AZ

Azərbaycanlıların soyqırımı - yaddaş, həqiqət və dövrümüzün çağırışları - ŞƏRH

Azərbaycan üçün 31 mart tarixi, 20-ci əsrin əvvəllərində xalqımıza qarşı törədilən dəhşətli soyqırımı xatırladan faciəli bir günə çevrildi. Erməni qəsbkarları tərəfindən qırğınlar, dinc əhalinin qətlə yetirilməsi, yüzlərlə yaşayış məntəqəsinin dağıdılması ilə Azərbaycan xalqının tarixinin ən qaranlıq səhifələrindən biri başlandı. 1905-1907-ci illərdə başlanan və 1918-ci ildə geniş vüsət alan soyqırım Azərbaycan xalqının məhv edilməsi və öz torpaqlarından didərgin salma siyasətinin qanlı sübutu oldu. Bir çox dinc sakinlər, sadə insanlar, qadınlar və uşaqlar etnik mənsubiyyətlərinə və dinlərinə görə qətlə yetirilib. Erməni millətçiləri heç nəyi əsirgəmədilər - yaşayış məntəqələrini, məscidləri, qəbiristanlıqları dağıtdılar, Azərbaycan mədəniyyətinin bütün izlərini sildilər.Azərbaycanlıların soyqırımının tarixi konteksti 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə bağlıdır ki, bu müqavilələr Azərbaycan xalqının parçalanmasına, ermənilərin torpaqlarımıza köçürülməsinə əsas olub. Ermənilər inzibati vahidlər yaratmağa nail oldular ki, bu da azərbaycanlıların qovulmasına və soyqırımı siyasətinin həyata keçirilməsinə təkan oldu.Azərbaycan Xalq Cümhuriyyəti bu dəhşətli hadisələri araşdırmağa və onlara siyasi qiymət verməyə cəhd etsə də, onun süqutu bu prosesi dayandırdı. Lakin 80 il sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev “Azərbaycanlıların Soyqırımı haqqında” Fərman imzalayaraq bu dəhşətli cinayəti rəsmən tanıdaraq, 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etdi. Bu Fərman tarixi həqiqətin tanınması və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə məsuliyyətin müəyyən edilməsi istiqamətində mühüm addım idi. Bu, həm də gələcəkdə belə dəhşətlərin qarşısının alınmasının və tarixi torpaqlarında bütün xalqların hüquqlarına hörmətin gücləndirilməsinin vacibliyini xatırladır.Davamlı aparılan araşdırmalar sayəsində çoxsaylı yeni faktlar və sənədlər toplanmıçdır. Quba şəhərində aşkar edilən kütləvi məzarlıq bu faciənin qanlı sübutlarından biridir. 1918-ci ilin aprel-may aylarında təkcə Quba qəzasında 167 kənd tamamilə dağıdıldı. Quba soyqırımı ilə bağlı məzarlıq 2007-ci il aprelin 5-də bu ərazidə aparılan qazıntı işləri zamanı aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda qətliam qurbanlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmiş və şəhidlərin xatirəsinin ehtiramla yad edildiyi ərazidə monumental abidə kompleksinin ucaldılması barədə qərar qəbul edilmişdir. 2007-ci ilin iyul ayından Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları kütləvi məzarlıq sahəsində genişmiqyaslı tədqiqat işlərinə başlamış və 2008-ci ilin sentyabrında başa çatmışdır. Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən dəfn 1918-ci ildə ermənilərin dinc yerli əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlıdır. Tədqiqat işləri nəticəsində məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda təkcə azərbaycanlılar deyil, Qubada kompakt yaşayan ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də amansızlıqla qətlə yetirilərək torpağa basdırılıb. 2013-cü il sentyabrın 18-də bu ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin açılışında tarixi nitqlə çıxış edən cənab Prezident İlham Əliyev tarixin bütün məqamlarını, o cümlədən keçmişdə Azərbaycan xalqının üzləşdiyi faciəli hadisələri bilməyin vacib olduğunu vurğuladı və bu sözlərə təstiq olaraq, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında cənab Prezidentin Sərəncamında bu faciənin genişliyi və miqyasının tanınmasının zəruriliyi vurğulanır. Aparılan araşdırmalar və aşkar edilmiş faktlar təsdiq edir ki, bu soyqırımın qurbanları təkcə azərbaycanlılar deyil, bu torpaqlarda yaşayan digər etnik qrupların nümayəndələri də olub.Təəsüflə qeyd etmək lazımdır ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib. Soyqırımın cinayət kimi hüquqi tərifi BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260(III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada verilmişdir. Bu Konvensiyaya uyğun olaraq, soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupların tamamilə və ya qismən məhv edilməsi məqsədi ilə törədilmiş hərəkətdir. Siyasi maraqların təsiri və müəyyən qüvvələrin təzyiqi altında bir çox ölkə və təşkilatlar bu faciəni adekvat şəkildə tanımaqdan yayınırlar. Bu ədalətsiz yanaşma bu gün və gələcəkdə insan hüquqları pozuntuları üçün təhlükəli presedent yaradır və ədaləti sarsıdır.Buna baxmayaraq, bu gün də Azərbaycan daha qüdrətli ölkə olaraq,bu faciənin bütün dünya tərəfindən tanınması və pislənməsi üçün mübarizəni davam etdirir. Dövlətimiz və xalqımımzım fəal nümayəndələri yüksək əzimkarlıqla soyqırımın tanınması və pislənməsinə nail olmaq üçün təbliğat, diplomatik təsir və beynəlxalq səylər üzərində çox çalışırlar. Bu, təkcə qurbanların xatirəsi üçün ədalət məsələsi deyil, həm də gələcək nəsil üçün bir dərsdir ki, Azərbaycan xalqının keçmişdə yaşadığı faciələri xatırlasın və bilsin. Milli-Tarixi şüurun inkişaf etdirilməsi və keçmişin xatirəsinin qorunması ədalətli və dinc gələcəyin qurulmasının əsas elementlərindəndir.Yekunda qeyd etmək vacibdir ki, dünya ictimaiyyətinin azərbaycanlıların soyqırımına yanlış yanaşmasını dəyişdirmək bütün maraqlı tərəflərin kollektiv səylərini və dəstəyini tələb edir. Yalnız keçmiş cinayətlərin obyektiv tanınması və pislənməsi ilə bütün xalqlar üçün daha ədalətli və dinc gələcək üçün təməl qurmaq olar.Masil DəmirovYAP Yasamal rayon təşkilatının fəal üzvü

Seçilən
29
29
Mənbələr
Şərh ()
Bağla