AZ

Bakıda taksi biznesi iyulun 1-də alt-üst olacaq...

Image

Taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib.

Tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:

– sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;

– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;

– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.

Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Eyni zamanda, taksi minik avtomobili bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilməlidir.  Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Qeyd edək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Yasin Mustafayev: “Bütün bu islahatların həyata keçirilməsi və bunlara qoyulan tələblərin 2024-cü il iyul ayının 1-dən qüvvəyə minməsi müəyyən çətinliklər yaradacaq” 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni qaydalar taksi qiymətlərinə təsir edəcək: “Taksi fəaliyyəti sahəsində uzun sürən problemlər, çətinliklər, anarxiyadan sonra artıq deyə bilərik ki, bu sahədə islahatlara start verilib. Ümid edirik ki, bu islahatlar ciddi mənada dəyişikliklər yaradacaq. Bu gün Nazirlər Kabinetinin imzaladığı qərara əsasən artıq bu sahədə müxtəlif tələblər ortaya qoyulur. Həm taksi fəaliyyəti sahəsində, eyni zamanda digər sərnişin daşımalarda artıq müəyyən tələblər qoyulub. Təbii ki, islahatlar aparıldığı zaman razı və narazı qalan kütlə olur. Taksi istifadəçiləri burada tətbiq edilən qaydalarla, tələblərlə, yəqin ki, razı qalacaqlar. Müəyyən qədər taksilərin fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinin keyfiyyəti yüksəldiləcək. Təbii ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və yaxud da fiziki şəxslərdə isə bu müəyyən qədər çətinlik yaradacaq. Əlbəttə ki, bütün bu islahatların həyata keçirilməsi və bunlara qoyulan tələblərin 2024 cü il iyul ayının 1-dən qüvvəyə minməsi müəyyən çətinliklər yaradacaq. Tələblərə əsasən taksi avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır. Eyni zamanda minimum AVRO-5 standartına cavab verməlidir. İstehsal tarixi 15 ildən çox olmamalıdır”.

Ekspert hesab edir ki, dəyişiklik qiymətlərə təsir edəcək. Qiymətlər nəzərəçarpacaq dərəcədə artacaq: “Qaydalara uyğun olmaq üçün, yəqin ki, avtomobillərini ya satmalı, ya dəyişdirməli və yaxud da rənglətməli və s. işlər görməlidirlər. Bu da müəyyən xərclər yaradır. Bu xərclər də, yəqin ki, taksi daşımalarında özünü göstərəcək. Yəni qiymət artımına gətirib çıxardacaq və qiymət artımı da ciddi bir artım olacaq. Hər bir halda qiymət artımı olsa da, kifayət qədər keyfiyyətli xidmətin göstərilməsinin şahidi olacağıq. Hər bir halda bu qoyulan tələblər vətəndaşlar - onların təhlükəsizliyi və rahatlığı üçündür”.

POS-terminalların quraşdırılmasına gəlincə, ekspert bildirdi ki,  POS-terminalla bağlı da bəzi güzəştlər tətbiq edilə bilər: “Hesab edirəm ki, o pos-terminallar hansı bankın olacaqsa, ola bilsin ki, həmin banklar tərəfindən təqdim olunsun və ya müəyyən güzəştlərlə verilsin. Ola da bilər, olmaya da bilər, amma bu faktor da, bayaq qeyd etdiyim kimi, qiymətlərə təsir göstərəcək”.

Eldəniz Cəfərov: “Bu qərar  avtomobil bazarına təsir edəcək” 

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, bu qərar  avtomobil bazarına təsir edəcək: “Bu qərardan asılı olmayaraq aprel ayından avtomobil qiymətlərinin 3 faiz bahalaşacağı gözlənilir. Bu artım iri avtomobil sənayeçiləri ilə bağlıdır. Daşınma qiymətləri və ehtiyat hissələrinin bahalaşması burada öz təsirini göstərir. Məlum qərar hazırda avtomobil bazarına təsir etməyəcək. Gələcək günlərdə “Toyota Prius” markalı avtomobillərin qiymətinin dəyişəcəyi də o qədər real görünmür. “Prius”lar onsuz da bizim ölkədə populyar deyil. Əvvəl bu maşınların ölkəyə gətirilməsi ucuz başa gəldiyindən gündəmdə idi. Amma keçən ildən qoyulan məhdudiyyət vəziyyəti dəyişdi. Hətta bu məhdudiyyət də “Prius”ların qiymətinə kəskin təsir etməyib”.

Elməddin Muradlı: “Birdən-birə bu qədər insanı işsiz qoymaq düzgün deyil” 

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda ölkədə 70 minə yaxın taksi var və bu rəqəmin azaldılması nəzərdə tutulur. Lakin bunu kəskin şəkildə etmək olmaz: “Birdən-birə bu qədər insanı işsiz qoymaq düzgün deyil. Üstəlik, hansısa bir bazarın sərt tənzimlənməsi dövlətin ümumi məqsədi - əhalinin yüksək məşğulluğu və işlə təmin olunması məqsədi ilə ziddiyyət təşkil edir. Rəqəmsal platformalar bütün dünyada məhz bu məqsədə xidmət edir - özünü və ya ailəsini saxlamağa ehtiyacı olan və ya vaxtının çoxunu sərf edərək bu işi peşəkar şəkildə yerinə yetirməli olan insanlar üçün peşəyə girişi təmin edir. Sürücülərə və taksi şirkətlərinə öz avtomobillərini təkmilləşdirmək və daha yeni nəqliyyat vasitəsi ilə fəaliyyətini davam etdirmək imkanı və vaxtı verilməlidir. Bu işdə həm taksi şirkətləri, həm də hazırda bazarda fəaliyyət göstərən onlayn platformalar mühüm rol oynaya bilər. Düşünürəm ki, onlar da öz avtomobil parkını yeniləməkdə maraqlıdırlar”.

Günel CƏLİLOVA





phrase_var_article.chosen
33
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close