AZ

Kubokda qalmaq “Qəbələ” üçün həm üstünlükdü, həm də problem

Mövsümün sonuna cəmi 8 tur qalıb. Hələ də “Qəbələ” elitada yerini qorumaq üçün birbaşa mübarizə apardığı “Kəpəz”lə aradakı xal fərqini azalda bilmir. İndi “qırmızı-qaralar”ın 16, “sarı-göylər”in 27 xalı var.

Bəli, “Qəbələ”nin son 8 oyunda nə qədər xal toplaya biləcəyi qeyri-müəyyənlikdi. Çempionatda keçirdiyi son 10 görüşdə qələbə qazana bilməyən bölgə təmsilçisi qarşıdakı 8 görüşdə maksimum nə qədər xal toplaya bilər? Çox maraqlı durum yaranıb. Ölkə kuboku uğrunda mübarizəni davam etdirmək “Qəbələ” üçün həm avantajdı, həm də dezavantaj. O mənada avantajdı ki, Avropaya məhz kuboku qazanmaqla yollanmaq, elitadan gedərkən klubun muzeyinə daha bir qənimət əlavə etmək, eləcə də avrokuboklarda iştirak sayəsində büdcəni bir qədər zənginləşdirmək olar. Amma kubokda mübarizəni davam etdirmək iki turnirdə oynamaq deməkdi ki, məhdud kadr potensialına malik “Qəbələ”, sadəcə, buna qadir deyil. İstənilən halda, ölkədə ən yaxşı infrastruktura malik klublardan birinin 1-ci liqanın yolunda olması heç də yaxşı hal deyil. Belədə, təbii ki, klubun maliyyələşməsində də, akademiyanın fəaliyyətində də problem yaranacaq.

Ötən mövsüm Elmar Baxşıyevin rəhbərliyi altında ölkə kubokunu qazanan komandanın bu mövsüm düşdüyü böhrandan çıxması hələ ki, qeyri-mümkün görünür. Klub rəhbərliyi həyəcan təbilini çalsa da, Səbuhi Səfiyarlı, uzun illər ölkəmizdə çalışan Kaxaber Sxadadze kimi təcrübəli futbol adamlarını düşərgəyə cəlb etsə də, “qırmızı-qaralar” hələ də bu uçurumdan xilas ola bilməyib. Görəsən, Qəbələ təmsilçisinin premyer-liqada qalmaq şansı varmı? Yaxud da elə bir həll yolu mümkündürmü ki, ölkənin ən yaxşı akademiyaya və infrastruktura sahib klublarından birini elitada saxlaya bilək? Durumu aydınlaşdırmaq üçün təcrübəli mütəxəssis Aslan Kərimova tribuna verdik:

“Riyazi cəhətdən, təbii ki, şansları qalıb. Məsələnin praktiki tərəfinə baxanda isə çətin görünür. 11 xallıq fərqi bağlamaq qeyri-mümkündü. Çünki “Kəpəz” “Qarabağ”dan başqa istənilən rəqibdən xal ala bilir. Doğrudu, “Qarabağ”a böyük hesabla məğlub oldu. Amma “Qarabağ” ölçü vahidi deyil. Yəni “köhlən atlar” istənilən rəqibə böyük hesabla qalib gələ bilər. İnanmıram ki, “Kəpəz” bundan sonrakı qarşılaşmaların hamısında məğlub olsun, “Qəbələ” isə qalib ayrılsın. Praktiki baxımdan bu, həddən artıq çətindi. “Qırmızı-qaralar” üçün yalnız bir variant var. Reqlamentə hansısa əlavənin olunması, ölkə çempionatında iştirakçı sayının artırılması. Açığı, buna da bir o qədər inanmıram”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
football-plus.az

1Mənbələr