AZ

Olavio Juninyo: “O açıqlama mövsümün sonunda olacaq”

“Qarabağ”ın hücumçusu Olavio Juninyo Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Ötən gün “Neftçi Arena”da baş tutan bu oyunda “Qarabağ” 4:0 hesabıyla qalib gələrək demək olar ki, cütün taleyini həll edib.

Qarşılaşmadan sonra Ağdam təmsilçisinin forvardı Juniniyo Arena.az-ın əməkdaşının suallarını cavablandırıb.

– Oyun haqda fikirlərin necədir? Artıq finala vəsiqəni təmin etdiyinizi söyləmək olar?
– Xeyr, hər oyun fərqlidir. Qarşıda hələ cavab oyunu var. Həmin matçı fikirləşməliyik.

– Belə böyük hesablı qələbəni gözləyirdin?
– Derbi derbidir. Hərə öz işini görməyə çalışır. Nəticəyə görə sevincliyik.

– Komandanızın dörd qoluna töhvə verə bilmədin. Bu cür hallar sənə necə təsir göstərir?
– Əsas nəticədir. Komandanın əldə etdiyi nəticəyə görə çox sevinirəm. Qol epizodu isə oyundakı situasiyadan asılıdır. Alınmayanda alınmır.

– Bu yaxında sosial şəbəkələrdə sənin dönər alarkən çəkilmiş videon yayıldı. Bu görüntülər həqiqəti əks etdirirmi və ayaqüstü yeməkləri sevirsənmi?
– Hərdən olur. İstirahət günləri şəhərə çıxanda, ürəyim istəyəndə, alıb yeyirəm.

– Ötən dəfə demişdin ki, menecerim gələndə transferlə bağlı açıqlama verəcəyəm. O məsələ nə yerdədir?
– Yəqin ki, o açıqlama mövsümün sonunda olacaq.

– “Neftçi” – “Qarabağ” matçını derbi adlandırdın. Hansı ki, 2021-ci ildən “Neftçi”nin komandanızla oyunlarda qələbəsi yoxdur. Bunu nə dərəcə derbi adlandırmaq olar?
– Mən bura gələndə belə deyilib deyə, mən də belə adlandırıram.

Xatırladaq ki, Olavio Juninyo “Neftçi” ilə matçda 90 dəqiqə meydanda olsa da, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib. Bu komandaların cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Nahid Ustaclı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
arena.az

1Mənbələr