AZ

“Qobustan” dərgisinin Türkiyə sayı

“Qobustan” sənət toplusunun bahar sayı işıq üzü görüb. Ötən ilin noyabr ayında Türk Ədəbiyyatı Vəqfi və onun mətbu orqanı olan “Türk ədəbiyyatı” dərgisi ilə qarşılıqlı razılaşmaya əsasən, “Qobustan”ın bu sayı türk mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına həsr olunub. 

525.az xəbər verir ki, dərgidə Xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, şair-publisist Fərid Hüseyn, Aysel Xanlarqızı, Pərvin, sənətşünaslar Natiq Əfşar, Dürdanə Qurbanova və başqa müəlliflərin məqalə-esselərində böyük türk mədəniyyətinin müxtəlif istiqamətləri təhlil olunub. 

Bu sayda həmçinin yazıçı-tərcüməçi İmdat Avşarın timsalında qardaş Türkiyənin ədiblərinin də yazılarına yer verilib. Türk və Azərbaycan mədəniyyətini vəhdətdə göstərən dərgi qardaşlığın sənətdəki əksini də önə çəkib. 

Dərginin bu sayında sosial şəbəkələrin sürəti ilə ayaqlaşan redaksiya heyəti bir yeniliyə də imza atıb. Belə ki, dərginin mündəricatında QR kodunu oxutmaqla yeni başlayan “Baş redaktor təqdim edir” rubrikasını video-formatda izləmək imkanı yaranır. Bir neçə dəqiqədə dərgidəki yazıların ümumi ideyasını ifadə edən redaktor Pərvin Nurəliyeva “Qobustan”ın bu sayını niyə oxumalısınız?” sualının cavabını oxucularla bölüşür.



P.Nurəliyeva “525”ə açıqlamasında dərginin bu sayı ilə bağlı digər yenilikləri də bölüşüb: “Bu ildən qarşımıza yeni hədəflər qoymuşuq. Görünən odur ki, zaman internet və sosial şəbəkələr zamanıdır və bu vasitələrlə oxucuya çatmaq, ona xitab etmək daha doğrudur. Əlbəttə ki, bizdən ötrü bu, yeni bir yoldur, hələ incəlikləri öyrənməyə çalışırıq”.    



Dərgi redaktoru həmçinin onu da bildirib ki, bu sayın “Poeziya” əlavəsi də yaxın günlərdə işıq üzü görəcək: “Türkiyə sayının kitab əlavəsi də çapdadır. Yaxın zamanlarda çağdaş türk poeziyasının orijinal nümayəndələrindən biri Furkan Çalışkanın şeir kitabını da oxucularımıza təqdim edəcəyik. Şeirləri Azərbaycan dilinə şair Aysel Xanlarqızı çevirib”.

Qeyd edək ki, “Qobustan”ın bu sayını şəhərdə müxtəlif oxuculara hədiyyə etməklə təbliğat üsulu seçən dərgi əməkdaşları kitab sərgilərində, yarmarkalarda iştirak etmək niyyətindədilər. (Video)






















Bizi İnstagramda izləyin

Seçilən
21
2
Mənbələr
Şərh ()
Bağla