AZ

Mənim Bircəm - Tərlanə Yaqubqızı yazır

Mən Bircəni ilk dəfə müəllifi olduğu "Cəhənnəmdən keçmiş mələk" əsərini  oxuyanda tanımışam. Əvvəlcə müəllifin adı məni uzaqlara- xoşbəxt uşaqlıq dünyama apardı. Dörd bacıydıq, bircə sevimli babamız vardı. Aglım kəsəndən babamızı "Bircə baba" çagırırdıq.  Amma bizi tez tərk etdi, mən birinci sinifdə oxuyanda dünyasını dəyişdi. Elə ilk şeirimi də babamın vəfatına yazmışdım.Mənim üçün doğma, əziz bir adı daşıyan bu müəllifin  əsərini oxuyub tamamladıqdan sonra yeni hissəni səbirsizliklə gözləyirdim.  Həm də təkcə mən yox, böyük bir oxucu  ordusu romanın intizarında olurdu.Bu roman əslində Bircənin keçdiyi ağrılı- acılı həyat yolunun dastanıdır.Bu romanda Bircənin timsalında Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı var. İndiki zəmanəyə baxmayın, ötən əsrin ikinci yarısında doğulan qızların çoxunun həyatı Bircənin həyatına bənzəyir. Onun başına gələn acı- şirin hər şey çoxlarımızın başına gəlib. Onun keçirdiyi iztirabları çoxumuz keçirmişik. Onun faciəsini çoxumuz yaşamışıq. Bəlkə ona görə bu roman ilk gündən böyük marağa səbəb  olub. Aramızda Bircənin taleyinə oxşar  tale yaşayan o qədər qadın tanıyıram ki!  Biri mən özüm. Amma cəsarətini toplayıb bütün bunları qələmə alan bircə nəfərdir- Bircə.Mənim Bircəm!  Mənə o qədər doğma gəlmişdi ki, bir dəfə telefonla ona mesaj göndərdim.  Elə səmimi, elə mehriban idi ki! Hamıdan gizləndiyi halda mənimlə görüşməyə razı idi. İçimdən  çox qəribə duyğular keçdi. Bu, nə böyük səadət idi?!Sanki onunla görüşsəm, sevincdən ürəyim partlayacaqdı. O, mənim üçün nə qədər doğma olsa da, bir əfsanə, bir nağıl qəhrəmanı idi!  O, həqiqətən bir mələk idi!Bir dəfə çalışdığım Milli Kitabxanaya Həqiqət adlı yaşlı bir xanım gəlmişdi. Uzun illər müəllimlik edən bu qadının da həyatı çox faciəli idi. Mənə söylədi ki, sabah Bircə xanımla görüşəcək.  Deyəsən, bu qadın da avtobioqrafik əsər yazmaq istəyirdi. O qadına Bircəni görəcəyi üçün qibtə etdim, hətta bunu özünə dedim. Amma neyləyim, bu da mənim xarakterimdir. Bircə mənim üçün elə ideal, elə əlçatmaz bir xanımdır ki, illərdir ürəyimdə bu duyğu ilə yaşayıram. Elə bilirəm Bircə bir kövrək çiçək kimidir, ona yaxınlaşsam, əlindən tutsam, ləçəkləri ovulub yerə düşəcək. Məcnun öz Leylisinin həsrətindən əl çəkməyən kimi, mən də öz Bircəmi uzaqdan- uzağa, görməzə- bilməzə sevmişəm və sevəcəyəm.Bir də uzun illərin ayrılığından sonra " cəhənnəmdən keçmiş mələyin" öz cənnət Şuşasına getməyini eşidib çox sevinmişəm.Bu şeiri də  ona həsr etmişəm, üzünü görmədiyim, qəlbini gördüyüm və sevdiyim Bircə xanıma!Nələr gəlmədi başına?Qan qarışdı göz yaşına.Qadınların sirdaşına,Dostuna çevrilmiş mələk,Cəhənnəmdən keçmiş mələk.Hər bir dərdə yana-yana,Həyatı dönüb dastana.Qibtə edirəm dostuna,O bəxtəvər kimmiş, mələk?Cəhənnəmdən keçmiş mələk.Bir kəlmə sözdən anladı, Haqsızlıgı yamanladı.Qoruyub qoşa qanadıHamıdan gizlənmiş mələk,Cəhənnəmdən keçmiş mələk.Şirinimiz, acımızdır,Başımızda tacımızdır.Anamızdır, bacımızdır,Bu nə sehir, sirrmiş, mələk,Cəhənnəmdən keçmiş mələk.Bircəmizdir, birimizdir,Bəlkə də hər birimizdir.Dili nagıl dilimizdir.Ürəyi saf, geniş mələk,Cəhənnəmdən keçmiş mələk.Yazıb hər şeyin düzünü,Sevdirdi bizə özünü.İnsanlar o gül üzünüGörməsə də sevmiş, mələk.Cəhənnəmdən keçmiş mələk!Cəhənnəmdən keçmiş mələk! 

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla