaq gücü hiss edirəm. Bildirmişdim ki, istəsəniz, təcrübəli futbolçu kimi gəlib canla-başla oynayaram. Rəhbərliklə danışdıqdan sonra mənə dəvət göndərdilər, mən də dəvəti dəyərləndirdim. Çünki “Cəbrayıl” böyük işlər görmək istəyən klubdur. Bunun üçün də meydanda və meydandan kənarda təcrübəli futbolçulara ehtiyac var. Komandanın uğur qazanması, mövsümü ilk pillədə bitirməsi üçün əlimizdən gələni edəcəyik.

– II liqa ilə yanaşı, minifutbol çempionatında da oynayırsınız. Böyük futbolla minifutbol arasında nə kimi fərqlər var?

– Arada çox böyük fərq var. Minifutbolu balaca meydançada oynayırsan. Buna görə də nəticə əldə etmək üçün tez qərar verməli, daim hərəkətdə olmalısan. Böyük futbolda isə adında da göründüyü kimi, böyük meydançada oynayırsan və daha çox güc sərf etməli olursan. Böyük futbolda daha çox dözümlülük lazımdır. Minifutbol oyunu 50 dəqiqə çəkirsə, böyük futbolu 90 dəqiqə oynayırsan. Minifutbolla müqayisədə böyük futbol daha çətindir.

– Artıq aşağı yaş qrupunda baş məşqçiliyə də başlamısınız. Bu sahədə qarşınıza hansı məqsədləri qoymusunuz?

– Bunadək sabiq “Keşlə” komandasında köməkçi-məşqçi kimi çalışdım. Sonra “Şamaxı”nın əvəzedici komandasında Zaur İsmayılovun köməkçisi oldum. Qərar verdim ki, artıq baş məşqçi fəaliyyətimə başlamalıyam. Çünki geridə qalan müddətdə müəyyən təcrübə toplaya bildim. Özümü baş məşqçi kimi sınamaq istədim. Açığı, başqa komandalardan da variantlar var idi. Sadəcə, baş məşqçi kimi ilk addımlarımı aşağı yaş qruplarında başlamağı daha doğru saydım. “Araz-Naxçıvan”ın 17 yaşadək futbolçulardan ibarət komandasını çalışdırmaq təklifi gəldi və canla-başla razılaşdım. Hər bir məşqçi istəyir ki, təcrübə yığa-yığa sonda Premyer Liqa klubunu çalışdırsın. Mən də qarşıma belə bir məqsəd qoymuşam. İnşallah, özümü yaxşı tərəfdən göstərərək gələcəkdə Premyer Liqa klubunu çalışdırmaq istəyirəm.

– Aşağı yaş qruplarında gələcəyə ümid verən istedadlı uşaqlar varmı?

– Bəli, var. O qədər komanda ilə qarşılaşırıq. Görürəm ki, hər bir klubun aşağı yaş qruplarında istedadlı uşaqlar var. Gələcəkdə peşəkar futbolçu ola bilərlər. Sadəcə, hər şey uşağın özündən asılıdır. Yatmağı, qidalanmağı, rejimi, nizam-intizamı, məşqlərdə və oyunlarda bütün gücünü qoyması, fədakar olması – bunlar vacib amillərdir. Əziyyət çəkməsələr, yaxşı futbolçu ola bilməzlər.

– Uşaqların gələcəkdə yaxşı futbolçu olmaları üçün başqa hansı vacib şərtlər var?

– Yaxşı futbolçu olmaları üçün gərək öz klublarında mütəmadi olaraq əsas heyətdə oynasınlar. Mütləq məşqlərdən sonra qalıb fərdi qaydada zəif cəhətləri üzərində işləsinlər. İndiki uşaqlara, cavanlara baxırsan, məşq bitəndən 3 dəqiqə keçsə də, artıq yuyunub, əynini geyinib və gözləyir ki, qaçıb getsin. Biz o yaşda olanda meydançadan çıxmırdıq. Məşq bitsə də, qalırdıq, məşqdən əlavə də işləyirdik. İndiki uşaqlar bunu etmirlər. Digər klublardan da soruşuram, deyirlər ki, uşaqlar ancaq məşq saatından yararlanırlar.

AĞA

phrase_var_article.chosen
33
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close