AZ

31 Mart faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir - ŞƏRH

Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqının tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Gizli saxlanılan həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyan Gülüstan və Türkmənçay müqavilələri 1813-cü və 1828-ci illərdə imzalandı . Xalqımızın bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Az bir müddət ərzində bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Nəticədə, bu cür süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin təməli qoyuldu və "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Azərbaycan torpaqlarında bu uydurma dövlətin yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. 1905-1907-ci illərdə "Böyük Ermənistan" yaratmaq röyasından ruhlanan erməni qəsbkarları azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Bakıdan başlanan Ermənilərin vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi.1917-ci il fevral və oktyabr aylarında Rusiyada baş vermiş çevrilişlərdən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. “Əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Ermənilərin həmin günlərdə törətdikləri cinayətlər xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Ermənilər minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmişlər. Evlərə od vurulmuş, insanlar diri-diri yandırılmışlar. Məktəbləri, xəstəxanaları, məscid, milli memarlıq inciləri və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Soyqırımın qurbanları içərisində qadınlar və uşaqlar xüsusi ilə seçilir.Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasa idi bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur. Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə ucaldılmışdı.Təqribən 8000-ə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. Aprel ayında bu bölgənin 122 kəndi dağıdılmış, yüzlərlə müsəlman türk və ləzgi qətlə yetirilmişdi. Heç təsadüfi deyil ki, 2007-ci il aprelin əvvəllərində Quba ərazisində kütləvi məzarlıqlar aşkar edilmişdir. Bütün bunlar bir daha azərbaycanlılara qarşı soyqırımı təsdiqləyir. İrəvan quberniyası ilə qonşu olan Azərbaycanın Zəngəzur mahalında 115 kənd dağıdılmış, 3257 nəfər kişi, 3276 nəfər qadın, 2196 uşaq qətlə yetirilmişdir.Azərbaycan gəncliyinin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır. XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırım siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir.Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Ermənilərin ötən əsrdə etdikləri genosid faktlarını Prezidentimiz cənab İlham Əliyev dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Törədilmiş bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır! Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.Fərid MustafayevYAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Seçilən
33
35
Mənbələr
Şərh ()
Bağla